Dünən Qarabağda baş verən erməni təxribatı qanlı bitdi. Əsgərlərimizin yoxlamaq məqsədilə saxlamağa çalışdıqları düşmən maşınından açılan atəş nəticəsində 2 əsgərimiz şəhid oldu. Təbii ki, ermənilərin bu təxribatına bizimkilər laqeyd qala bilməzdilər. Cavab atəşi ilə erməni qatillərindən 3-ü öldürüldü, biri isə yaralandı.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video-görüntülərdən də aydın olur ki, erməni təxribatçıları “rus sülhməramlı”larının arxasında gizlənərək onlar üçün ayrılmış marşrut üzrə hərəkət etmir, əsasən gizli yollardan istifadə edirlər. Sözsüz ki, bu gizli yollardan həm də silah-sursatın daşınır. Bu fakt erməni hərbçilərinin onları yoxlamaq istəyən əsgərlərimizi güllə-barana tutmasına da kifayət qədər aydınlıq gətirir.
Müdafiə Nazirliyinin dünən insidentlə bağlı yaydığı bir digər bəyanatda ermənilər “hərbi təyinatlı yüklərin Azərbaycan ərazisindən daşımamağa, Qarabağa Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini göndərməməyə, bu rotasiyaya dərhal və birdəfəlik son qoymağa, qoşunlarını ölkəmizin ərazisindən tam çıxarmağa” çağırılır. “Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”, - bəyanatda bildirilir. Sözsüz ki, bəyanatda məsələnin bu şəkildə qoyulması ermənilərə verilmiş açıq ultimatumdur və yaxın zamanlarda Azərbaycanı narahat edən hərəkətlərə son verilməsə, Ordumuzun anti-terror əməliyyatı keçirəcəyi istisna deyil.
Amma bu ultimatum təkcə ermənilərəmi ünvanlanmışdı? Əlbəttə ki, xeyir. Ermənilərlə yanaşı, onların arxasında dayanan Rusiya da bu ultimatumdan nəticə çıxarmalıdır. Hər halda haqqında danışdığımız bəyanatda Rusiyanın adı açıq şəkildə çəkilir və rus “sülhməramlı”larının erməniləri dəstəklədiyi vurğulanır: “Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir”, - bəyanatda bildirilir.
O da təsadüfi deyil ki, insident Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərindən az sonra baş verdi. Bakıda səfərdə olarkən Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmaq fikrinə münasibət bildirən Lavrov belə bir müddəanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer almadığını vurğulamış və ölkəmizin yalnız müxtəlif texniki vasitələrlə şübhələndiyi maşınları uzaqdan yoxlamaq hüququna malik olduğunu bildirmişdi: “Ancaq dəhlizdən həqiqətən təyinatı üzrə istifadə olunması barədə şübhələri aradan qaldırmaq üçün texniki vasitələrdən istifadə imkanı mövcuddur. Və bu gün biz buna toxunduq, texniki detalların əhəmiyyəti ikinci dərəcəlidir”.
Lavrovun Azərbaycan hakimiyyəti qarşısında qoyduğu və ya qoymağa çalışdığı bu qadağa suverenlik hüququmuza zidd olduğu kimi, ölkə başçısı İlham Əliyevin Münxendə ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenin təşəbbüsü ilə Ermənistan Baş naziri Nikol Paşinyanla apardığı danışıqlarda əldə olunan razılığa da uyğun deyildi və mütləq layiqli cavabını almalı idi. Görünür, ölkə rəhbərliyi də məhz bu səbəbdən rus “sülhməramlı”larının yarıtmaz fəaliyyətini ifşa etməyə qərar verib.
Xatırladaq ki, Münxen görüşündən sonra jurnalistlərə açıqlama verən İlham Əliyev bildirmişdi ki, liderlər görüşdə dəhliz-dəhliz prinsipindən vaz keçilmiş və yol-yol prinsipi üzərində anlaşdıqlarını, Azərbaycan tərəfi Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacağını bəyan etmişdi. Ölkə başçısı onu da vurğulamışdı ki, Antoni Blinken və Avropa İttifaqı rəsmiləri də bu təklifə “maraqla” yanaşıblar: “Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.
Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”.
Prezidentin fikrindən də anlaşılır ki, hətta Ermənistan belə, bu təklifə açıq şəkildə etiraz etməyib. Sadəcə susmaqla vəziyyətdən çıxmağa çalışıb. Maraqlıdır ki, son insident zamanı da Paşinyan hər hansı fikir bildirməyib. Susqunluğun əslində razılıq əlaməti olduğunu nəzərə alsaq, onun bu məsələni Rusiya ilə Azərbaycanın çözümünə buraxdığı aydınlaşır.
Prinsip etibarilə, erməni baş nazirinin susmaqdan başqa yolu da yoxdur. Azərbaycan prezidenti dəfələrlə çıxışlarında Laçın yoluna veriləcək statusun eynisinin Zəngəzur keçidinə də şamil olunacağını bildirməsi, ermənilərin isə Zəngəzur dəhlizi məsələsində əsla razılıq verməməsi əslində bu nəticəni doğurmalı idi. Nəzərə alsaq ki, Qarabağ ermənilərinin ruspərəstliyi İrəvan üçün də baş ağrısına çevrilib, Paşinyanın bu məsələyə niyə xüsusi ehtiyatla yanaşdığını anlamaq mümkündür.
Maraqlıdır ki, insident həm də ABŞ və Aİ rəsmilərinin Bakıya səfərləri ərəfəsinə təsadüf etdi. Ötən gün İlham Əliyev həm Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, həm də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşlərində bu məsələni gündəmə gətirdi. Hər iki qonağa Azərbaycanın Münxen və Brüssel görüşünün gündəliyinə sadiq qaldığını vurğulayan ölkə başçısı bununla da rəsmi Bakının mövqeyini tərəf müqabillərinə çatdırdı.
Xatırladaq ki, xarici güc mərkəzlərinin Qarabağla bağlı 2 planı var. Moskva planına görə, Azərbaycan-Ermənistan danışıqlarında Qarabağ məsələsi də yer almalı, sülh müqaviləsində bölgədə yaşayan ermənilərin taleyinin sonrakı mərhələyə saxlanıldığı açıq şəkildə qeyd olunmalıdır. Avropa İttifaqı və ABŞ isə Qarabağı Azərbaycanın ərazi bütövlüyünə daxil olduğunu qəbul edir və bu məsələni Azərbaycan-Ermənistan arasında aparılan danışıqlardan ayrı tutur. Prinsipcə bu, rəsmi Bakının da mövqeyinə uyğundur.
Məsələyə bu aspektdən yanaşanda Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurması və Rusiyanın tamamilə sıxışdırılıb bölgədən çıxarılması Münxen razılaşmalarının da tələbidir. Bu həm də Qarabağdakı erməni separatçılarının silahdan arındırılmasına xidmət edə bilər. Müdafiə Nazirliyinin ötən axşam yaydığı bəyanatda da bu məqam xüsusilə vurğulanmışdır: “Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir".
Ovqat.com
Paylaş: