Xəbər lenti


Prezident İlham Əliyevin Münxendə keçirdiyi tədbirlərdən ən yadda qalanı Quzey İraq Kürd Muxtariyyətinin rəhbəri Neçirvan Bərzani ilə görüşü oldu. 

 

Məsələ burasındadır ki, bəzən ictimaiyyətimizdə Azərbaycanın və Türkiyənin dövlət maraqlarına qarşı yaradılan PKK terror təşkilatı ilə hazırda Neçirvan Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyası (KDP) qarışdırılır, iki təşkilat arasında hansısa üzvi əlaqələr qurulur. Halbuki, kürd siyasi təşkilatları arasında PKK-ya ən çox nifrət bəsləyən təşkilat bəlkə də KDP-dir. Uzun illərdən bəri Quzey Kürdüstanda hakimiyyətdə olan KDP hər zaman PKK ilə açıq ziddiyyətdə olub və bəzən bu ziddiyyət düşmənçilik həddinə yüksəlib. Təsadüfi deyil ki, PKK 7 il bundan əvvəl Kərkükdən Türkiyənin Ceyhan limanına çəkilən neft boru xəttini partladanda KDP həmin terror təşkilatını kürdlərin milli maraqlarına zərər vuran “anti-milli” örgüt kimi xarakterizə etmişdi. Bu hadisədən əvvəl və sonra da KDP və PKK arasında hər zaman ciddi qarşıdurmalar özünü büruzə vermişdir. Bu baxımdan İlham Əliyevlə Münxendə görüşən Neçirvan Bərzani Türk düşməni deyil, əksinə hər zaman Ankara ilə yaxın münasibətlərdə olmuşdur. Təəccüblü deyil ki, Münxen görüşündə həm İlham Əliyev, həm də Neçirvan Bərzani tərəflərin hər ikisinin Türkiyə ilə strateji əlaqələri üzərində xüsusilə dayanıb dövlətlər arası münasibətlərin 2 tərəfli deyil, 3 tərəfli (Türkiyə-Azərbaycan-Kürd Muxtariyyəti) şəkildə qurulacağına eyham vurdular. İraq Kürd Muxtar hakimiyyəti ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırdı ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər. İlham Əliyev də öz növbəsində Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu dilə gətirərək perspektivdə üçtərəfli əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilə biləcəyini deyib Neçirvan Bərzaninin fikirlərini dəstəklədi.

 

Xatırladaq ki, Neçirvan Bərzani Münxenə gəlməmişdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanı ziyarət etmiş və ikili arasındakı görüş qapalı keçirilmişdi. 14 fevral tarixində keçirilən bu görüş ilk baxışda Türkiyədə baş verən zəlzələ fəlakətinə həsr olunsa da, iki lider arasında danışıqların mediaya yansıdılmaması həmsöhbətlərin danışıqlarda gizli gündəmin də olmasından xəbər verir.

 

Sual oluna bilər: Azərbaycan və Türkiyənin Quzey İraq hökuməti arasında hansı 3-tərəfli əlaqələri ola bilər?

 

Zənnimizcə, hökumətlər qarasında qurulacaq ilk 3-tərəfli əlaqə enerji əməkdaşlığı sahəsində mümkündür. Məlum olduğu kimi, həm Azərbaycan, həm də Quzey İraq Türkiyə ilə enerji alış-verişində bulunurlar. Azərbaycan öz neft və təbii qaz resurslarını Avropa bazarına Türkiyə vasitəsilə çıxarır. Quzey İraq Muxtariyyəti də eyni yolu tutur və Kərkükdəki yataqlardan çıxardığı enerji daşıyıcılarını Türkiyənin Ceyhan limanına nəql edir. 

 

Məlum olduğu kimi, Azərbaycan ötən il Avropa İttifaqı ilə bağladığı enerji sazişlərinə görə, “qoca qitə”yə qaz ixracını artıracaq. İndiyədək TANAP-TAP layihələri çərçivəsində Azərbaycan ildə 16 milyard kub metr qaz ixrac edir. Onun 10 milyard kub metri Türkiyəyə, cəmi 6 milyard kub metri isə Şərqi Avropa ölkələrinə göndərilir. Avropa İttifaqı ilə bağlanan sazişlər çərçivəsində Azərbaycanın qaz ixracını ildə 20 milyard kub metrə çatdırması planlaşdırılır. “Hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni biz onu 20 milyard kubmetrə çatdırmalıyıq", - Prezident İlham Əliyev oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində demişdi. 

 

Azərbaycan əgər TAP-la qaz nəqlini 20 milyard kub metrə yüksəldəcəksə, deməli, Türkiyəyə əvvəlki həcmdə qaz verməyəcək. Sözsüz ki, bu, Türkiyənin də razılığı ilə baş tuta bilər. Belə çıxır ki, Türkiyə TANAP-dakı payından imtina edəcəksə, alternativ qaynaqlardan qaz almalıdır. Zənnimizcə, bu qaynaqlardan biri İsrail qazıdırsa, digəri Quzey İraqın enerji resursu ola bilər. Görünür, tərəflər əlavə kəməri çəkməmək üçün TANAP-TAP layihəsilə Türkiyəyə nəql olunan qazın hamısını birbaşa Avropaya nəql etməyi planlaşdırırlar. Türkiyənin TANAP-dan aldığı ildə 10 milyard kub metr qaz isə digər alternativ qaynaqlardan təmin olunacaq.

 

Quzey İraq nə qədər neft ixracatçısı olsa da, onun da ciddi qaz resursları var. İraqın ən böyük qaz yataqlarından ikisi bu bölgənin Xor Mor və Çemçamal ərazisində yerləşir. Hər iki yataqdan gündə təxminən 13 milyon kubmetr qaz hasil edilir. Kürdüstan qazının İraqdan kənar bazarlara çatdırmağın ən asan yolu isə KDP-nin nəzarətində olan ərazilərdən şimala - Türkiyəyə nəql etməkdir. Amma burada incə bir problem də var. Həmin qaz yataqları Bərzani əşirəti ilə açıq konfliktdə olan Təlabanilərin nəzarətindəki bölgədə yerləşir. Təlabanilər isə İranın təsir dairəsindədir və Tehran bu bölgənin qazının Türkiyəyə nəqlinə razı deyil. 

 

Bununla belə, hər iki yataq hər iki yataqda qaz çıxarmaq səlahiyyəti “Dana Gas” və onun törəmə şirkəti olan “Crescent Petroleum” konsorsiumu olan “Pearl” şirkətinə məxsusdur. “Pearl” Konsorsiumu növbəti bir neçə il ərzində hasilatı iki dəfə artıraraq gündəlik 28 milyon kubmetrə çatdırmağı planlaşdırır ki, bu da yerli ehtiyacları ödəmək üçün kifayətdir. Bundan əlavə, Quzey İraqın təsdiqlənmiş qaz ehtiyatları 425 milyard kub metrdir və mütəxəssislərin fikrincə, hasilatı sutkada 42 milyon kubmetrə qədər artırmaq olar və bu da əhəmiyyətli ölçüdə qaz ixracına şərait yaradır. 

 

Nəzərə alsaq ki, İrana bağlı olmasına baxmayaraq, Təlabani əşirətinin də öz qazını başqa xarici bazara satmaq şansı yoxdur, onun əvvəl-axır reallıqla razılaşacağı təxmin olunur və böyük ehtimalla bu razılıq əldə olunub. Mümkündür ki, bu razılıq əldə olunandan sonra Quzey İraq Muxtariyyətinin başçısı Azərbaycanın payından kvota almaq üçün İlham Əliyevlə görüşüb.

 

Yeri gəlmişkən, İlham Əliyevlə Neçirvan Bərzaninin Münxindəki görüşü iki hakimiyyət başçısı arasında ilk təmas da deyildi. Bundan əvvəl 2017-ci ilin yanvar ayında da İlham Əliyev  Davosda İraq Kürdüstan Regional Hökumətinin o zamankı başçısı Məsud Bərzani ilə görüşmüş və tərəflər energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılması barədə razılığa gəlmişdilər.

 

Azərbaycanla Quzey İraq Kürd Muxtariyyəti arasında yaxınlaşmanın əsas istiqamətlərindən biri də İran siyasəti ilə bağlı ola bilər. Sirr deyil ki, getdikcə öz xalqının nəzdində legitimliyini itirən İran ölkənin müxtəlif etnik qrupları arasında süni konfliktlər yaratmağa çalışır. Tehranın ən çox qorxduğu milli azlıqların başında isə Azərbaycan türkləri gəlir. Azərbaycan türklərinin yaşadığı bölgələrə İraqın şimalından qaçıb gəlmiş kürdləri məskunlaşdıran molla rejimi bununla həm güney qardaşlarımızın əl-qolunu bağlamaq, həm də Türkiyə ilə Cənubi Azərbaycan arasında bufer zona yaratmaq istəyir. Sözsüz ki, bu qanlı projenin qarşısını almaq, molla rejimindən sonrakı dövrlərdə baş verə biləcək qarşıdurmaları zərərsizləşdirmək üçün həm Türkiyənin, həm Azərbaycanın, həm də Quzey İraqın birgə fəaliyyətinə ehtiyac var. Zənnimizcə, region ölkələri arasında 3-tərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri də bu olmalıdır. Milli təhlükəsizlik konsepsiyası kimi qarşımızda dayanan bu istiqamətdə görüləcək tədbirlərin davamlılığı üçün mədəni-iqtisadi-ticari sahədə regional əməkdaşlıqlar artırılmalı və dostluq münasibətləri dərinləşdirilməlidir.

 

Heydər Oğuz,
 Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 201          Tarix: 25-02-2023, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma