NATO-nun müdafiə nazirləri fevralın 14-15-də Brüsseldə görüşəcəklər.
Ovqat.com-un məlumatına görə, alyansın Baş katibi Yens Stoltenberq dünən NATO-nun Brüsseldəki qərargahında jurnalistlərə verdiyi brifinqdə belə deyib.
Baş katib bildirib ki, bu gün Brüsseldə işə başlayacaq NATO müdafiə nazirlərinin toplantısında alyansın qarşısında dayanan məsələlər, o cümlədən müdafiə imkanlarının gücləndirilməsi, hərbi sənaye potensialının artırılması və mühüm infrastrukturun qorunması ilə bağlı qərarlar müzakirə ediləcək.
Onun sözlərinə görə, müzakirəsi nəzərdə tutulan mövzular arasında NATO-nun Ukraynaya “nə qədər” dəstək verməyə hazır olması kimi məsələlər də var
“Biz birlikdə Ukraynanın təcili ehtiyaclarını həll etməyə çalışacağıq”, - deyən Stoltenberq bildirib ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov da müzakirələrə qatılacaq və həmkarları ilə fikir mübadiləsi aparacaq.
Nazirlər həmçinin NATO-nun “Rusiya təhdidləri” kimi gördüyü “Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya praktiki dəstəyin” necə artırılmasını da müzakirə edəcəklər.
NATO komandanlığı altında hava və dəniz qüvvələrinin dəstəyi ilə Şimali Atlantika Alyansının şərq cinahında 40 min hərbçinin yerləşdirildiyini və döyüş qruplarının sayının 4-dən 8-ə iki dəfə artırıldığını xatırladan Stoltenberqin fikrincə, bugünkü toplantıda “uzunmüddətli perspektivdə qüvvələr və imkanlar”ın mövcudluğu müzakirə olunmalıdır. Baş katib “müttəfiqlərin NATO-nun müdafiə planlaması ilə bağlı yeni təlimatlar üzərində razılığa gəlməsinə” ümid edir.
"Nazirlər həmçinin hərbi-sənaye potensialımızın gücləndirilməsi və ehtiyatların artırılması üzrə tədbirlərə diqqət yetirəcəklər", - Şimali Atlantika Alyansının rəhbəri bildirib. O, qeyd edib ki, Ukrayna hadisələri zamanı böyük miqdarda silah-sursat istehlak edib və müttəfiqlərin ehtiyatları tükənib: “Ukraynada sursat istehlakının hazırkı tempi bizim hazırkı istehsal tempimizdən qat-qat yüksəkdir. Bu, müdafiə sənayemizdə gərginlik yaradır. Məsələn, iriçaplı döyüş sursatlarının istehsalı və çatdırılması müddəti 12 aydan 28 aya yüksəlib. Sifarişlər bu gün verilir, yalnız iki il yarımdan sonra istehsal olunub sifarişçiyə çatdırıla bilir. Ona görə də biz hasilatı artırmalı və istehsal müəssisələrimizə sərmayə qoymalıyıq”, - NATO-nun baş katibi bildirib.
Stoltenberq vurğulayıb ki, müdafiə nazirlərinin toplantısının gündəliyində mühüm yer tutan məsələlərdən biri NATO ölkələrinin kritik infrastrukturunun qorunması olacaq. “NATO uzun illərdir ki, bunun üzərində işləyir və biz bu işi yeni səviyyəyə qaldırırıq. Mən zəifliklərimizi xəritələşdirmək və hərbi sənaye kompleksi ilə qarşılıqlı əlaqə yaratmaq üçün NATO-nun qərargahında yeni koordinasiya qrupu yaratmağa qərar verdim. Sualtı kabellər və boru kəmərləri də daxil olmaqla kritik əhəmiyyətli infrastruktur layihələrinin təhlükəsizliyini qorumalıyıq”, - Stoltenberq deyib.
O hesab edir ki, NATO-ya üzv ölkələrin liderləri təşkilatın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində bu sahədə işlərin intensivləşdirilməsi ilə bağlı növbəti qərar qəbul edəcəklər.
NATO-nun Baş Katibi əlavə edib ki, “Biz həmçinin kritik infrastrukturun davamlılığı üzrə NATO-Aİ İşçi Qrupu vasitəsilə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edəcəyik”.
Stoltenberq "NATO-nun bütün sahələrdə uyğunlaşmasının davam etdiyini" bildirib. O cümlədən, getdikcə daha çox "sıxlıq və rəqabət" halına gələn kosmosda. "Mən gözləyirəm ki, bu həftə NATO ölkələrindən kəşfiyyat və müşahidəmizi təkmilləşdirəcək, alyansın missiya və əməliyyatlarına dəstək verəcək milli və kommersiya peyklərindən ibarət yeni virtual şəbəkənin yaradılmasına razılıq verəcəklər", - baş katib bildirib.
NATO-nun Baş katibi gözləyir ki, bu, üzv dövlətlərə alyansın komanda strukturu ilə kosmik məlumatların mübadiləsini genişləndirməyə imkan verəcək, həmçinin naviqasiya, rabitə və raket buraxılışlarının erkən xəbərdarlığına kömək edəcək. Onun fikrincə, qarşıya qoyulan bütün məqsədlər müdafiə sektoruna daimi investisiya qoyuluşunu tələb edir, buna görə də nazirlər Brüsseldə müdafiə xərclərinin artırılmasını müzakirə edəcəklər.
"Avropalı müttəfiqlər və Kanada səkkiz il ardıcıl olaraq xərclərini artırdıqları üçün düzgün yoldadır. Və əlavə olaraq 350 milyard dollar xərclənib. Biz bu il müdafiə xərclərinin daha da artacağını görəcəyik. Bu həftəki qərarlarımız iyulda Vilnüsdə keçiriləcək sammitimizə yol göstərəcək və xalqlarımızı daha təhlükəli dünyada qorumağa kömək edəcək”, - Stoltenberq yekunlaşdırıb.
Paylaş: