Əfqanıstandan sonra ABŞ-ın Mərkəzi Asiyadakı (MA) mövqeləri zəifləsə də region Vaşinqtonun maraq obyektindən çıxmadı. Rusiya-Ukrayna müharibəsi səbəbindən MA-da yaranan geosiyasi vakuum ABŞ-a mövqelərini gücləndirmək şansını verir. Amerikalı diplomat R.Hoqlanda görə, Blinkenin səfəri ABŞ-ın Rusiyanı daha da təcrid etməyə çalışdığı bir vaxtda MA ilə təmaslar qurub, ittifaqları gücləndirmək üçün bir fürsətdir.
ABŞ-ın gözləntiləri
ABŞ MA-nın Rusiyadan asılılığını yaxşı başa düşür. Blinkenin köməkçisi D.Luya görə, ABŞ MA ölkələrindən “biz və Rusiya və ya biz və Çin arasında seçim etməyi xahiş etmir”. ABŞ region ölkələrinin cari siyasətini qənaətbəxş hesab edir. MA ölkələri Rusiyanı birbaşa tənqid etməsələr də separat ərazilərin müstəqilliyini də tanımadılar. Oktyabrda Qırğızıstan öz ərazisində KTMT təlimlərinin keçirilməsindən imtina etdi, dekabrda isə Özbəkistan prezidenti Bişkekə, Aİİ sammitinə getməkdən imtina etdi. Ölkələr bacardıqları qədər sanksiya siyasətini pozmamağa çalışırlar. Mərkəzi banklar “Mir” kartlarından istifadəyə qadağa qoyublar. Yalnız Qazaxıstan, ABŞ-ın Xarici aktivlərin idarə edilməsi üzrə nəzarət İdarəsinin (OFAC) razılığı əsasında fiziki şəxslərə “Mir” kartlarından istifadəyə icazə verir. Rusiyanı daha da təcridə məruz qoymaq üçün ABŞ Orta dəhliz kimi Rusiya ərazisindən yan keçən regional layihələrin reallaşmasına mane olmur.
Problemli məqamlar
Yüksək gözləntilərlə yanaşı ABŞ-ı narahat edən bir çox problemli məqamlar da mövcuddur. Bildiyimiz kimi, İran dronlarının ixrac üçün ilk zavodu Tacikistanda açılmışdır. Bu isə Tacikistanın dolayı yolla İran dronlarının Rusiyaya ötürülməsində iştirak etdiyini düşünməyə əsas verir. Özbəkistanın “Promcomplektlogistic” şirkəti Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlığa görə ABŞ-ın sanksiya siyahısına düşüb. Bəzi məlumatlara görə, Vaqner şirkəti müharibə üçün döyüşçüləri Türkmənistan həbsxanalarında verbovka edir. Statistikaya görə, Qırğızıstandan Rusiyaya teleskopik nişangahların tədarükü 7 dəfə artıb. Qazaxıstandan Rusiyaya ixrac olunan məişət texnikasındakı mikroçip və yarımkeçiricilər isə Rusiya tərəfindən Ukraynaya atılan raketlərin istehsalında istifadə edilir.
Rusiya faktoru
Müharibə Rusiyanın MA-da nüfuzunu zəiflətsə də, onu sıfra endirmədi. Qazaxıstandan fərqli olaraq ABŞ-ın digər MA dövlətləri ilə əlaqələri o qədər də sıx deyil. Özbəkistan bir il ərzində Rusiya ilə ticarət dövriyyəsini $7,5 mlrd.-dan $10 mlrd-a qədər artırmışdır. Qırğızıstan isə paralel idxal sayəsində Rusiyaya ixracını (ayda 80%) artıra bilmişdi. MA-nın təsir dairəsindən çıxmaması üçün Moskva region ölkələrinə çoxlu güzəştlər də edir: Tacikistanın bir neçə illik tələblərindən sonra Rusiya müxalif İslam İntibah Partiyasını terror təşkilatı kimi tanıdı; Qırğızıstan və Tacikistanın tələbi ilə Moskva hətta Rusiya vətəndaşlığına malik olan və Rusiyada gizlənən siyasi fəalları və keçmiş siyasətçiləri aktiv şəkildə deportasiya etməyə başladı. Tacikistan və Özbəkistan Aİİ üzvü olmasalar da, Rusiya hər iki ölkədən miqrant axınına mövcud məhdudiyyətləri aradan qaldırdı.
Nəticə
Rusiyanın təcavüzkar siyasətini dəstəkləməmə hələ MA-nın Rusiyadan üz döndərib, Qərbə meyl edəcəyindən xəbər vermir. MA 2014-cü ildə Krımın anneksiyasını, 2008-ci ildə isə Gürcüstana qarşı təcavüzü də dəstəkləməmişdi. Buna baxmayaraq Rusiya ilə münasibətlər yüksələn xəttlə inkişaf etmişdi. Rusiyaya qarşı tədbiq edilən sanksiyaların pozulmaması isə ilk növbədə iqtisadi məqsədəuyğunluq ilə izah olunmalıdır. ABŞ Rusiyanı MA-dan sıxışdırmaq istəyirsə regiona qapı olan Bakı ilə yaxın əlaqələr qurmalı və MA ölkələrinə real iqtisadi və təhlükəsizlik alternativi təklif etməlidir. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. isə MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etməyəcək.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: