“İyunun 22-də saat 13:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə rayonu istiqamətində odlu silahlardan istifadə etməklə atəşkəs rejimini pozub. Nəticədə müqaviləli hərbçi Akopyan Mher Kamoeviç yaralanıb”.
Ovqat.com xəbər verir ki, Qarabağ erməni separatçılarının qeyri-qanuni “hərbi idarəsi”nin yaydığı bəyanatında belə deyilir.
Azərbaycan Müdafiə Nazirliyi isə dünən Qarabağda separatçılarla əsgərlərimiz arasında baş verən atışmaya belə aydınlıq gətirib: “İyunun 21-i saat 23:05-dən iyunun 22-si saat 08:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb”.
Göründüyü kimi, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Ağdərə adı keçmir. Ağdam və Xocalı rayonlarının Ağdərə istiqamətində yerləşdiyini nəzərə alsaq, separatçıların məhz bu ərazidə baş verən atışmalardan bəhs etdiyi anlaşılır. Səbəb isə Müdafiə Nazirliyinin bəyanatında çox aydın göstərilir: “erməni silahlı dəstələrinin üzvlərinin kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi”. Nəzərə alsaq ki, hansısa bir ərazidə fortifikasiya qurğularını quraşdırmaq döyüş hazırlığına başlamaq deməkdir, təbii ki, Azərbaycan Ordusu buna imkan verə bilməz.
Üstəlik, 44 günlük müharibədən sonra bağlanmış 3-tərəfli Bəyanatda Qarabağ ermənilərinin məskunlaşdıqları ərazilərdə ordu birlikləri, silahlı birləşmələr saxlamaq hüquqları yoxdur. Onlar isə baş verən hadisə barədə “Artsax Müdaifə İdarəsi” adından bəyanat yayırlar. Azərbaycanın torpaq bütövlüyünə və suverenlik haqlarına açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilə bilən bu bəyanatın özü Ordumuza anti-terror əməliyyatı keçirməsi üçün kifayət qədər əsas yaradır.
Zənninimzcə, ermənilərin son aylarda təmas xəttində israrla fortifikasiya qurğularını quraşdırmağa cəhdləri, qondarma dövlət adından verdikləri bəyanatlar məhz Azərbaycanla Ermənistan arasında yaxın günlərdə sülh müqaviləsi bağlamaq ehtimalını heçə endirmək cəhdidir. Məlum olduğu kimi, Ermənistan Baş naziri neçə müddətdir ki, İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamaq istədiyini bildirir. Hətta onun bu gün verdiyi bəyanatda sözügedən müqavilənin gələn həftə Vaşinqtonda bağlanacağı vurğulanır. Təsadüfi deyil ki, Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli də bugünkü açıqlamasında açıq şəkildə Azərbaycan və Ermənistan arasında yaxın günlərdə tarixi sülh müqaviləsinin imzalanacağını qeyd etmişdi.
Azərbaycan və Ermənistan rəsmilərinin ciddi şəkildə sülh müqaviləsi imzalamağa hazırlaşdığı bir zamanda gah Naxçıvanın qərb sərhədlərində, gah Laçın buraxılış-keçid məntəqəsində, gah da Qarabağda bu cür təxribatların törədilməsi ağla iki ehtimalı gətirir: ya İrəvan bu sülh müqaviləsi bağlamaqda maraqlı deyil, ya da ermənilərin arasında hansısa qüvvələr Paşinyanı fakt qarşısında qoyaraq onun bu təşəbbüsdən geri çəkilməsinə çalışırlar.
Zənnimizcə, bu ehtimallardan ikincisi daha ağlabatandır. Belə ki, Paşinyan da Azərbaycanla sülh sazişi imzalamaqdan boyun qaçırarsa, hansı tale ilə üzləşə biləcəyini yaxşı başa düşür. Sülhdən imtina edəcəyi təqdirdə beynəlxalq aləmdə bütün nüfuzunu itirəcəyini və nəticədə təcavüzkar tərəf kimi Azərbaycanın legitim hücumlarına məruz qalacağını, beləliklə də yeni məğlubiyyətlərə sürüklənəcəyini anlayan Paşinyan həm özünü, həm ölkəsini daha ağır vəziyyətə salacağının fərqindədir. Odur ki, bir an öncə bu sazişi bağlayıb, bütün günahları öz üzərindən atmağa, Qarabağ ermənilərini isə Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymağa və onları bəzi xarici dövlətlərin himayədarlığına verməyə çalışır.
Ovqat.com-un bir müddət əvvəl əldə etdiyi məlumatlar da bu ehtimalı gücləndirir. Məlumata əsasən, son zamanlar separatçılar Qarabağda genişmiqyaslı döyüşlərə hazırlaşırlar. Hətta bu məqsədlə Qarabağ ermənilərinin yaşını süni şəkildə gəncləşdirmə siyasəti həyata keçirirlər; 50 yaşdan yuxarı sakinləri Ermənistana göndərir, 25-35 yaş arası xüsusi hərbi təlim keçmiş insanları saxta sənədlərlə Qarabağa gətirirlər. Separatçıların təmas xəttində ciddi cəhdlə fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərmələri də bu baxımdan səbəbsiz deyil.
Görünür, yaxın günlərdə hücum əməliyyatlarına başlamağa hazırlaşan separatçılar indidən bunun informativ bazasını yaratmağa, çıxacağı gözlənilən insidentin məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışırlar. Digər bir məqsəd isə təbii ki, xarici havadarlarını da başladacaqları hücuma hazırlamaq, nəticədə Azərbaycanla Ermənistan arasında bağlanması nəzərdə tutulan sülh müqaviləsinin imzalanmasının qarşısını almaq, bunu bacardıqdan sonra isə öz lobbilərini dərhal hərəkətə keçirib yenidən atəşkəsə nail olmaqdır.
Paylaş: