Xəbər lenti


 

Çin Asiya-Sakit okean regionunun aparıcı qüvvəsi və formalaşmaqda olan yeni dünya düzəninin bir qütbüdür. Azərbaycan öz növbəsində Cənubi Qafqazın (CQ) lideri və Çinin Avropaya açılan qapılarından biridir. Bu faktorlar + bir çox məsələlər üzrə ortaq baxış/maraqlar Bakı və Pekinin bir-birinə doğru addımlamasını şərtləndirir. 

 

Qarabağ/Tayvan

 

Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Tayvan, Tibet və “Şərqi Türküstan” məsələlərində Çinin mövqeyini dəstəkləyir. Bu mövqe 1996, 2005 və 2015-ci il səfərləri zamanı qarşılıqlı sürətdə təsdiqlənmişdir. 2015-ci il birgə bəyanatında isə “tərəflər birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, ərazilərində digər tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər”. Hazırda Çinin Huawei şirkəti Qarabağda “ağıllı şəhər/kəndlərin” yaradılmasında aktiv iştirak edir. 

 

İqtisadiyyat

 

Çinin CQ-da ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycan və Çinin ticarət dövriyyəsi 2015-ci ildə $561 mln., 2016-cı ildə $975 mln., 2017-ci ildə $1,29 mlrd., 2019-cu ildə $2,18 mlrd., 2021-ci ildə isə $1,7 mlrd., 2022-ci ildə isə $2.16 mlrd təşkil etmişdir. Azərbaycanın Urumçi, Luco və Şanxayda ticarət evləri fəaliyyət göstərir. 2019-cu ildə Çin şirkətləri Azərbaycana $800 mln., Azərbaycan isə Çinə $1,7 mlrd. investisiya yatırtmışdır. 2018-ci ildə SOCAR və “BGP Inc.” şirkətləri birgə müəssisənin yaradılması haqqında saziş, 2019-cu ildə isə iki ölkə şirkətləri ümumi dəyəri $821 mln. olan 10 sənəd imzalamışlar.

 

Logistika

 

Çinin “Kəmər və yol” layihəsinin 6 istiqamətindən biri Azərbaycandan keçir. Rusiyanın logistik blokadaya alınması səbəbindən bu istiqamətlərdən ikisi hazırda qeyri-aktualdır. 3 avqust 2015-ci ildə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində ilk sınaq “Nomand ekspress” konteyner qatarı Bakı Limanına çatdı. Marşrutun inkişafı məqsədilə yaradılmış Koordinasiya Komitəsi Bakı, Aktau, Poti və Batumi limanlarının + Qazaxıstan, Çin, Azərbaycan dəmiryollarının qarşılıqlı inteqrasiyası istiqamətində aktiv işlər görür. BTQ Çin-Avropa arasında yükləri 12-15 gün, yəni dəniz yolu daşımalarından iki dəfə daha tez çatdırır. 

 

Nəticə

 

Uzun illər Çin CQ Rusiyanın maraq sferası kimi tanıyırdı. Lakin, Rusiyanın zəifləməsi CQ daxil bir çox regionlarda geosiyasi vakuum formalaşdırdı. Çin bu boşluğu doldurmaq uğrunda ABŞ, Aİ və Türkiyə ilə rəqabət aparır. Çin 1999-cu ildə Ermənistana 8 ədəd “Tayfun” tipli raket kompleksi, 2013-cü ildə isə AR1A raket kompleksləri satsa da, hazırkı Ermənistan iqtidarının Qərbmeylli siyasəti Çinin maraqları ilə ziddiyyət təşkil edib, Pekinin Bakıya meyl etməsini şərtləndirir. Çini regionda daha aktiv rol oynamağa təhrik edən digər amil – rəqibi Hindistanın son müddət CQ-a xüsusi diqqət ayırmasıdır.

 

Çin maraqlarını həm birbaşa, həm də İran və Rusiya kimi müttəfiqlər vasitəsilə irəli çəkə bilər. Bakı üçün Çinin birbaşa iştirakı daha arzuolunandır, çünki Çin Tayvan və Cənubi Çin dənizi çıxmaq şərti ilə digər regionlarda iqtisadi maraqlarını siyasi maraqlardan daha üstün tutur.

 

İran əleyhinə formalaşmış koalisiyanın əsas oyunçularından biri Səudiyyə Ərəbistanı (SƏ) idi. Çinin iki ölkə arasındakı diplomatik münasibətlərin bərpa edilməsində uğurlu vasitəçiliyi anti-İran koalisiyasını zəiflədib, İranın Azərbaycana qarşı destruktiv fəaliyyətini  artırmış oldu. Lakin, Bakı Çinin diplomatik çəkisindən, İranın Çindən asılılığından istifadə edib, Pekini Bakı-Tehran arasında münasibətlərin nizamlanmasına cəlb edə bilər. Bakı və Tehran arasında gərginliyin azalması Çinin də maraqlarına cavab verir. Belə ki, iki enerji ixrac edən ölkənin müharibə şəraitinə gəlməsi dünyada enerji resurslarının qiymətini kəskin artıra → Çinin iqtisadi artım tempini zəiflədə və Orta dəhlizinin fəaliyyətinə təhlükə yarada bilər. 

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 5 838          Tarix: 28-03-2023, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma