Xəbər lenti


 

Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar ən çox İranı narahat edir. SEPAH-a bağlı “İqtisadi-salim” nəşrinin Zəngəzur dəhlizi barədə yazdığı son analiz də bu nahatlıqdan xəbər verir.

 

Ovqat.com-um məlumatına görə, “Bakı işinin məmurlarını dəyişdirin” sərlövhəli məqalədə “İranın şimal-qərb sərhədlərində baş verən böhran və Pakistan-Türkiyə-Azərbaycan ittifaqının ölkə iqtisadiyyatına və milli təhlükəsizliyinə qarşı fəaliyyətləri” ələ alınıb.

 

Nəşr fikrincə, bu sahədə bəzi daxili zəifliklər var: “Görünən odur ki, ölkədə “Bakı” işinin ekspertləri və məmurları öz işlərini düzgün görməyiblər, əks halda İrana düşmən mövqedə olan ölkələrin indiki hərəkətlərinə yer verilməzdi”.

 

İqtisadi-salim” xəbər saytına görə, ərəb-İsrail-Amerika oxunun yeni layihəsi İranı “vuracaq”, zira bu layihə İranı Asiya ilə Avropa arasında yüklərin daşınması və tranziti xəttindən çıxarmağa hesablanıb.

 

“Layihənin həyata keçirilməsi missiyası xüsusi olaraq 3 ölkə Pakistan-Türkiyə-Azərbaycana həvalə olunub. İrandan yan keçərək Şərq və Qərb/Asiya və Avropa arasında malların ötürülməsi üçün bu ölkələrin ərazisindən yeni marşrut və tranzit dəhlizi yaradılır” – məqalədə bildirilir.

 

Qeyd olunur ki, bu layihədə Türkiyənin siyasi, İsrailin isə texniki-hərbi dəstəyi ilə Azərbaycanın İran və Ermənistanın sərhədinə (Zənqəzur dəhlizi) hücum edərək bölgənin işğalı nəzərdə tutulur: “Bundan sonra iranlı sürücü və yük maşınlarının hərəkət marşrutunu bağlayaraq, İranın şərqdən qərbə və şimaldan cənuba istiqamətində tranzit dəhlizini bağlayacaq, İran regional və qlobal yük tranzit dəhlizindən çıxarılacaq.

 

Bu layihə həyata keçirildikdən sonra yüklərin tranzit daşımaları yeni marşrutla; Pakistan-Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Ermənistan-Türkiyə xətti ilə İrandan yan keçəcək.

 

Halbuki, bu marşrut və tranzit oxu İrandan keçən indiki dəhlizdən xeyli uzun və daha bahalı olacaq, lakin İrana düşmən ölkələr bizə ölümcül zərbələr vurmağa çalışırlar, bu kontekstdə bütün xərcləri və riskləri belə gözə alırlar”.

 

Məqalə müəllifinin fikrincə, İran üçün həyati problemə çevrilən bu vəziyyətin yaranmasında mərhum eks-prezident Əkbər Haşimi Rəfsəncani günahkardır. Məhz onun hakimiyyəti dövründə yol verilən strateji xətalar bu vəziyyətin ortaya çıxmasına yol açmışdır. Amma xətaların nədən ibarət olduğu üzərində dayanmayan müəllif İran hökumətini bu yanlışı düzəltməyə, bunun üçün isə ilk növbədə Azərbaycanla bağlı strateji araşdırmalar aparmalı və analizlər verməli olduqları halda, mövcud böhranın baş verəcəyini vaxtında görə bilməyən  mütəxəssisləri cəzalandırmağa çağırıb. Başlıca hədəf olaraq isə İranın Azərbaycandakı səfirliyini seçib.

 

Lakin sual olunur ki, “Bakı” işi ilə bağlı Xarici İşlər Nazirliyi, təhlükəsizlik, ordu və mətbuat orqanlarında çalışan məmurlar niyə bu böhranın mümkünlüyünü qabaqcadan görmədilər. İrana düşmən dövlətlərə niyə bu addımı atmağa imkan verdilər?!

 

Bu vəziyyət onu göstərir ki, “Bakı” işinin rəsmiləri, xüsusən də Xarici İşlər Nazirliyində və ən əsası İranın Bakıdakı səfirliyində işləyənlərin lazımi biliyi və bacarığı yoxdur. Öz vəzifələrini lazımınca yerinə yetirməyiblər, ona görə də hazırkı vəzifələrində işləməyə davam edə bilməzlər və dərhal dəyişdirilməlidirlər”, -  məqalədə qeyd olunur.

 

Müəllif yazısında Azərbaycanı təhdid etməkdən də çəkinməyib. Özü də ölmüş generalları ilə.

 

“Bu kontekstdə şəhid general Qasim Süleymaninin əsgərlərinin, yoldaşlarının üzərinə çox ağır vəzifə və məsuliyyət düşür ki, bu da xalqın təhlükəsizliyinin və İranın ərazi bütövlüyünün qorunmasında şəhidlik yolunun davamıdır”, - məqalədə bildirilir.

 

Ovqat.com-un reaksiyası

 

SEPAH-a bağlılığı şübhə doğurmayan “İqtisadi-salim” nəşri başqalarını strateji xətada günahlandırdığı halda, özü əslində bu xətaya düşür. Əvvəla, onun analizində təqdim olunan xəritə reallıqdan tamamilə uzaqdır və Orta dəhliz marşrutunun tamamilə ayrı coğrafiyalardan keçdiyini göstərərək oxucunu yanıldır. Belə ki, xəritədə dəhliz Pakistandan başlayaraq Əfqanıstana, Türkmənistan keçir, ordan isə Xəzər dənizini adlayaraq Azərbaycana, Gürcüstana və Türkiyəyə qədər uzanır. Halbuki Azərbaycanın, Çinin və Qərbin gündəmində olan dəhliz Çindən başlayıb, Mərkəzi Asiya ölkələrini keçərək Xəzər dənizi vasitəsilə Azərbaycana uzanır və Gürcüstan, yaxud Zəngəzur üzərindən Türkiyəyə, ordan isə Avropaya çıxır.

 

İkincisi, Hindistanın Avropaya bağlayan Cənub-Şimal dəhlizi də Azərbaycan üçün prioritet təşkil edir və rəsmi Bakı bu istiqamətdə öz tərəfdaşlarına daha rahat və rentabelli alternativlər sunur. Bu alternativlərdən biri İranın Çabahar limanından Bakıya, Bakıdan Gürcüstana və Qara dənizə, yaxud Türkiyəyə çıxışı nəzərdə tutur. Ölkəmizin təklif etdiyi marşrutla Bakıdan və ya Azərbaycanın dəniz sularından keçərək Rusiyaya açılmaq imkanları da var, bu da layihələri daha effektiv hala gətirir. Yaxud İranlıların erməni sevdasını nəzərə alıb onlara Naxçıvan üzərindən Ermənistana bir keçid yolu da verə bilərik. Təbii ki, həm İran, həm də Ermənistan özlərini yaxşı aparsalar. Bu xətt belə, İranın “qırmızı cizgisi” elan etdiyi marşrutdan daha qısa və səmərəlidir. 

 

Azərbaycanın nəql baxımından   şoxşaxəli olan dəhliz təkliflərinin hamısı  bizim tərəfimizdə istifadəyə hazır vəziyyətdədir. O xətlərin istifadəyə tam açılmamasının yeganə səbəbi İranın başını ermənilərə qatıb bizə hədə-qorxu gəlməsi və Rəşt-Astara dəmir yolunun inşasını gecikdirməsidir. Qonşu dövlətin strateqləri isə məsələyə praqmatik yanaşmadıqlarından və bütün çalışmalarnda Türk düşmənçiliyinə söyləndiklərindən bu reallıqlar görə bilmir, mənasız fikirlərlə ürək bulandırırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 6 016          Tarix: 2-06-2023, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma