Üz qabığı şəkilləri ilə geosiyasi proqnozlar verməyi ilə ad çıxarmış “The Ekonomist” dərgisinin bu aydakı baş mövzusu Putin olub.
Ovqat.com-un məlumatına görə, London mərkəzli dərgi üz qabığına Putinin cadar-cadar olmuş sifətini çıxarıb. Şəkilin üzərində isə yazılıb: "Vladimir Putinin alçaldılması".
Zənnimizcə, burada Putinin sifəti əslində Rusiyanı təmsil edir. Şəkilin anlamı isə Rusiyanın xeyli hissəyə bölünməsidir. Belə anlaşılır ki, dünyanın güc mərkəzləri Rusiya barədə son qərarlarını veriblər: parçalanmalıdır. Halbuki, bu zamana qədər anqlosakson ittifaq ən böyük nüvə dövləti olduğunu və təbii sərvətlərinin dünyaya daşınması üçün dənizə çıxışının olmadığını nəzərə alıb Rusiyanın parçalanmasını istəmirdilər. İndi isə deyəsən vəziyyət dəyişilib.
Dərginin baş yazısında isə “Vaqner” qiyamından sonra Vladimir Putinin düşdüyü çətin vəziyyətdən bəhs olunur. Məqalənin icmalını təqdim edirik.
✅ Vaqner üsyanı göstərdi ki, Putin hər bir ölkə liderinin fundamental və ən mühüm vəzifəsini - dövlətin təhlükəsizliyini təmin etmək funksiyasını belə yerinə yetirə bilmir.
✅Cənab Putinin süqutunun tezliklə, aylar və ya illər sonra baş verməsindən asılı olmayaraq, o, uduzan lider kimi tarixə düşəcək. Hətta çar kimi də deyil, sadəcə Rusiyanı dağıdan çetenin quldurbaşısı kimi. Bəli, gücün hər şey olduğu indiki dünyada, o, zəifləmiş bir quldurbaşı kimi görünür.
✅Optimistlər Putinin zəifliyini onun hakimiyyətinin qaçılmaz sübutu kimi təqdim edirlər. Kaş ki, belə olsaydı. Reallıq budur ki, despotlar, hətta zəifləyəndə belə, həqiqi bir alternativləri olmadıqda və istifadə etmək üçün yanlarında hələ çox silah və amansızlıq varsa, uzun müddət yaşaya bilərlər. Qonşu Belarusdakı Aleksandr Lukaşenkoya və ya Suriyada Bəşər Əsəd kimi.
✅ “Əlavə iki amil cənab Putinə qarşı işləyir.
Müharibə
Birinci amil müharibənin özüdür. Ukraynanın əks-hücumu durmadan irəliləməyə davam edir. Gözləniləndən daha yavaş olsa da, Rusiyanın 2022-ci ilin fevralından bəri əldə etdiyi əraziləri və bəzi yerlərdə hətta Rusiyanın 2014-cü ildəki ilk işğalı zamanı tutduğu mövqeləri geri qaytarır”.
Putinin qələbə puç olmuş nəzəriyyəsi
“Cənab Putinin qələbə nəzəriyyəsi ondan ibarətdir ki, Rusiya Qərbi gözləyə bilər. Ukrayna ehtiyac duyduğu irəliləyişləri əldə edə bilməsə, Qərbin dəstəyi zamanla zəifləməyə başlayacaq. Ancaq Putinin nəzəriyyəsi getdikcə daha az inandırıcı görünür. Bəli, Rusiya Ukraynaya zərər verməyi bacardı; lakin o, fəth olunmaqdan uzaqdır, bir millət kimi formalaşıb, Avropa Birliyinə və bəlkə də NATO-ya üzv olmaq yolundadır. Putinin Qərbdəki qarışıqlıq vizyonundan uzaq olan NATO Finlandiya və tezliklə İsveç daxil olmaqla genişləndi; Avropanın müdafiə xərcləri artdı və Rusiya enerji daşıyıcılarından asılılıq aradan qaldırıldı.
Əksinə, 100.000-dən çox rusun öldürülməsi və yaralanmasına baxmayaraq, savaş Rusiyaya hətta Kreml təbliğatçılarının da uğur kimi təqdim edə biləcəyi bir şey gətirmədi. Bunun əvəzinə, proqnozlar daha böyük qurbanların zəruriliyindən bəhs edir. Rusiya üçün cəbhədən gələn hər bir pis xəbər Putinə ictimai təzyiqləri artırır.
✅ Putinin ikinci problemi iqtisadiyyatdır.
Keçən il müharibənin başlaması ilə kəskin şəkildə yüksələn neft və qaz qiymətləri sayəsində Putin üçün olduqca yaxşı günlər davam edirdi. Neft tədarükü dayanmamışdı və dövlətin hələ də çoxlu nağd pulu vardı. Böyümə sürətinin yavaşlamasına baxmayaraq, tam miqyaslı iqtisadi böhran ən azı bu il də çətin görünür.
Lakin Putinin yeni genişmiqyaslı hücum üçün resursları yoxdur. Rusiyanın qaz satışından əldə etdiyi gəlirlər kəskin şəkildə azalıb (müharibə nəticədə ən yaxşı istehlakçısını itirib) və qlobal neft qiymətləri də aşağı düşüb. Dövlət xərcləri (müharibənin böyük xərcləri daxil olmaqla) ilə daxilolmalar arasındakı boşluq artır və bu da Rusiyanı suveren Sərvət Fonduna basqın etməyə məcbur edir. Son bir ildə rubl dəyərinin təxminən 40% - ni itirib. Çin Rusiya neftini endirimlə alır, lakin hələlik çoxlu silah tədarük etməyib.
İndi Putin qəddar repressiya və təmizləmələr apararaq gücünü bərpa etmək istəyir. Ancaq gec-tez gözləmək qabiliyyəti onu tərk edəcək. Dünya buna hazır olmalıdır. Bir çox mümkün nəticələrdən biri kimi, 4000-dən çox nüvə başlığı olan bir ölkədə nizamın çökməsi dəhşətli ola bilər. Buna baxmayaraq, Putinin fəaliyyəti göstərdi ki, bir nəfərin korrupsiyalaşmış hakimiyyəti fövqəldövləti idarə etməyin yolu deyil. Rusiya üçün yeni nizama və sağlam düşüncəyə qayıtmaq təhlükəli olacaq, amma cənab Putinin əsgərləri ilə ələ keçirməyə çalışdığı Ukraynada imperiya hökmranlığını xəyal etdiyi müddətcə bu yol belə başlaya bilməz”.
Tərcümə etdi: Ovqat.com
Paylaş: