Xəbər lenti

 

Ermənistanda Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını cinayət məsuliyyətinə cəlb etmək məqsədilə aralarında ictimai fəallar, mədəniyyət xadimləri, keçmiş məmurlar və deputatların da olduğu bir qrup vətəndaş “Hayakve” adlı imzatoplama təşəbbüsü qaldırıb. 

 

Ovqat.com-un məlumatına görə, təşəbbüs müəllifləri Cinayət Məcəlləsində dəyişiklik aparmağı və Ermənistan adından Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan vəzifəli şəxslərə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edirlər.

 

Təklif olunan maddənin “birinci bəndi Ermənistan Respublikası adından “Artsax”ın [Qarabağın] başqa dövlətin bir hissəsi kimi tanınmasının, ikinci bəndi isə Ermənistan Respublikası adından “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasından imtinanın cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Niyə bu iki nöqtə? Çünki bu iki məqam 1990-cı il avqustun 23-də qəbul edilmiş Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində birbaşa milli məqsədlər kimi qeyd olunur və beləliklə də Ermənistanın konstitusiya quruluşunun əsasıdır”, - deyə “Hayakve” koordinatoru Avetik Çalabyan bildirib.

 

Əgər Ermənistanın 50 min vətəndaşının imzası toplansa, o zaman Konstitusiyaya görə, məsələ Milli Məclisin gündəliyinə salınacaq. Və parlament bunu təsdiq etməsə, o zaman layihənin referenduma çıxarılması üçün 300 min imza tələb olunacaq.

 

Hər həftənin sonunda Hayakve təşəbbüs qrupu həmin həftə ərzində toplanmış imzaların sayını dərc edəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, imzaların toplanması fiziki rejimdə, eləcə də elektron imza toplusu şəklində həyata keçirilir. Hər iki statistika hər həftənin sonunda dərc olunacaq”, - deyə Çalabyan bildirib.

 

Göründüyü kimi, Ermənistanın ultra-millətçi dairələri Paşinyan hökumətinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının qarşısını almağa çalışır. Bu isə eyni zamanda İrəvanın sülh danışıqlarından çəkilməyə vadar olunması deməkdir. Bəs, bu niyyət baş tutarsa, İrəvanı hansı tale gözləyir? 

 

Sözsüz ki, Paşinyan hakimiyyəti sülh danışıqlarından çəkilsə, Azərbaycanın qarşısında bircə yol qalacaq: Qarabağı hərbi yolla separatçılardan təmizləmək. Üstəlik, Ermənistanın Azərbaycanın torpaq bütünlüyünü tanımaması rəsmi Bakının da bənzər addımlar atması və Naxçıvana quru yolu əlaqəsini qeyri-diplomatik yolla açmasına zəmin hazırlaya bilər. Bu isə böyük miqyaslı müharibə deməkdir. 

 

Elədirsə, ultra-millətçi erməni qrupları yeni müharibəyə şərait yaratmaqla nəyə nail olmaq istəyirlər?  - əlbəttə ki, potensial müharibədə Paşinyan hökumətinə böyük itkilər verdirməyə və erməni qanı üzərində onu devirib hakimiyyətə gəlməyə. 

 

Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan da belə düşünür. O, özünün Facebook səhifəsində paylaşdığı statusda bunu etiraf edib.

 

Deputat paylaşımında bu suala cavab axtarır: “Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasını cinayət hesab edən” qanun layihə nəyə qulluq edir? Cavab çox sadədir: belə bir layihənin qəbulundan sonra Azərbaycan dərhal Ermənistana və Qarabağa qarşı genişmiqyaslı hərbi əməliyyata başlayacaq və bunun ağır nəticəsi olacaq”.

 

Deputatın fikrincə, Ermənistan müxalifəti bu planını xalqın adından həyata keçirməyə çalışır. Məhz bu səbəbdən də həmin təşəbbüsü öz adlarından yox, geniş ictimaiyyət adından irəli sürürlər: “Parlament müxalifəti yeni müharibənin məsuliyyətini xalqın üzərinə atmağa çalışır. Onlara çox sadə səbəbdən yeni müharibə lazımdır, yalnız bu halda böyük insan və ərazi itkiləri bahasına hakimiyyətə gələ biləcəklər, sadəcə olaraq başqa variantları yoxdur.

 

Ona görə də “Hayakve” təşəbbüsünün yalnız bir siyasi nəticəsi ola bilər: Azərbaycanın əl-qolunu açar ki, onun tərəfindən növbəti hərbi “təcavüz” baş versin və bu sənədi imzalayan şəxs dolayı yolla Bakıya Ermənistan və Qarabağa müharibə elan etmək imkanı verir.

 

P.S. Ümid edirəm ki, layihəyə imza atanlar və onların oğulları, Allah eləməsin, Azərbaycanla növbəti müharibə zamanı cəbhə bölgəsinə ilk gedənlərdən olacaq və Vətəni müdafiə edəcək, müxtəlif bəhanələrlə təlimdən yayınmayacaqlar”, - deputat paylaşımında bildirir.

 

Qeyd edək ki, müxtəlif xarici güc mərkəzlərinə bağlı erməni dairələri Qarabağda da bənzər siyasət həyata keçirirlər. Xüsusilə Vaşinqton görüşləri əsnasında erməni separatçılarının təxribatçı əməllərə əl atması bunun ən bariz sübutu idi. Yadınızdadırsa, iyunun 27-dən 28-nə keçən gecə Qarabağda erməni separatçıları mövqelərimizə atəş açmış və hərbi qulluqçumuz Bəkirov Əli Şükür oğlunu yaralamışdılar. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 4 erməni təxribatçısı öldürülmüşdü. Sonradan məlum olmuşdu ki, onlardan ən azı 2-si Ermənistan vətəndaşıdır. Halbuki, Azərbaycanla Ermənistan və Rusiya arasında bağlanan 9-10 noyabr Bəyanatına əsasən, İrəvan Qarabağdakı silahlı qüvvələrini dərhal çıxarmalı və erməni tərəfi bu ərazidə hər hansı hərbi qruplaşma saxlamalı idi. İrəvanın imzaladığı saziş hökmlü sənədə belə məhəl qoymaması onun müharibəni dayandırmaq istəməməsindən xəbər verir. 




Ana səhifəyə qayıt        Baxış: 6 096          Tarix: 6-07-2023, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma