Xəbər lenti


 

Son iki ildə Ermənistan kimliyindən asılı olmayaraq bütün tərəfdaşlara kömək çağırışları etmişdir. Ermənistan hədəfə çatmaq üçün Azərbaycan, Türkiyə və Rusiyanın xarici ölkələrlə yaşadığı problemlərdən maksimum istifadə etmiş və ölkənin bütün diplomatik imkanları və diaspor resurslarını səfərbər etmişdir. Bunu baş nazir, xarici işlər naziri və TŞ katibinin səfər, görüş və bəyanatlarından aydın görmək olar.

 

Rusiya↔KTMT

 

KTMT və Rusiya ilə yaxın münasibətlər təhlükəsizliyin artırılması, silahlı qüvvələrdə islahatların həyata keçirilməsi və yeni silah/hərbi texnikanın əldə edilməsi baxımından vacib idi. Şərti sərhəddə ilk toqquşmalardan sonra KTMT çərçivəsində çoxsaylı görüş, müzakirələr, habelə KTMT-nin cavab təşəbbüsləri Ermənistan üçün müsbət nəticələr vermədi. Ermənistanın istək/gözləntilərinə rəğmən KTMT Azərbaycanı “təcavüzkar” adlandırmadı, Rusiya isə Ermənistanın 44 günlük müharibədə boşalmış silah anbarlarını yeni silahlarla doldurmağa tələsmədi. Hazırda Ukrayna müharibəsi səbəbindən Rusiya bunu istəsə belə etmək iqtidarında deyil.

 

Ermənistan KTMT-dəki bütün üzvlük potensialını israf etdi. Tarixən Yaxın Şərq ölkəsi olub, Avropa sivilizasiyasının bir hissəsi olmağı hədəfləyən Ermənistan, Avrasiya və Mərkəzi Asiyanı prioritet sayan hərbi-siyasi (KTMT) və iqtisadi (Aİİ) blokların üzvü idi. Bu kövrək konstruksiyanın bütün ziddiyyətləri Ermənistanın əsas donor ölkəsi sayılan Rusiyanın resurslarının məhdudlaşmasından sonra üzə çıxdı.

 

İranla toksik əməkdaşlıq 

 

Rəsmi Tehran ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünə dəstək oldu: → Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında hərbi təlimlər keçirdi; → Qafanda öz konsulluğunu açdı. Bundan savayı, mövcud məlumata görə İran Ermənistana silah-sursat və Qarabağa isə Ermənistan ərazisi vasitəsilə inşaatçı/diversantlar göndərir. İran generallarının hədələyici bəyanatlarına baxmayaraq, Azərbaycan Ermənistanın 2022-ci il sentyabr təcavüzünə adekvat cavab verdi. İran diversantlarının Qarabağa daxil olması isə Laçın yolunda böyük duruşun əsas səbəblərindən oldu.

 

Hindistan

 

Son aylar Ermənistan-Hindistan münasibətlərində yüksək dinamika müşahidə edilir. Hindistandan alınan hərbi texnika isə Nyu-Dehlinin regionda maraq subyektinə çevrildiyini deməyə əsas verir. 30 illik təcrübə Azərbaycanla qarşıdurmada Ermənistana edilən siyasi yatırımların dividend gətirmədiyini göstərir. Bununla belə, bu ölkənin milliyyətçi rəhbərliyi Ermənistanı seçdi. 

 

ABŞ

 

ABŞ Ermənistandan Azərbaycanın neytrallaşdırılması məqsədilə siyasi təsir vasitəsi kimi istifadə edir. Lakin, ABŞ-ın Gürcüstan və Azərbaycanda obyektiv maraqları + Ermənistanın KTMT və Aİİ-yə üzvlüyü + Rusiya ilə ikitərəfli müttəfiqliyi İrəvanla yaxın münasibətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırır. Həm də Vaşinqton İrəvana silah verib, onun təhlükəsizliyinə zəmanət verə bilməz! 

 

Fransa – Aİ

 

ABŞ üçün aktual məhdudiyyətlər Fransa-Ermənistan münasibətlərinə oxşar təsir göstərmir. Öz siyasi xəttini reallaşdırmaq məqsədilə Fransa Aİ potensialından (Aİ missiyasının uzadılması) tam olaraq yararlanır. Təhlükəsizlik sahəsində əməkdaşlıq silah satışı səviyyəsinə çatmasa da, Fransa Ermənistana siyasi dəstək və kəşfiyyat təminatı verir. 

 

Nəticə

 

Birtərəfli öhdəliklər olmur – bu ikiistiqamətli yoldur, təkcə ziddiyyətlərlə uzağa getmək olmur. Beynəlxalq aləmdə Ermənistandan artıq müvafiq addımlar tələb olunur. Vaxt ötdükcə tələblərin sayı və çəkisi artacaqdır. İsrail İranın Ermənistandakı nümayəndəliyinin genişlənməsinə və İranın erməni diasporunun potensialından istifadə etməsinə kənardan baxmayacaq. Rusiya/İran-Qərb qarşıdurması dərinləşməyə doğru gedəcək və bu güclərin Ermənistandan tələbləri daha da artacaqdır. Hazırda Ermənistan ərazisində Rusiya hərbçiləri ↔ Aİ missiyası ↔ İran “inşaatçıları” ↔ ən böyük ABŞ səfirliyi yerləşir.

 

“Ermənistanın təhlükəsizlik sistemi” adlanan bu “qatlı tort” münaqişə potensialına malikdir. İstənilən anda bu “qatlar” Ermənistanın öz ərazisində bir-biri ilə açıq münaqişəyə girə bilər.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 093          Tarix: 20-02-2023, 06:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma