Xəbər lenti


Strateji düşüncə qabiliyyəti uzun vədəli planlar qurma imkanı deməkdir. Xüsusilə dövlətlər yalnız gündəlik hədəflərlə kifayətlənməməli, yürüdülən xarici siyasətin sabah hansı nəticələr doğuracağını hesablamalıdır. Əks halda burnunun ucundan o tərəfi görməyən xarici siyasət yürüdən dövlətlərin ömürləri də qısa olar, qaş düzəltdikləri yerdə gözü itirmək təhlükəsi ilə qarşılaşa bilər. 

 

Bu gün “İslam Respublikası” kimi qulağa xoş gələn ideyanı əlində dəstəvuz edib, əhalisinin 98%-I müsəlman olan Azərbaycana qarşı erməniləri dəstəkləyən İran da strateji düşünmə potensialını itirmiş kimi görünür. Açıq-aşkar ermənipərəst siyasətilə nəinki ən yaxın qonşusunu, hətta öz əhalisinin mühüm hissəsini də bir ovuc erməninin maraqlarına qurban verən İranın bu hərəkətləri İrəvanda da ciddi narahatlıqlar yaradır. Erməni ideoloqlar belə, İranın quyruğuna bağlanmağın ağır nəticələri ilə üzləşəcəyindən ehtiyatlanıb Paşinyan hökumətindən Tehranla flörtü dayandırmağı tələb edirlər. Bu tendensiyanın getdikcə genişlənməsi yaxın zamanlarda İrəvanın da İrandan üz döndərməsi ilə nəticələnə bilər.

 

Erməni yazar Tevos Arşakyan qələmə aldığı “İrəvan mayallağı: Rusiyadan Qərbə, Qərbdən İrana” adlı məqaləsi də bu təhlükədən bəhs edir. 

 

Ovqat.com məqalənin bəzi mühüm hissələrini oxucuların diqqətinə çatdırır:

 

“2020-ci il hər şeyi öz yerinə qoydu - Moskva bizi Azərbaycan-Türkiyə tandemi ilə təkbaşına buraxdı. Müvafiq olaraq, təxminən 2021-ci ilin sonlarından Yerevan həm Rusiyadan, həm də onun rəhbərlik etdiyi təşkilatlardan - KTMT və Aİİ-dən uzaqlaşaraq, öz xarici siyasət istiqamətlərində getdikcə daha çox Qərbə yönəldi. Paşinyan və Mirzoyanın Brüsselə, Parisə, Vaşinqtona çoxsaylı səfərləri, eləcə də Aİ missiyasının Ermənistana uzunmüddətli dəvəti göstərdi ki, bizim hakimiyyət nəhayət, ölkənin yönünü ciddi şəkildə Qərbə doğru dəyişməyə qərar verdi. Qərb mediasında və paytaxtlarında həm bütövlükdə regionda, həm də xüsusilə “Artsax”da baş verən hadisələrdə ermənipərəst mövqe üstünlük təşkil etməyə başladı. Və birdən-birə, bu yaxınlarda anlaşılmaz bir şey baş verdi. Üstəlik, həm Qərb tərəfdaşlarımız üçün, həm də erməni əhalisinin müəyyən hissəsi üçün. Söhbət bizim hakimiyyət orqanlarının İranla açıq-aşkar flörtlərindən gedir.

 

Şübhəsiz ki, 1990-cı illərdə çətin blokada vəziyyətinə düşmüş Ermənistana yardım göstərilməsində İran mühüm rol oynayırdı. Biz xalq olaraq bunun üçün cənub qonşumuza hədsiz minnətdarıq. Sonrakı illərdə Ermənistan-İran əməkdaşlığı həm iqtisadi, həm də siyasi sahədə yüksəlişdə idi.

 

Bizim o vaxtkı strateji müttəfiqlərimiz Ermənistan-İran münasibətlərinin inkişafına müsbət yanaşırdısa, indi vəziyyət kökündən dəyişib. Bizim tam sürətlə can atdığımız Qərb İrəvanla Tehranın əməkdaşlığını qətiyyən bəyənmir.

 

Qərb tərəfdaşlarımız, ilk növbədə, Brüssel və Vaşinqtonda bu barədə bizim hakimiyyət orqanları ilə demək olar ki, açıq danışırlar. Və bu, başa düşüləndir. Axı Qərb demək olar ki, hər gün İrana nüvə proqramına, demokratik etirazların yatırılmasına və Rusiyanın Ukraynaya təcavüzünə verdiyi dəstəyə görə təzyiqləri artırır. Yerevanla Tehran arasında hər hansı əməkdaşlıq Aİ və ABŞ-da dərin narazılığa səbəb olur.

 

Bəs Yerevanın özü necə? Biz isə Qərbə diqqət yetirməməyə çalışırıq. Üstəlik, bu günlərdə hakimiyyətimiz İranı daha çox tərifləmək yolunda rəqabət aparır. Belə ki, Paşinyan İslam İnqilabının 44-cü ildönümü münasibətilə Xamneyi və Rəisiyə təbrik mesajları göndərərək, Ermənistan-İran münasibətlərini “sarsılmaz” adlandırıb.


“Əminəm ki, birgə səylər nəticəsində biz dövlətlərarası əməkdaşlığı yeni səviyyəyə çıxara biləcəyik, onun çoxsahəli gündəliyi iki dost xalqımızın rifahı və ölkələrimizin təhlükəsizliyi naminə daha da genişlənəcək”, - Paşinyan bildirib.

 

Üstəlik, bizim ekspertlərimiz birdən-birə erməni-İran sivilizasiya birliyindən ciddi şəkildə danışmağa başlayıblar.

 

Aydındır ki, bəzi məsələlərdə Ermənistan və İranın mövqeləri üst-üstə düşə bilər. Məsələn, Mehri dəhlizi məsələsində. Amma başa düşmək lazımdır ki, İran burada öz maraqlarını güdür və Ermənistanın maraqlarını düşünmür. İranlıların indi Azərbaycanla münasibətləri gərginləşib və bu, bizim üçün sərfəlidir.

 

Amma Bakı ilə Tehran öz aralarında razılığa gələn kimi  (onları bağlayan dini amili nəzərə alaraq, gec-tez bu yaxınlıq baş tutacaq)  iranlılar vicdan əzabı çəkmədən bizdən üz döndərəcəklər. Yoxsa İran tərəfinin Bakını “qələbə” və “ərazi bütövlüyünün bərpası” münasibətilə necə təbrik etdiyini unudubsunuz?

 

Başa düşməliyik ki, əgər bizi Qərb yönləndirirsə, o zaman diqqətimizi yalnız Qərbin siyasətinə yönəltməliyik, əks halda hər şeydən geri qalma riskimiz var. Keçiddə at dəyişdirmirlər - Rusiyanın boğucu qucağından xilas olmuşuqsa, ölkəmizi demokratik modellə qurmaq istəyiriksə, özümüzü gələcəkdə Qərb ictimaiyyətinin sıralarında görməli və buna uyğun olaraq , təhlükəsizliyimizi Qərblə əlaqələndirməliyik, o zaman cənub qonşumuza qarşı çox diqqətli olmalıyıq. Yenə də İran və Ermənistanın maraqlarının qısamüddətli üst-üstə düşməsi səbəbindən onunla oynamaq olar, amma burada əsas məsələ çox oynamamaqdır. Axı İrəvanın xarici siyasətdəki bu yellənişi Qərbdə də aydın görünür. O tərəf-bu tərəfə çox yellənmək, bildiyimiz kimi, heç də həmişə yaxşı bitmir.

 




Ana səhifəyə qayıt        Baxış: 6 075          Tarix: 12-02-2023, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma