Xəbər lenti


3 maya keçən gecə Kreml iki dron zərbəsinə məruz qaldı. Moskva baş verənləri terror adlandırıb, bunda Ukrayna və ABŞ-ı günahlandırdı. Ukrayna bütün ittihamları rədd edib, hədəfinin başqa ölkələrin ərazilərinə hücum yox, işğalda olan ərazilərini azad etmək olduğunu bildirdi. Videokadrların analizindən belə nəticəyə gəlmək olar ki, Kremli hədəfə almış aparat kvadrikopter tipli yox, təyyarə tipli dron idi. Aparatın diametri 4,5 metr, qanadlarının uzunluğu isə 2-2,5 metr idi. Qanadları 3 metr olan Rusiya istehsallı “Orlan-10” 600 km, qanadı 4,6 metr uzunluğunda olan Ukrayna istehsallı UJ-22 Airborne 800 km, qanadı 3 metr olan Raybird-3 tipli dron isə 1000 km məsafə qət edə bilir.

 

Ukrayna/ABŞ?

 

Hücumun Ukrayna ərazisindən edilməsi nəzəri cəhətdən mümkün olsa da (Rusiya-Ukrayna sərhədindən Kremlə ən qısa məsafə 450 km-dir), böyük ehtimal ki, dronlar Rusiya ərazisindən idarə olunurdu. Belə ki, Ukrayna mövqelərindən Kremlə qədər Rusiyanın ən azı 3 hava hücumundan müdafiə xətti (Rusiya tərəfindən işğal edilmiş Ukrayna ərazilərində → Rusiyanın de-yure sərhədləri yaxınlığında → paytaxt Moskvanın HHM xətti) mövcuddur. Bu 3 müdafiə xəttindən savayı Rusiya rəsmiləri son aylarda bütün əsas qərar qəbul edilən mərkəzlərdə “Панцирь-С1” və daha mütərəqqi HHM sistemləri quraşdırmışlar. Rusiya xüsusi xidmət orqanları həmçinin radio-elektron mübarizə vasitələrindən də geniş istifadə edirlər. Buna Kremlin yanında GPS-i qoşmaqla əmin olmaq olar: cihaz sizin mərkəzdə yox, hava limanlarından birində olduğunuzu göstərəcəkdir. Beləliklə, təşkilatçının Ukrayna olması haqqında versiya, sağlam düşüncə və konstruktiv tənqid qarşısında aciz qalır.

 

Təşkilatçı

 

Hücumun Rusiya tərəfindən həyata keçirilməsi versiyasının leyhinə daha çox arqument var. Kremlə hücum Rusiyanın Ukraynanın mülki infrastrukturuna yeni dağıdıcı zərbələr endirməsinə (daxili/xarici auditoriya üçün) “bəraət” qazandırır. Digər tərəfdən Kremlə hücum “Arxada Moskvadır” (“За нами Москва”) şüarı kimi II Dünya müharibəsi arxetiplərinin Rusiya cəmiyyətinə gətirmək və paytaxtı/Vətəni qorumaq adı altında əhalini ümumi səfərbərliyə cəlb etmək planının tərkib hissəsi ola bilər. Hücumun 9 may ərəfəsində baş verməsi təsadüfi bir hal kimi nəzərdən keçirilmir. Aşağı ehtimalla Kremlə hücum Ukraynaya taktiki nüvə zərbəsini endirmək planının bir hissəsi də ola bilər.

 

Siyasi fəsadlar

 

Hücumun arxasında böyük ehtimalla Rusiya dayansa da, əmrin şəxsən V.Putin tərəfindən verilməsi az ehtimal olunandır. Putinin hakimiyyəti “təhlükəsizlik və stabillik əvəzinə hüquq/azadlıqlar” ictimai müqaviləsinə əsaslanır. Sanksiyalar Rusiya əhalisinin rifahına zərbə endirib, ictimai müqavilənin stabillik elementini sarsıtmışdır. Kremlə hücum perspektivdə təhlükəsizlik kimi ikinci elementi də diskreditə edib (“öz iqamətgahını qoruya bilməyən lider xalqı necə qoruyacaq?!”), Putin və xalq arasında ictimai müqaviləni etibarsız edə bilər.

 

Elitalararası parçalanma

 

Görünən odur ki, Kremlə hücumun arxasında Rusiyanın qərar qəbul edən elitalarından biri dayanır. Hazırda Bortnikov (FTX/ФСБ) + Narışkin (XKX/СВР) + Patruşev (TŞ katibi) bir qrupu, Zolotov (Milli Qvardiya) + Kadırov isə digər qrupu təmsil edirlər. Ukrayna müharibəsi başlayandan birinci qrupa müdafiə naziri Şoyqu və baş qərargah rəisi Gerasimov, ikinci qrupa isə Vaqner qrupunun rəhbəri Priqojin daxil oldular. Vaqnerin tükənməsi məqsədilə Şoyqu-Gerasimovun Priqojinə silah-sursat ötürməməsi, axırıncının isə 10 may tarixində Baxmutu tərk edəcəyini elan etməsi elitalararası parçalanmanı daha da kəskinləşdirdi.

 

Rusiya qanunvericiliyinə əsasən, “hökumət tərəfindən təsdiq edilmiş siyahılara uyğun olaraq mühüm dövlət obyektlərinin, xüsusi yüklərin, rabitə vasitələrinin mühafizəsi” Milli Qvardiyanın vəzifəsidir. Hücumun nə vaxt (gecə, yəni Putinin iqamətgahda olmadığı vaxtda) baş verdiyini və bundan ən çox kimin zərər gördüyünü (Kremlə hücum Zolotovun peşəkar iflasıdır) nəzərə alaraq, dron zərbəsinin yüksək ehtimalla daxili qrupların birinin tərəfindən edildiyini güman etmək olar.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 7 552          Tarix: 10-05-2023, 07:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma