Qərbi Avropada bir müddətdir hakimiyyətdə olan və miqrantları potensial seçicisi kimi görən sol partiyaların yürütdüyü liberal miqrasiya siyasəti vədedilən uğurlu inteqrasiya və multikulturalizmi yarada bilməyib, bu da sözsüz ki, reaksiyalar yaradır. Çox yəqin ki, növbəti onilliklərdə Avropada sağcı hökumətlər dövrü yaşanacaq. İsveç örnəyi maraqlıdır. Sentyabr ayında Skandinav ölkəsində az qala bir əsrə yaxındır hakimiyyətdə olan sosial demokratlar iqtidarı sağ cəbhəyə uduzdu. Sağ partiyaların yüksəlişinin əsas səbəbi də miqrant problemidir. Avropada qaranlıq keçmişi olan sağ cəbhənin yüksəlişi də başqa təhlükələr vəd edir.
Qısası, Avropanın gələcək siyasi mənzərəsinin ən çox miqrant problemi ətrafında formalaşacağını iddia etmək olar. Nəzərə almaq lazımdır ki, böyük köçlər və miqrasiya məsələsi tarixdə bir neçə dəfə Avropa qitəsinin demoqrafiyası və siyasi strukturunu dəyişib, yəni, bu problem Avropanın genetik yaddaşında var.
Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı PKK-a Fransanın açıq şəkildə himayəçilik etməsinə gəldikdə, təbii ki, Türkiyə ilə barışmaz geosiyasi rəqabətdə olan Fransanın PKK, Ermənistan, Yunanıstan kimi türk düşmənlərini gücləndirməsi və bunlardan rıçaq kimi istifadə etməsi anlaşılandır. Bu siyasətin az qala 2 əsrlik tarixi var. Əvvəllər milli azlıqlar kimi istifadə olunanlar, indi terror təşkilatı və ya dövlət olaraq eyni funksiyanı davam etdirirlər. Dövlətlərarası münasibətlərdəki tarixi refleksləri müasir hüquqi mexanizmlər limitləyə bilməz. Böyük dövlətlər arasında rəqabətin arxaplanını əsasən tarix, ənənə, əsrlərdir dəyişməyən strategiyalar təşkil edir.
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz
Paylaş: