![](/templates/Wmediat51/images/vetendash.jpg)
“Qarabağın təhlükəsizlik məsələsi olmasaydı, biz sülh sazişini indiyədək 3-4 dəfə imzalamışdıq”.
Ovqat.com xəbər verir ki, bunu iyunun 13-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, Qarabağın təhlükəsizlik təminatları bu danışıqlarda ən vacib və çətin məqamlardan biridir.
“Bir vaxtlar hamı Qarabağı danışıqlar prosesindən kənarda qoyan hakimiyyəti tənqid edirdi. İndi biz “DQR”in hansısa statusda, hansısa formada, hansısa formatda danışıqların tərkib hissəsi olmasına çalışırıq, amma heç kim bu haqda danışmır, əksini deyirlər. Əgər bu məsələ olmasaydı, biz artıq 3-4 dəfə sülh sazişi imzalamışıq”, - Simonyan bildirib.
Qeyd edək ki, əli hər yerdən üzülən Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsinin beynəlxalq himayədarların çətiri altına almaq istəyir. Bu isə Azərbaycanın öz torpaqları üzərində suverenlik haqqlarının pozulması cəhdidir və rəsmi Bakı bu prinsipi yaxına buraxmaq istəmir. Bakı Azərbaycan vətəndaşlığını qəbul edən hər bir Qarabağ ermənisinin digər vətəndaşlarımız kimi eyni hüquq və azadlıqlardan istifadə edəcəyini və bunun mövcud qanunlarla təmin olunacağını vurğulayır. Heç bir şəxsin xüsusi imtiyaza malik olmamasının demokratik ənənə və hüquq bərabərliyinin təməl prinsiplərindən sayıldığını nəzərə alsaq, Azərbaycanın bu mövqeyi kifayət qədər haqlıdır.
Üstəlik, erməni azlığın hüququ bəhanəsinin xarici qüvvələrin Azərbaycanın daxili işinə qarışmasına gətirib çıxaracağını nəzərə alan rəsmi Bakı gələcək problemlərin əsasını indidən qoymaq istəmir.
Bundan əlavə, SSRİ-nin dağıldığı illərdə Ermənistanda çox saylı Azərbaycanlı yaşayırdı. Ermənilər onları zorla öz dədə-baba yurdlarından didərgin saldılar. Əgər Azərbaycan Qarabağda yaşayan bir ovuc erməniyə hansısa müstəsna hüquq verəcəksə, məntiqlə, İrəvan da eyni addımı atmalı, Qərbi Azərbaycan sakinlərinin öz yurd-yuvalarına geri dönməsinə, tarixi torpaqlarında təhlükəsiz yaşamasına zəmanət verməlidir. Ermənilər isə bu mövzunun ümumiyyətlə gündəmə gətirilməsini istəmirlər. Bu vəziyyətdə birtərəfli qaydada Qarabağ ermənilərinə hansısa hüquq vermək problemin ədalətli həllindən uzaqlaşmaq deməkdir.
Məsələlərə bu aspektdən baxanda aydın olur ki, İrəvan hansısa problemi çözməyə yox, əksinə qaşınmayan yerdən qan çıxarmağa, konflikti hansısa münasibət vaxta qədər dondurmağa çalışır. Bu isə konstruktiv danışıqlar prosesinin mövzusu ola bilməz.
Qeyd edək ki, İrəvanın indi əlində rəhbər tutduğu Qarabağ ermənilərinin taleyi məsələsinin Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişinin müddəalarından birinə çevrilməsi ideyası Moskvanın planıdır və ilk dəfə ötən il oktyabrın sonlarında “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin tərəfindən dilə gətirilib. O, toplantıda çıxış edərkən faktiki olaraq Azərbaycanın suverenliyini açıq şəkildə şübhə altına alaraq demişdi: “Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ gələcək sülh müqaviləsində nəzərə alınmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”.
Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl ortaya atılan “təklif”, sözsüz ki, müəyyən razılıqların əldə olunduğu Vaşinqton danışıqlarını pozmağa xidmət edir və hər vəchlə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışan ermənilərə növbəti bəhanələr verirdi. Təsadüfi deyil ki, Putinin bu sözlərindən dərhal sonra Paşinyan hakim Mülki Müqavilə Partiyasının qurultayında Moskvanın irəli sürdüyü bəhanəyə sığınaraq demişdi: “Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya Prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mənim özüm də bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir”.
O dövrdən indiyədək “Moskva” variantına arxalanıb Qarabağı Azərbaycanın suverenliyindən kənar “boz ərazi”yə çevirmək istəyən rəsmi İrəvan, nə yazıq ki, Qərb ölkələrində də özünə havadar tapa bilir. Dünən Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasındakı münasibətlər, Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda keçirilən müzakirələr zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin açıqlamaları bunun bariz örnəyidir. Rus “sülhməramlıları”nın Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirən Avropa İttifaqının baş diplomatı Azərbaycana Paşinyanın “ərazi bütövlüyünü tanımaq” bəyanatı qarşılığında “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə beynəlxalq zəmanət” təklifində bulunurdu. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, bu tezis Putin tərəfindən irəli sürülüb, Qarabağ problemini konservləşdirməyə və rus “sülhməramlı”larının uzun illər Azərbaycan torpaqlarından çıxmasına, ermənilərin isə Moskvanın himayəsinə sığınmasına hesablanıb.
Paylaş: