Azərbaycan-Ermənistan danışıqlar prosesində intensivlik müşahidə edilir. Moskva xarici işlər nazirləri arasında görüşün anonsunu verir, ABŞ isə Vaşinqton və ya müttəfiq ölkələrin birində liderlər arasında substantiv danışıqların baş tutmasına səy göstərir. Bu məqsədlə ABŞ-ın Azərbaycan səfirliyində uzun müddət çalışmış Derek Hoqan telefon, Erika Olson və Lui Bono isə regiona səfərlər vasitəsilə tərəflər arasında münasibətlərin normallaşdırılmasına çalışırlar.
Danışıqların gündəliyi
Son üç həftədə baş verənlər Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq əvəzinə, gərginlik dərəcəsini daha da artırmışdır. Azərbaycana danışıqların forması yox, məzmunu vacibdir. Bakı üçün fərqli diplomatik platformalarda eyni gündəliyin müzakirə edilməsi olduqca vacibdir. Gündəliyin tərkibinə Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında sülh sazişinin imzalanması, ərazi bütövlüyün tanınması, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, qoşunları geri çəkmədən sərhədlərin delimitasiya/demarkasiyası və Qarabağ məsələsinin heç bir (birbaşa və ya dolayı) formada danışıqlar obyekti olmaması daxildir.
Vasitəçilərin mövqe/maraqları
Danışıqlar gündəliyi dəyişməz qalsa da, Rusiya və Qərb normallaşma prosesinə öz maraqları prizmasından yanaşır. ABŞ üçün sülh sazişinin özü, Rusiya üçünsə Zəngəzur dəhlizi başda olmaqla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası prioritetdir. Prezident Baydenin sözləri ilə desək, Vaşinqton üçün sülh, “enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynaması” səbəblərindən çox vacibdir. Rusiya öz növbəsində Qərbin “anakonda həlqəsini” zəiflətmək, logistika imkanlarını artırmaq və Ermənistan ərazisində Federal Təhlükəsizlik Xidmətinin müddətsiz funksiyalarını artırmaq üçün 10 noyabr razılaşmasının 9-cu bəndinin icra edilməsində israrlıdır.
Ermənistanın yanaşması
Ermənistan Azərbaycanla münasibətlərin bərpa edilməsində Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində təmin edilməsini” ilkin şərt kimi irəli sürür. Sadə dillə desək, Ermənistan Paris/Vaşinqton/Moskva kimi vasitəçilərin nəzarəti altında Bakı və Xankəndi arasında dialoq formatının bərqərar edilməsinə can atır. Qarabağ məsələsini gündəmdə saxlaya bilməyəcəyini dərk edən İrəvan, bunu erməni diasporun təsirini özündə hiss edən ölkələr vasitəsilə etmək istəyir. Ermənistan rəhbərliyi düşünür ki, Bakı və Xankəndi arasında beynəlxalq formatlı dialoq Qarabağın Azərbaycana reinteqrasiyasına mane olub, beynəlxalq güclərin Azərbaycanın daxili işlərinə qarışmasına şərait yaradacaqdır.
Bakının zəruri addımları
Əgər Ermənistanın sülh sazişinə getməsinə mane olan yeganə faktor Qarabağın erməni əhalisinin “hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində” təmin edilməsidirsə, Bakı üçün Ermənistanın Qarabağ ermənilərinə bütün təsir kanallarını kəsməsidir. “Beynəlxalq ictimaiyyət” artıq buna hazırdır. Görünən odur ki, hazırkı danışıqlar prosesi böyük ehtimalla Ermənistan və ya üçüncü qüvvə tərəfindən pozula bilər. Bu öz növbəsində Azərbaycana yerdə fəaliyyətə keçib, yeni geosiyasi reallıq yaratması üçün şərait yaradacaqdır.
Nəticə
Ermənistan rəhbərliyi vaxt udmaq və danışıqları çıxılmaz vəziyyətə gətirmək üçün əlindən gələni edir. Vasitəçilər isə fərqli səbəblərdən Laçında Nəzarət Buraxılış Məntəqəsinin (NBM) qurulmasına mane olmağa çalışırlar. Buna baxmayaraq, danışıqlar prosesinin alqoritmi və Bakının prinsipial mövqeyi Laçında nəzarət buraxılış məntəqəsinin qurulmasını qaçılmaz edir. Danışıqlar masası arxasında real nəticə qazanmaq üçün yerdə vəziyyəti dəyişmək zəruridir. Bu baxımdan Laçında NBM-in qurulması Rusiya və Qərbin vasitəçiliyi ilə təşkil ediləcək görüşlərdə müsbət nəticələrin əldə edilməsinə kömək edəcəkdir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: