“Ermənistan Baş naziri və Azərbaycan Prezidentinin əldə etdiyi pərdəarxası razılaşmaları nəzərə alaraq, Cənubi Qafqazda sərhədlərin və xəritələrin dəyişdirilməsi ilə bağlı narahatlıqlar var”.
Ovqat.com xəbər verir ki, bunu İran parlamentinin üzvü Ara Şaverdyan mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, 44 günlük müharibədən sonra bağlanmış 9-10 noyabr sazişindən kənara çıxır.
Şaverdyan İran XİN-i daha ayıq olmağa çağırıb, çünki Azərbaycan və Ermənistan liderlərinin razılaşmasında söhbət Zəngəzur dəhlizindən gedə bilər.
"Ermənistan hakimiyyəti həmişə Zəngəzur dəhlizinə qarşı olduqlarını desə də, faktlar göstərir ki, biz bu dəhlizə addım-addım yaxınlaşırıq və bu da İran İslam Respublikasına ziyan vurur, çünki Cənubi Qafqazda mövcudluğumuzu məhdudlaşdırır və Cənub - Şimal dəhlizinin taleyini şübhə altına alır", - deputat bildirib.
İranın erməni əsilli deputatı sonunda “ağzındakı əsl paxlanı çıxarır”. Sən demə, onun dərdi təkcə Zəngəzur dəhlizi də deyilmiş. Ara Şaverdyan Qarabağın Azərbaycana “verilməsini” də İranın milli maraqlarına zidd hesab edirmiş:
"Əgər Dağlıq Qarabağ Azərbaycana verilsə, onlar addım-addım irəliləyəcək, Zəngəzur dəhlizini və ya digər dəhlizləri ələ keçirəcəklər. Çünki onlar Avropa və Türkiyə ilə birləşmək istəyirlər və bu, bizim Avrasiya, Qara dəniz və Gürcüstana çıxışımızı məhdudlaşdıracaq. Bu gün Türkiyənin Azərbaycanla Naxçıvan və İran torpaqları vasitəsilə əlaqələri var və bu sərhəd dəyişikliklərinə və bölgədəki digər hadisələrə ehtiyac yoxdur.
Təəssüf ki, Cənubi Qafqazda sionist rejim və NATO kimi üçüncü elementlər Avrasiyaya girişimizi məhdudlaşdıran amillərdir və bu, bizə siyasi, iqtisadi və strateji baxımdan zərər verir. Ümid edirik ki, Avrasiya İqtisadi Birliyinin daimi üzvü olacağıq", - deputat bildirib.
Paylaş: