ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında bağlanacağı gözlənilən sülh müqaviləsi barədə danışıqlar aparamaq üçün Ermənistan Xarici İşlər nazirini Vaşinqtona çağırdıqdan departamentin rəhbəri Entoni Blinken erməni baş naziri Nikol Paşinyana zəng edib.
Ovqat.com Paşinyanın mətbuat xidmətinə istinadən bildirir ki, ikili arasında baş tutan telefon söhbətində Ermənistan-Azərbaycan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcəyi gözlənilən müzakirələr barədə fikir mübadiləsi aparılıb.
Baş nazir Paşinyan həmsöhbətinə yenə öz ənənəvi şikayətlərini çatdırıb. O vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və ermənilərin Dağlıq Qarabağdan tam çıxarılmasına yönəlib.
Paşinyan həmçinin “Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası üçün təsirli addımlar atmasının” vacibliyini vurğulayıb. Söhbət əsnasında digər humanitar məsələlərə də toxunulub.
Maraqlıdır ki, erməni tərəfi mətbuat açıqlamasında Paşinyanın telefon söhbəti zamanı dilə gətirdiyi fikirlərinə yer ayırsa da, Blinkenin ona hansı mesajları çatdırdığına aydınlıq gətirməyib. Bu sualın cavabı isə biz ABŞ dövlət katibinin telefon danışığından sonra verdiyi mətbuat açıqlamasından çıxara bilərik. Belə ki, telefon danışığından sonra ABŞ dövlət katibi Entoni Blinken də mətbuata açıqlama verərək Azərbaycanla Ermənistan arasında aparılacaq sülh danışıqlarının vacib olduğunu və Vaşinqtonun tərəflərə bu məsələdə lazımi köməklik göstərəcəyini vurğulayıb.
“Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir və tərəflərin birbaşa dialoqunu Cənubi Qafqazda nizamlanmanın yeganə yolu hesab edir”, - deyə Blinken ölkəsinin mövqeyini ortaya qoyub.
Blinkenin Cənubi Qafqazda nizamlanmanın yeganə çıxış yolunun Azərbaycanla Ermənistan liderləri arasında birbaşa dialoqdan keçdiyini bildirməsi, zənnimizcə, Vaşinqtonun mövqeyinə kifayət qədər aydınlıq gətirir. Bu məqam əvvəla onu göstərir ki, ABŞ iki dövlət arasındakı gərginliyi təkcə Azərbaycanla Ermənistanın yox, bütünlüklə Cənubi Qafqaz regionunun məsələsi olduğuna inanır. İkincisi isə, bu problemin həllini tərəflər arasındakı birbaşa danışıqlardan keçəcəyində, dolayısıyla Rusiyanın vasitəçiliyindən imtina edilməsində görür.
Rusiya isə ABŞ-ın bu mövqeyini yaxına buraxmaq istəmir. Moskvadan gələn mesajlarda və rəsmi açıqlamalarda problemin həllinin Rusiyanın vasitəçiliyi ilə aparılacaq sülh danışıqlarından asılı olduğu vurğulanır. Kremlin fikrincə, Azərbaycan və Ermənistan liderləri 44 günlük savaşdan sonra Putinin iştirakı ilə Moskvada bağlanan 10 noyabr Bəyanatını sülh danışıqlarının əsas istinad nöqtəsi kimi qəbul etməli və bütün razılaşmalar bu çərçivədə olmalıdır. 10 noyabr bəyanatı isə tərəflər arasında yalnız Rusiyanın vasitəçi qismində iştirakını nəzərdə tutur. Bəyanatda təkcə Rusiyanın öz sülhməramlıları vasitəsilə Qarabağı tam nəzarətə götürməsi müddəası da yer almır. Azərbaycanla Ermənistan arasında açılacaq kommunikasiya xətlərinin Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsi də həmin bəyanatın tələblərindəndir.
Problem ondadır ki, müqavilənin bağlandığı gündən etibarən keçən 2 il yarımlıq zaman ərzində Rusiya iki dövlət arasında barışdırıcı yox, araqarışdırıcı mövqe tutub. Azərbaycan məhz bu amili nəzərə alıb Laçın yolunun başlanğıcında öz buraxılış məntəqəsini qurub və Rusiyanın regiona nəzarət imkanlarını məhdudlaşdırıb. Vaşinqtonun nəzərincə, bundan sonrakı mərhələdə Ermənistan öz sərhədlərini qorumaq funksiyasını Rusiyanın caynağından qurtarmalıdır. Moskvanın bu perspektivlə razılaşması isə mümkün görünmür. Əks halda Moskva Cənubi Qafqazdakı yeganə istinad nöqtəsi kimi Gümrüdə yerləşdirdiyi 102-ci hərbi bazasını Ermənistandan çıxarmalı olacaq. Çünki İrəvanla Moskva arasında bağlanan müqaviləyə əsasən, bu hərbi baza 2044-cü ilə kimi Ermənistanda qalacaq və ölkənin təhlükəsizliyini qoruyacaq. Azərbaycan və Türkiyə ilə sülh sazişi bağlanarsa, Ermənistanın təhlükəsizlik sahəsində Rusiyaya bağımlılığı ortadan qalxacaq və nəticədə 102-ci hərbi baza İrəvan üçün öz əhəmiyyətini itirəcək. Bu isə yaxın gələcəkdə ABŞ-ın da təzyiqi ilə rus hərbi hissələrinin Ermənistandan çıxarılması tələbini bərabərində gətirəcək.
Rusiya üçün Cənubi Qafqazı itirmək kimi səciyyələndirilən bu perspektiv xüsusilə Ukrayna sahəsində son zamanlar yaşanan uğursuzluqlar fonunda artıq qaçılmaz bir reallığa çevrilir. Təsadüfi deyil ki, son zamanlar ABŞ-ın Ermənistana təzyiqləri getdikcə artır və İrəvan qarşısında dayanan iki istiqamətdən birini seçməlidir. Ya Qərbə inteqrasiya fürsətindən imtina edib batmaqda olan rus gəmisinə minməli, ya da Rusiyanın himayəsindən çıxmalı, “Böyük Ermənistan” xülyasından rəsmən vaz keçməli, qonşularla münasibətlərini düzəltməli və mövcudluğunu qorumaq üçün regional əməkdaşlıqlara hazır olmalıdır. Bu zamanadək öz məkrli siyasətinin qurbanı olan Ermənistanın qarşısındakı bu iki seçənəyin ikisi də onun üçün fəlakətdən başqa heç nə vəd etmir. Hətta erməni ekspertləri də bu çarəsizliklərini açıq dilə gətirir, vaxtilə qonşularına göz dağı vermək və onların torpaqlarını ələ keçirmək üçün öz ərazisində rus ordusunu yerləşdirən Ermənistanın Suriyaya çevrilə biləcəyindən ehtiyatlanırlar.
Xüsusilə də Azərbaycan Laçın yolunun başlanğıcında nəzarət-keçid məntəqəsi yaratdıqdan sonra erməni mediası həyəcan təbili çalmağa başlayıb. Erməni jurnalistləri və ekspertləri ABŞ-ın İrəvana Azərbaycanla sülh müqaviləsi bağlaması istiqamətində təzyiqlərini artırdığını bildirirlər. Onların iddiasına görə, gözlənilən sülh müqaviləsi mayın sonunda imzalana bilər və böyük ehtimalla sənəddə ermənilərdən Qarabağ iddialarından əl çəkmələri, Zəngəzur yolunun açılması və Moskvanın himayədarlığından imtina edərək Azərbaycanla birbaşa dialoqa başlamaq tələb olunacaq. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi, əslində 102-ci rus hərbi bazasının çətiri altında yaşamaq məcburiyyətindən də imtina anlamına gəlir ki, İrəvan bu addımı atarsa, Rusiyanın hansı təpkisi ilə qarşılaşacağını müəyyənləşdirmək həqiqətən də asan deyil.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: