Dünyanın ən ciddi media qurumları Ukraynanın əks-hücum əməliyyatına başladığını iddia etsə də, rəsmi Kiyev bu faktı yalanlamağa çalışır.
Ovqat.com-un məlumatına görə, Ukrayna rəsmiləri əməliyyatların gedişi ilə bağlı ya susur, ya da belə bir əməliyyatın keçirilmədiyini iddia edirlər.
Bəs bu bir-birindən fərqli məlumatların səbəbi nə ola bilər?
Zənnimizcə, bunun 2 mühüm səbəbi var. Onlardan biri hələ hədəfə çatmamış və əldə olunan mövqelər möhkəmləndirilməmiş tələsik informasiyaların əks nəticə verə biləcəyi ehtimalıdır. Görünür, Ukrayna hərbi qüvvələri əldə olunan mövqelərin daha sonra itiriləcəyindən çəkinib bu barədə susmağa üstünlük verirlər. Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın apardığı 44 günlük müharibədə də bu metoda üstünlük verilmiş, düşmən mövqeləri, yaşayış massivləri işğaldan tam azad olunduqdan sonra hərbi uğurlarımız ictimailəşdirilirdi. Eyni taktikanın Ukrayna cəbhəsində də tətbiq olunması Rusiyanın regiondan sıxışdırılıb çıxarılması uğrunda aparılan savaşların eyni mərkəzdən planlaşdırıldığının işarəsi ola bilər.
Ukrayna Silahlı Qüvvələrinin sükut qərarı aparılan əks-hücum əməliyyatının Kiyev üçün taleyüklü əhəmiyyəti ilə də bağlıdır. Bildirildiyinə görə, Ukraynanın tərəfdaşları əks-hücum əməliyyatının nəticəsindən asılı olaraq ona nə səviyədə silah verməyəcəklərini müəyyənləşdirəcəklər. Sirr deyil ki, Zelenskinin bütün səylərinə baxmayaraq, NATO ölkələri Ukraynaya F-16 təyyarələri vermədilər. Onlar açıq şəkildə Ukraynanın əks-hücum əməliyyatı üçün lazım olan bütün silahlarla təchiz olunduğunu, Kiyevin bu silahlarla da bəzi önəmli uğurlar qazana biləcəyini bildirmişdilər. Məlumata görə, F-16-ların və müharibənin taleyini dəyişdirəcək digər silahların cəbhədə qazanılacaq uğurdan sonra Kiyevə təslim ediləcəyi planlaşdırılır. Bu da NATO ölkələrinin Ukraynanın Rusiyaya qarşı müharibədə arzulanan qabiliyyəti qazana biləcəyinə şübhə ilə yanaşdıqlarını göstərir. Prinsipcə, Ukraynanın özü də bu başarının asan əldə olunmayacağına inanır. Belə ki, ölkə rəsmiləri NATO-dan aldıqları silahın Rusiyaya qarşı əks-hücum əməliyyatında yetərli olmayacağını dəfələrlə dilə gətirmişdilər. Kiyevin bu ehtiyatlılığı istər-istəməz onun ümumiyyətlə əks-hücum əməliyyatına başlayıb-başlamayacağını şübhə altına alırdı. Belə bir vəziyyətdə Ukraynanın hədsiz dərəcədə silahlandırılmasının əhəmiyyəti Qərb çevrələrində müzakirə predmetinə çevrilmişdi. Məhz bu səbəbdən, NATO müttəfiqləri Ukraynanın ilkin əks-hücum səylərində sərgiləyəcəyi uğura görə onun taleyinə qərar verməyi planlaşdırırlar. Ukrayna əgər hərbi yolla torpaqlarını geri qaytara biləcəyinə ümid yaradarsa, ona daha çox silah verəcək, yox əgər istənilən nailiyyəti əldə edə bilməyəcəksə, Rusiyanı da, Ukraynanı da sülh masasına oturdacaqlar.
Ukraynadan gələn xəbərlər isə tam arzuolunan səviyyədə deyil. Bildirildiyinə görə, Ukrayna əks-hücum əməliyyatlarında lokal uğurlar qazansa da, Rusiyanın gözlənilməz müqavimətilə üzləşiblər. Bu da Qərb analitiklərində Ukraynanın işğal olunmuş əraziləri tam azad edə biləcəyinə inamsızlıq yaradıb.
“Ukrayna ordusunun uğuru mühüm ərazilərin qaytarılması və saxlanması, həmçinin Rusiya ordusunun zəiflədilməsi olacaq. Cəbhədəki uğurlu hərəkətlər Kiyevə tərəfdaşlardan əlavə hərbi yardım almağa kömək edə bilər”, – “The New York Times” nəşrində dərc olunan bir məqalədə belə deyilir.
Nəşr yazır ki, ABŞ və Avropa ölkələrinin rəsmiləri “Ukraynanın əks-hücum zamanı rus qoşunlarını nokauta sala biləcəyinin çətin olduğunu düşünürlər. “The New York Times”ın (NYT) məlumatına görə, ABŞ kəşfiyyat agentliklərinin ən çox üzərində dayandıqları ssenariləri Ukraynanın ilkin mərhələlərində daha kiçik qələbələrinə hesablanıb. Məsələn, Ukrayna müdafiəçiləri Donbassın bəzi hissələrini geri alacaq və ya Rusiya ordusunu ölkənin cənub-şərqində yerləşən kənd təsərrüfatı və mədən ərazilərindən sıxışdırıb çıxaracaqlar.
Qəzet yazır: “Zaporojyenin işğaldan azad olunması dünyanın ən böyük atom elektrik stansiyalarından birini və mühüm elektrik enerjisi mənbəyini Ukraynanın əlinə qaytaracaq simvolik və strateji qələbə olardı”.
Qərb rəsmiləri hesab edir ki, Ukrayna üçün Rusiyanın Krımla quru bağlantısı adlanan əlaqələrii kəsmək və ya heç olmasa onu sıxışdırmaq çox vacibdir. Söhbət Rusiyanın Ukraynada əsas təchizat marşrutuna çevrilmiş Krımla Rusiya arasında (xüsusən, Melitopol istiqaməti - red.) işğal olunmuş ərazilərdən gedir.
"Uğur (əks-hücumlar – red.) asan təmin edilmir. Müharibə boyu yüksək motivasiyalı döyüşçülərə, yaradıcı hərbi əməliyyatlara və qabaqcıl Qərb silahlarına malik Ukrayna ordusu Rusiya ordusunu üstələyib. Lakin ukraynalılar hərbi qüvvələrini irəlilətməkdə çətinlik çəkirlər. Ruslar son bir neçə ayda cəbhə xəttlərinin güclə hərəkət etdiyi zaman möhkəmləndirilmiş müdafiə mövqelərini tərk edirlər. Bununla belə, Ukrayna keçən il Xarkovdan şərqdə ərazinin böyük bir hissəsini ələ keçirməsi və ondan sonra olduğu kimi uğurlu hücum əməliyyatlarına başlaya biləcəyini nümayiş etdirdi. Xerson şəhərini geri qaytardı” - deyə NYT yazır.
Qərb rəsmiləri həmçinin vurğulayırlar ki, Ukrayna SQ-in əks-hücumunun həyati məqsədi Rusiya ordusunu daha da zəiflətmək olmalıdır. Ukraynanın şərqindəki Baxmutda gedən döyüşlərdə rus qoşunları böyük itki verdi. Ukraynanın növbəti uğuru Rusiyanı ağır itkilərlə geriyə püskürtmək olardı.
“NYT”-in fikrincə, Rusiya aviasiyası demək olar ki, indiyə qədər müharibədə yer almayıb və Ukraynanın hava hücumundan müdafiə batareyaları Rusiya bombardmançı və qırıcılarını təhdid edir. Ancaq Rusiya Ukraynanı daha aqressiv şəkildə bombalamağa başlasa, əks-hücumda problem yarana bilər.
Nəşrin iddialarına inansaq, Ukraynanın uğurlu hücumu rus qoşunlarının mənəvi-psixoloji vəziyyətinin pisləşməsi kimi əlavə divident gətirə bilər: “Hazırda Rusiya ordusu kəskin silah və şəxsi heyət çatışmazlığı ilə üzləşir. Moskva köhnə tankları anbarlardan çıxararaq onlardan çağırışçıların da göndərildiyi cəbhədə istifadə etməyə məcbur olub.
Bununla belə, Rusiya öz qoşunlarını təkmilləşməyə çalışır - taktikalarını dəyişdirir, ən yaxşı müdafiə əməliyyatlarına hazırlaşır. Müharibə həmişə müdafiəçilərin xeyrinədir. Ukrayna Silahlı Qüvvələrinin qarşısında isə ruslar dayanırlar və onlar möhkəmlənməyə nail olublar”, – “The New York Times” yazır.
Döyüş meydanında müəyyən uğurlar - istər Rusiya ordusunun məhv edilməsi, istər müəyyən ərazini ələ keçirmək, istərsə də hər ikisi - Kiyevə Avropa və ABŞ-dan əlavə hərbi yardım ayırmağa kömək edə bilər. Yaxud da Rusiyanı dialoqa getməyə məcbur edəcək.
"Əhəmiyyətli olan budur ki, əks-hücum əməliyyatı Rusiyanı zəiflədərsə, o, daha güclü Ukrayna ilə mənalı dialoqa məcbur ola bilər. Əks-hücumun nəticəsi nə olursa olsun, ABŞ və Avropa rəsmiləri Putinin hazırda danışıqlar aparmaq niyyətində olmadığı ilə razılaşırlar. Lakin Putin də öz gücünü anlayır və əks-hücum əməliyyatını vacib edən budur”, - yazan “The New York Times” Qərb rəsmilərinə istinadən bildirir ki, əgər döyüş xətləri nisbətən dəyişməz qalsa və ya Ukrayna əhəmiyyətli bir şəhəri geri ala bilməsə, o zaman Ukraynanın tərəfdaşlarının müharibə ilə bağlı şübhələri artacaq: “Xüsusilə ukraynalılar çoxlu əsgər və texnika itirsələr”.
Əgər Ukrayna SQ əhəmiyyətli irəliləyiş əldə edə bilməsə, ABŞ-ın onu daha da yaxşı silahlar və daha təkmil hərbi təlimlərlə təmin etməklə gücləndirmək üçün uzunmüddətli strategiyasını sual altına qoya bilər. Lakin ABŞ rəsmiləri nikbindir və Ukraynanın döyüşdə tədricən də olsa, kifayət qədər uğur qazanacağına inanırlar.
Göründüyü kimi, Ukrayna rəsmiləri NATO ölkələrindən istədiyini almaq üçün əks-hücum əməliyyatına başlayııb. Bir növ Ukraynanın gələcəyi naminə əks-hücum əməliyyatı kozırı ilə qumar oynayır. Bu “qumar”ın qazananı kim olacaq? – sualın cavabı yaxın günlərdə aydınlaşacaq.
Ovqat.com
Paylaş: