NATO-nun baş katibi Yens Stoltenberq 21 mart 2023-cü il Çərşənbə axşamı günü Şimali Atlantika İttifaqının ötən il ərzində fəaliyyətinin bütün aspektlərini əhatə edən 2022-ci il üzrə illik hesabatını təqdim edib.
Ovqat.com-un məlumatına görə, baş katib Rusiyanın Ukraynaya qarşı müharibəsinin ikinci ilinə qədəm qoyduğunu bildirərək, "Ukrayna xalqının polad müqavimətini" və "NATO müttəfiqlərinin bu ölkəyə misilsiz dəstəyini" yüksək qiymətləndirib.
O, prezident Putinin "daha az NATO qüvvələri ilə qarşılaşmaq istədiyini, ancaq tam əksi ilə üzləşdiyini" deyib: ““Daha çox NATO” deyərkən, Finlandiya və İsveçin alyansa daxil olmaq arzularını nəzərdə tuturam. Bu, NATO-ya qəbul onları daha təhlükəsiz edəcək, ittifaqımızı daha da gücləndirəcək və NATO qapılarının açıq qaldığını nümayiş etdirəcək”.
Putinin Ukraynanı işğal qərarının “şok olduğunu, amma sürpriz olmadığını” deyən Stoltenberq bu hərbi müdaxiləni "təcavüzkar hərəkət modelinin zirvəsi" adlandırıb. O əlavə edib ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən qanunsuz ilhaqından bəri NATO son nəsil üçün kollektiv müdafiənin gücləndirilməsini həyata keçirib. “Rusiya tankları Ukraynaya girəndə bütün sürprizlərə biz hazır idik. Bir neçə saat ərzində Baltikdən Qara dənizlərə qədər müdafiə planlarımızı işə saldıq. 40.000 hərbçini əhəmiyyətli hava və dəniz varlığı ilə NATO komandanlığına verdik və NATO döyüş qruplarının sayını dörddən səkkizədək artırdıq”, - deyən Stoltenberq vurğulayıb ki, NATO müttəfiqləri Ukraynaya qabaqcıl silah sistemləri və döyüş sursatları da daxil olmaqla əhəmiyyətli dəstək verdilər.
Baş katibin fikrincə, Ukraynanı dəstəkləmək və eyni zamanda Şimali Atlantika İttifaqını qorumaq naminə alyans müttəfiqləri döyüş tapşırıqlarının tələblərinə uyğun olaraq yeni sursat hədəfləri və istehsalın artırılması üçün sənaye müəssisələri ilə qarşılıqlı əlaqə qurma mərhələsindədirlər. NATO ayrıca sualtı infrastruktur koordinasiya qrupu və NATO-AB ortaq işçi qrupu yaratmaqla, sualtı kabellər və boru kəmərləri də daxil kritik milli infrastrukturun qorunmasını gücləndirir.
Stoltenberq 2022-ci il Madrid sammitində müttəfiqlərin Rusiyanı terrorizmlə yanaşı ən əhəmiyyətli təhlükəsizlik təhdidi olaraq tanıdıqlarını və Çinin ittifaq üçün yaratdığı çətinlikləri aydın şəkildə təyin edən yeni bir Strateji konsepsiya qəbul etdiklərini vurğulayıb.
Baş katib Avropa və Kanadadanın müdafiə xərclərinin ardıcıl olaraq səkkiz il mütəmadi olaraq artırdığını, real ifadədə 2,2 % və 2014-cü illə müqayisədə 350 milyard dollar artım əldə edilməsini alqışlayıb. “Biz düzgün istiqamətdə hərəkət edirik, amma yaşadığımız təhlükəli dünyanın tələb etdiyi qədər sürətlə hərəkət etmirik”, - deyən Stoltenberq bildirib ki, daha çox işlər görülməlidir.
Stoltenberq həmçinin vurğulayıb ki, müttəfiqlərin iyul ayında keçiriləcək Vilnüs sammitində iddialı yeni bir müdafiə investisiya öhdəliyi ilə razılaşacağını və ÜDM-in ən azı 2% - nin müdafiəyə yatırılacağını gözləyir.
NATO baş katibi illik hesabatında Çin və Rusiya əlaqələrinə də diqqət ayırıb. O deyib ki, Pekinlə Moskva həm iqtisadi, həm də hərbi baxımdan yaxınlaşır və iki lider arasında aparılan danışıqlar ölkələrin “yaxınlaşmaq və əlaqələri gücləndirmək” yolunun bir hissəsidir. Stoltenberq həmçinin Rusiyaya silah tədarükü ilə bağlı Çinə “xəbərdarlıq edib” və Si Cinpinə “Zelenski ilə şəxsən əlaqə saxlamağı” məsləhət görüb.
Stoltenberqin illik hesabatında önə çıxan digər başlıqlar:
- Finlandiya Türkiyədə seçkilərə qədər NATO-ya üzv ola biləcək;
- İsveç NATO-ya “mümkün qədər tez” daxil olacaq, lakin dəqiq tarix məlum deyil;
- Finlandiya və İsveçin iştirakı Uzaq Şimalda NATO-nu gücləndirəcək;
— NATO Gürcüstanın xarici agentlər haqqında qanununun geri götürülməsi qərarını alqışlayır və yerli siyasətçiləri islahatlarda əməkdaşlığa çağırır;
- NATO Uzaq Şimalda Rusiyanın sualtı qayıqlarına, gəmilərinə və təyyarələrinə nəzarət edir.
Paylaş: