Rusiyanın “MV Sparta IV” yük gəmisi Suriyadan yüklədiyi hərbi texnika və silahlarla Çanaqqala və Boğaziçi boğazlarından keçərək Qara dənizə daxil olub.
Ovqat.com-un məlumatına görə, xəbəri həftəlik “Naval News” nəşri yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi səbəbilə Türkiyənin bağladığı İstanbul boğazından hərbi yük daşıyan rus gəmisi keçib. Halbuki, Montrö Konvensiyasına əsasən bağlanan boğazdan yalnız ticarət gəmiləri keçə bilər. İddiaya görə, Rusiyanın Montrö Konvensiyasını pozması hərbi yük daşıyan gəmiyə humanitar yardım görüntüsü verməsi ilə mümkün olub. Belə ki, Rusiyaya məxsus “MV Sparta IV” yük gəmisi fevralın 6-da baş verən zəlzələlərdən sonra Suriyanın Tartus limanına humanitar yardım gətirib, daha sonra öz hərbi bazasındakı texnika və silahları gəmiyə yükləyərək Çanaqqala və İstanbul boğazlarından keçirib.
““MV Sparta IV” gəmisi göyərtəyə qoyulmuş konteynerlərdə humanitar yardım çatdırıb və ambarları boş olub. Suriyadan qayıtmazdan əvvəl boş lyuklar açılıb, hərbi texnika və silahlar doldurulub. Beləliklə, Rusiya Qərbin sanksiyalarından və Montrödən yan keçərək, hərbi texnikalarını Qara dənizə gətirə bilib”, - “Naval News” qəzeti bu iddianı irəli sürüb,
Xəbərdə bildirilir ki, gəmi gözətçisi Yörük Işık tərəfindən fotosu çəkilən “MV Sparta IV” gəmisinin su çəkimi boğazdan keçərkən 6,2 metr (20 fut) olub, bu da onun ağır bir yük daşıdığını göstərir.
"Gəminin Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Project 20380 Sterequşçiy” sinifli raket korveti ilə müşayiət olunduğu görülüb. Hərbi Dəniz Qüvvələrinin müşayiəti gəminin həssas yük daşıdığına dair şübhələri gücləndirir", - məlumatda vurğulanır.
İddiaya görə, hərbi ləvazimatlar daşıyan Rusiyanın gəmiçilik şirkəti olan SC South LLC-yə məxsus dörd gəmidən biri olan “MV Sparta IV” ABŞ hökuməti tərəfindən Xüsusilə Müəyyənləşdirilmiş Vətəndaşlar siyahısına (SDN) əsasən sanksiya altındadır.
“MV Sparta IV”-nin daha əvvəl də oxşar şübhəli silah tədarükü etdiyi bildirilir.
Gəminin ABŞ tərəfindən sanksiyalar tətbiq olunanlar siyahısında olması onun Türkiyənin gözündən qaçması ehtimalını zəiflədir. Təbii ki, indiki olduqca həssas bir dövrdə Türkiyənin NATO qüvvələrini məlumatlandırmadan gəminin boğazdan keçməsinə göz yumması da inandırıcı deyil. Mümkündür ki, Rusiyanın Suriyadan çəkilməsinə şərait yaratmaq üçün Ankara müttəfiqlərinin razılığı ilə Montrö Konvensiyasının pozulmasına göz yumub. Bu ehtimalın nə qədər doğru olub-olmadığı yəqin ki, yaxın günlərdə ortaya çıxacaq.
Ovqat.com
Paylaş: