Xəbər lenti


Ukrayna Silahlı Qüvvələrinin bu gecə hədəfə aldığı məkanlardan biri də Luqansk olub. Luqansk separatçı administrasiyasının məlumatına görə, hücum nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Nümayəndəlikdən əlavə ediblər ki, quşçuluq fermasının binasına da ziyan dəyib.

 

Qeyd edək ki, Qərbin dəqiq atış qabiliyyətli silahları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri heç bir vaxt hərbi əhəmiyyəti olmayan hədəfləri nişan almaz. Ən azı ona görə ki, bu silahlar hərbi baxımdan sıfır dəyəri olan mülki hədəflərdən qat-qat bahalıdır. Hərb sənətində isə “atdığın daş vurduğun quşa dəyməlidir (hər iki mənada” prinsipi əsas götürülür. Sivil hədəflərin isə heç bir qiyməti olmadığından onlar bu silahlarla vurulmaz.

 

Luqanskinin yerləşdiyi coğrafi mövqe də ora atılan raketlərin adi mərmi olmadığını təsdiqləyir. Zira Luqansk Ukraynaya nəzərən Donetskinin arxasında yerləşir. Donetskdən fərqli olaraq bu məntəqəyə daha uzaqmənənzilli mərmilər atılmalıdır. Mərminlərin və sursatların mənzili uzaqlaşdıqca qiymətləri də artır. 

 

Luqanskinin Donestkin arxasında yerləşməsi onun niyə hədəfə alındığının səbəbini də izah edir. Zənnimizcə, burda məqsəd Donetskə uzanan təchizat xətlərini dağıtmaqdır. Nədən ki, planlaşdırılan əks-hücum əməliyyatında Ukraynalıların ilk hədəfi Donetsk olacaq. Donetskin döyülməyə daha hazır vəziyyətə gətirilməsi üçün isə onun arxa cəbhəsini sıradan çıxarmaq lazımdır.

 

Bir çoxları Ukrayna ordusunun onminlərlə canlı qüvvəsini qurban verdiyi Baxmutun strateji əhəmiyyəti anlamır, Kiyevin niyə bu şəhər uğrunda ölüm-qalım mübarizəsi apardığını sorğulayırdılar. Xəritəyə nəzər salsaq, Baxmutun də Luqanskla Donetsk arasında yerləşdiyini görərik. Üstəlik, iki vilayət arasındakı kommunikasiya xətləri – dəmir və avtomobil yolları bu şəhərdən keçir. Başqa təbirlə desək, arxa cəbhə ilə ön cəbhə bu şəhərdə birləşir. Ukraynaya Qərbən müasir silahlar gələnə qədər bu şəhərin əldə saxlanılması vacib məsələ idi. Təsadüfi deyil ki, Ukraynaya müasir silahlar gəlməsi xəbəri yayılan kimi özünü Baxmutun fatehi kimi görən Yevgeni Priqojin də “missiyam bitdi” bəhanəsilə başını götürüb həmin şəhərdən qaçdı. Hazırda Baxmutda vəziyyət qismən stabilləşsə də, yaxın günlərdə Ukrayna ordusunun əks hücuma keçəcəyi əsas istiqamət bu şəhər ola bilər. Çünki Baxmutun geri alınması ilə rusların istər Donetskə, istərsə də Krıma logistik dəstəyinin də qarşısı alına bilər. Luqanskın bu baxımdan da vurulması başadüşüləndir. Məqsəd rusların arxa cəbhəsini təsirsiz hala gətirməkdir. Prinsipcə, Ukraynanın Belqoroda və Krasnodara hücumları da eyni məqsədə qulluq edir.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 676          Tarix: 31-05-2023, 08:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma