Xəbər lenti




 “
Vaşinqton Bakı və İrəvandan xahiş edib ki, Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini ən yaxşı şəkildə qorumaq barədə düşünsünlər

 

Ovqat.com-un məlumatına görə, ABŞ Dövlət Departamenti «Azatutyun» erməni nəşrinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda keçirdikləri görüşdə Qarabağla bağlı məsələlərin müzakirə olunub-olunmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

 

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi Ermənistan və Azərbaycan arasında baş verən münaqişənin əsas məsələsidir.

 

Sözçü əlavə edib ki, “həddindən artıq çox insanın həyatına son qoyan və çox uzun müddət davam edən münaqişənin qalıcı həllini tapmağın yeganə yolu bu insanların nəhayət öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının qorunub saxlanmasıdır. Birləşmiş Ştatlar sülhün əsasını qoya biləcək uzunmüddətli, sabit razılaşmanı dəstəkləyir”.

 

Dövlət Departamenti həmçinin vurğulayır ki, münasibətlərin tənzimlənməsinə dair sazişin həcmini, xarakterini və məzmununu tərəflərin özləri həll etməlidir: “Vaşinqton Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh yolunda çalışarkən onları qəbul etmək şərəfinə nail olub. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhsevər gələcəyin təşviqinə sadiqdir. Tərəflər arasında birbaşa dialoq davamlı sülhə və problemlərin həllinə nail olmaq üçün açardır”.

 

ABŞ rəsminin fikrincə, münasibətləri tənzimləmək üçün müqavilənin əhatə dairəsi və xarakteri tərəflərin ixtiyarındadır: “Bizin məqsədimiz isə sadəcə ikitərəfli müzakirələrin aparıla biləcəyi və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün tərəflərin birlikdə həqiqətən çətin işi görə biləcəyi bir məkan təmin etməkdir”.

 

Göründüyü kimi, ABŞ Dövlət Departamenti bacardığı qədər bu müzakirələrdə tərəfsiz qalmağa çalışır. Qarabağ sakinlərinin problemini həll etməyi Azərbaycan və Ermənistan rəsmilərinin ixtiyarına buraxır. Erməni tərəfinin ciddi cəhdlə Qarabağın taleyi məsələsini danışıq masasına çıxarmağa çalışması isə münaqişənin çözümünə yox, dondurulmasına xidmət edir. Çünki Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, Qarabağ məsələsi Azərbaycanın suveren hüquqlarına daxildir. Orda yaşayan erməni sakinlərinə Konstitusiyamıza və beynəlxalq hüquq normalarına uyğun yaşamaq şansı verməyimizə baxmayaraq, onların hüquq və azadlıqlarını qorumaq vəzifəsi də rəsmi Bakıya işidir. Rəsmi Bakının bu məsələdə hansısa xarici dövlətin məsləhətin və yardımına ehtiyacı yoxdur və bu cür təşəbbüsləri ölkəmizin suverenliyinə müdaxilə kimi qiymətləndirir. 

 

Üstəlik, əgər Ermənistanın Azərbaycan ermənilərinin taleyinə müdaxilə hüququ varsa, Azərbaycanın da eyni səlahiyyəti doğa bilər. Söhbət ondan gedir ki, sovet hakimiyyəti dağılamamışdan əvvəl Ermənistanda xeyli sayda azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti bir çox kənd və qəsəbələrdə kompakt halda məskunlaşmışdılar. Məntiqlə biz öz ərazimizdə ermənilərin təhlükəsiz və huquqlu yaşamasına imkan veririksə, eyni münasibəti İrəvan da bizim insanlarımıza göstərməlidir. Qərbi azərbaycanlılar öz yurd-yuvalarına qayıtmalı, onların hüquq və təhlükəsizliyinin təmin olunmasında Bakı da söz haqqına malik olmalıdır. Necə ki, ermənilər bizdən Qarabağ sakinləri üçün səlahiyyətləri istəyir. Bu isə istər-istəməz sülh danışıqlarını çıxmaza sürükləyə bilər.

 

 Yeri gəlmişkən, ABŞ dövlət katibi Antoni Blinkenin dünən mətbuata verdiyi açıqlama ermənilərin “Qarabağ” kozırına qarşı rəsmi Bakının “Qərbi Azərbaycan” kozırını ortaya atdığını göstərir. Qeyd edək ki, Blinken məlum açılamasında belə demişdi: “Təbii ki, hər iki ölkədə olan etnik azlıqların hüquq və təhlükəsizlikləri ilə bağlı məsələlər də müzakirələrin tərkib hissəsidir. ABŞ hər zaman olduğu kimi, Cənubi Qafqazda dinc, demokratik və çiçəklənən gələcəyin qurulması üçün tövhə verməyə daim hazırdır”.




Ana səhifəyə qayıt        Baxış: 6 694          Tarix: 3-05-2023, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma