Xəbər lenti


 

20 mart 2023-cü ildə görkəmli ictimai-siyasi xadim, Azərbaycan SSR-nin prokuroru və müstəqil Azərbaycanın ilk Ədliyyə naziri vəzifələrində işləmiş, hüquq elmlər doktoru İlyas İsmayılovun 85 yaşı tamam olur.

 

Ovqat.com baş ədliyyə müşaviri Ələmdar Məmmədovun İlyas müəllimin ad günü münasibətilə qələmə aldığı yazısını oxuculara təqdim edir.

 

İlyas İsmayılov və milli mənəvi dəyərlər 

         Hər bir insanın dəyəri onun tutduğu vəzifə ilə deyil, milli-mənəvi dəyərlərə münasibəti, əməlləri ilə ölçülür.Vətən və xalq qarşısında böyük xidmətləri olan  İlyas İsmayılovun 85 illik yubileyi ilə əlaqədar qələmə aldığım bu yazıda  taleyin ona bəxş etdiyi məziyyətlərdən-xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələrdə işləməsindən,atasız böyüdüyü çətin uşaqlıq və gənclik illərindən,hüquq fakültəsini əla qiymətlərlə bitirib, çoxlarının xəyal etdiyi prokurorluq orqanlarına təyinat alsa da, imtina edib elmi fəaliyyətlə məşğul olmasından,Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olub vaxtından əvvəl 2 il 6 aya namizədlik dissertatsiyası müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almasından, alim kimi dərsliklərə düşən fikir və mülahizələrindən, gözləmədiyi halda 1978-ci ildə Respublika prokurorunun müavini və 1985-ci ilin yanvar ayında Respublika prokuroru vəzifəsinə təyin ounmasından, fəliyyətinin ilk aylarından prokurorların repressiv ənənə olan  ağır cəza istəməsinə son qoymasından, kadrların seçilməsində kimin adamı olmasını deyil, ”kim olmasını “ həyat normasına çevirməsindən, kimsəsizlərə arxa-dayaq olmasından, başqalarından qanun və qaydalara əməl etməyi tələb edib özü də bu sahədə nümunə göstərməsindən, ”pambıq işlərində” Azərbaycanı Özbəkistana çevirmək istəyən Moskvanın məkrli planlarını təkbaşına pozan yeganə rəhbər olmasından, 1988-ci ildə  Azərbaycan rəhbərliyinin xahişi və Mixayil Qorbaçovun göstərişi ilə Heydər Əliyev və ”əliyevçilər”lə mübarizə pərdəsi altında Azərbaycana göndərilmiş SSRİ Baş prokurorluğu və DİN-nin 162 nəfərlik seçmə əməliyyat istintaq qrupunun üzvlərinin qanunsuz əməllərini aşkar edərək barələrində   cinayət işi başlayıb, onların “dişlərini qırmaqla” respublikanı ağır bəladan xilas etməsindən, (tabe prokurorun yuxarı prokurorluq işçiləri haqqında cinayət işi başlaması görünməmiş hadisə idi), Qarabağın dağlıq hissəsində Azərbaycan hakimiyyətinin bütün strukturlarının iflic vəziyyətə düşdüyü zaman bu hakimiyyətin yalnız prokuroluqla təmsil olunmasından, həyatda rastlaşdığı haqsızlıqlara, taleyin acı oyunlarına mətanətlə sinə gərməsindən, onun həyat amalına çevrilmiş ədalətindən  danışmayacağam! Mən İlyas müəllimin beynəlmiləlçilik ideyalarının ön plana çəkildiyi ittifaq dövlətində əsl Azərbaycan kişisi kimi milli mənəvi dəyərlərin daşıyıcısı olmasını,müvafiq olaraq hansı tədbirləri görməsini konkret misallarla oxucuların diqqətinə çatdıracağam.

 

Birlikdə işlədiyimiz uzun illər ərzində İlyas müəllimi bir dəfə qəzəbli görmüşəm.

 

Zəngilan rayonunda 17 yaşlı qız dayısının evindən külli miqdarda qızıl-ziynət əşyaları oğurlamışdı. Qızın barəsində cinayət işi başlanılmış və prokuror onun haqqında həbs qətimkan tədbiri seçmişdi.İlyas müəllim həmin prokuroru işdən çıxartdı ona görə ki,həbsxana həyatı yaşamış  qızla gələcəkdə heç kim  ailə həyatı qurmayacaqdı.Kollegiya iclasında məsələ müzakirə olunarkən bu sərt  görünüşlü insanın üzündəki can yanğısını görüb,  hiss etməmək mümkün deyildi.

         

Rayonların birində çağırışa gəlməyən qız uşağını sahə müvəkkili müstəntiqin qərarına əsasən mototsikletlə milis şöbəsinə gətirmişdi.İlyas müəllim həmin rayonun prokurorunu yerli adət-ənənə və milli mentalitetimizə hörmətsizlikdə, gənc qızın gələcək həyatına biganəlikdə təqsirləndirərək xeyli məzəmmət etdi.

 

1985-ci ilin yay ayları idi. Ağstafa rayonunun sərhəd kəndində ermənilər  qəbiristanlığda ədəbsizlik etmişdilər.Kənd sakinləri erməniləri möhkəm döyüb əzişdirmişdi. Ermənistan SSR-nin prokuroru Suren Avanesov cinayət işi başlayaraq türmə maşını göndərmişdi.Hadisəni eşidən İlyas müəllim digər rəsmi şəxslərlə hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olmuş və qəbirlərə hörmətsizlik edən ermənilərin haqqqında cinayət işi başlamışdı. Bundan sonra SSRİ Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiqin apardığı cinayət işləri sonda xitam olundu.

     

1990-cı ilin fevral ayında keçirilən kollegiya iclasında MK-nın İnzibati Orqanlarla İş Şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olunması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən o, özünəməxsus ötkəm formada dedi:   - Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak etdiyi üçün, onlar rus dilində danışırdılar).

 

İlyas müəllim   ilk kollegiya iclaslarının birində iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə, insanları məsuliyyətə cəlb etmələrini də qınamışdı. Həmin prokurorlardan biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb ,həmin şəxsin məhkum olunmasına nail olmuşdu. İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirmişdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmiş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi.Dəyəri deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.

       

İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təssərrüfat müdiri işləyən bir xanıma prokuror  CM-nin 86-çı maddəsinin 3-çü hissəsi ilə (kulli miqdarda mənimsəmə) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideyinsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı.           

       

Mənim işrirakımla baş vermiş çoxsaylı hadisələrdən ikisini nəql etmək istəyirəm.

        

İcraatı dayandırılmış işləri yoxlayarkən bir avtoqəza diqqətimi cəlb etdi. Bir kişi üçtəkərli motoskletlə arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə  motoskletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, arvadın  kəlayağısının ucu kardana ilişdiyindən boğulub ölüb.

            

Avto-texniki ekspertizanın rəyinə əsasən sürücü təqsirli bilinirdi, ona görə ki, motoskletdə sərnişin başına kaska qoymalı idi. Meyit daxili müayinə olunmadığına görə CM-nin 208 mad. 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdı. Mən İlyas müəllimə məruzə etdikdən sonra sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında cinayətkarcasına səbəbli əlaqə olmaması motivi ilə cinayət işinin icraatına xitam verildi.

 

 Yaxud başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk  şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.

          

Mən İlyas müəllimə telefon açaraq, zərərçəkmiş özü olduğuna görə, (qanunda bu nəzərdə tutulmamışdı) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi və dedi:                                                            

 

“Ələmdar, prokuror kimi mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə. Məhkəmə ilə əlaqədar çətinlik yaranarsa, mənə bildir”.

             

Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu da həmin dövrdə görünməmiş hadisə idi.    

       

Mənim iştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!”- səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təxminən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərin burnunu əzmək lazımdır! Yazıq insanlarla  işiniz olmasın!”

 

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri

 

  P.S. Gənclik illərindən dostluq münasibətində olduğum böyük yazarlarımızdan biri mənə sual etdi:                                                                    

-İlyas müəllimdən söhbət düşəndə həmişə ağızdolusu tərifləyirsən.Özün dediyin kimi, o qədər kimsəsizlərə,arxasızlara,yetimlərə dayaq olub İlyas müəllim.Heç onlardan bu tərifləri eşitmirik.Mən dostuma:-”Böyük Fransız yazıçısı və sosialisti Anri Barbüss N.Ostrovskinin “Polad necə bərkidi”əsərini oxuduqdan sonra deyir:-Adam bu əsəri oxuyarkən insan olmağı ilə fəxr edir”.Mən də İlyas müəllimin rəhbərliyi altında işləyərkən,Prokuror olmağımla fəxr etmişəm,-dedim.

 




Ana səhifəyə qayıt        Baxış: 5 155          Tarix: 20-03-2023, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma