İranda ciddi nələrinsə olacağı açıq görsənir. 2 aydan çoxdur davam edən və durulmaq bilməyən son üsyanlar əvvəlkilərdən xeyli fərqlənir.
Hazırkı İranın 2011-ci ilin mart-iyul ayları arası Suriyaya bənzərliyi var. “Mülki üsyanlar” dövrü kimi yadda qalan bu period, Suriya vətəndaş münaqişəsinin birinci fazası sayılır.
Düzdür, bir çox ekspertlər “iranlı” identikliyinin (üstkimliyin) “suriyalı” identikliyindən daha güclü olduğunu, bu səbəbdən İran cəmiyyətinin vətəndaş müharibəsinə qarşı daha dayanıqlı olacağını iddia edir. Bu fikirdə müəyyən həqiqət var. Ancaq 2011-ci ildə Suriyada da kimsə “Suriya parçalansın, vətəndaş müharibəsi başlasın” deyə çölə çıxmamışdı…
Misirdə inqilabın uğurlu yekunlaşmasından cəsarətlənən 14-15 yaşlarındakı bir qrup gənc 2011-ci ilin mart ayının əvvəlində Dara şəhərində divarlara “xalq nizamı dəyişdirmək istəyir” şüarını yazmışdı. Cavab tədbirlərinə gənclərə işgəncə verməklə başlayan Bəşər Əsəd, 4 ay ərzində bir sıra ciddi səhvlərə yol verdi və 2 mindən çox insan həyatını itirdi. 29 iyulda bir qrup zabit rejim ordusundan ayrılaraq “Azad Suriya Ordusu”nu qurduqlarını açıqladı. Bununla da vətəndaş münaqişəsinin birinci fazası, yəni mülki üsyanlar periodu bitdi. 2012-ci ildə Körfəz ölkələrinin də maliyyələşdirdiyi, CIA-nın Suriya müxaliflərinə silah ötürməsini nəzərdə tutan “Timber Sycamore” əməliyyatı aktivləşdirildi.
Göründüyü kimi, İrandakı üsyanlar da Suriyada olduğu kimi “nizam dəyişikliyi” motivasiyasındadır. İranda da Suriyada olduğu kimi üsyanlara rəhbərlik edən müəyyən lider qrupu yoxdur, bu da üsyanı xarici müdaxiləyə çox açıq hala gətirir. Ona görə, “Azad İran Ordusu”nun qurulması da elə də uzaqda olmaya bilər.
Bu mənada, İran rəhbərliyinin üsyanlara qarşı davranışı hadisələrin gedişatında əsas rol oynayacaq. Hələ ki, tərəddüddə qaldığı görünən İran rəhbərliyi ölkədə “Suriyanizasiya” ssenarisinin səhnəyə qoyulduğunu tez-tez dilə gətirir. Aydındır ki, bu, daxili üsyanlara geosiyasi görüntü vermək məqsədi daşıyır, amma hazırda İrana qarşı çox böyük və effektiv informasiya müharibəsinin aparıldığı da reallıqdır. Böyük ehtimal bu, təkcə informasiya müstəvisində qalmayacaq, ardı da gələcək…
İran rəhbərliyinin “Suriyalaşma” sözünü dilə gətirməsi çox qan töküləcəyinin xəbərçisidir… Yəqin ki, İrandakı mümkün vətəndaş müharibəsinin ətraf regionlara nələr vəd etdiyindən xüsusi danışmağa ehtiyac yoxdur…
Şərqə Baxış Analitik Mərkəz
Paylaş: