Xəbər lenti


 

Ukrayna prezidenti Vladimir Zelenski dünən anidən İstanbula səfər etdi. O, Vəlahəddin Köşkündə türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla 2.5 saatlıq görüş keçirdi. Görüşdən sonra iki lider ortaq mətbuat konfransı keçirərək çox önəmli mesajlar verdilər.

 

Zənnimizcə, bu ani səfərin əsl səbəbi məhz bu konfransda dilə gətirilən fikirlərdə gizlidir. Odur ki, liderlərin konfransda səsləndirdiyi fikirlərin qısa məzmununa nəzər salaraq səfərin hansı məqsədlə baş tutduğunu anlaya bilərik.

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mətbuat konfransında səsləndirdiyi fikirlər

  1. “Ukrayna ərazi bütünlüyü və müstəqilliyi uğrunda mübarizə aparır. Biz beynəlxalq hüquqa və haqqaniyyətə zidd olan bu savaşı başlandığı gündən etibarən rədd etdik. 2014-cü ildə Krımın beynəlxalq hüquqa zidd şəkildə ilhaqından bu yana Ukraynanın torpaq bütünlüyünə, suverenliyinə və müstəqilliyinə dəstəyimizi bütün platformalarda açıq şəkildə ifadə etdik. Ukraynaya bu sahədə hər cür real dəstəyi də verdik”;
  2. Şübhəsiz, Ukrayna NATO-ya üzvlüyü haqq etmiş ölkədir”; 
  3. “Ukraynanın yenidən inkişafında Türkiyə olaraq əlimizdən gələni edəcəyik” (Yəqin siz də fərqindəsiniz ki, Ərdoğan burada sanki savaş sonrası durumdan bəhs edir. Belə anlaşılır ki, onun yaxın zamanlarda Putinin ağ bayraq qaldıracağına dair ümidləri var. Bəlkə də Zelenskinin Türkiyə səfəri də bununla bağlıdır. Mümkündür ki, Ərdoğan Putindən aldığı ünvanına mesajı çatdırmaq üçün Zelenskini Türkiyəyə dəvət edib və onunla sülh danışıqları şərtlərini masaya yatırıb).
  4. “Krım türklərinin haqlarının və hüquqlarının qarantiya altına alınması və muxtar hüquqlarının bərqərar olmasındakı xidmətlərinə görə Zelenskiyə təşəkkür edirəm”;
  5. “Savaşın müzakirələrlə sona erdirilməsi üçün səylərimizi sürdürəcəyik” (Bu cümlələr də Zelenski-Ərdoğan arasında mümkün sülh şərtlərinin müzakirə edildiyi ehtimalını gücləndirir).

 

Zelenskinin açıqlamasında sətir araları da onun Ərdoğanla görüşdə gələcəkdə yürüdüləcək sülh danışıqlarının detalları barədə fikir mübadiləsi apardığını göstərir:

 

  1. Ölkəmiz və xalqlarımız üçün sülh istəyən hər kəsə təşəkkür etmək üçün buradayam... Bu gün biz ilk növbədə Türkiyənin rəhbərliyi və xüsusilə sizin şəxsi töhfələriniz sayəsində sülh və normal beynəlxalq asayişi necə bərqərar edə biləcəyimizdən danışdıq ki, bütün xalqların maraqları tarazlaşdırılsın”. (Bu sözlər iki lider arasında sülh danışıqları aparıldığının birbaşa təsdiqidir);
  2. Heç kim Qara dəniz regionunda dövlətimizin və xalqımızın maraqlarına zidd heç nəyi bizə təlqin edə bilməz, çünki Qara dəniz təhlükəsizlik və əməkdaşlıq sahəsi olmalıdır və əlbəttə ki, müharibə, böhran və ya dondurulmuş böhran sahəsi olmamalıdır.

 

Zelenskinin son sözləri Ukraynanın Krımdan vaz keçmədiyini və Ərdoğanla danışıqlarında da bu mövqeyini ortaya qoyduğunu göstərir. Prinsipcə, Ərdoğanın da Ukraynanın ərazi bütünlüyünə dəstək verdiyinin altını cıza-cıza dilə gətirməsi, xüsusilə Krım türklərinin muxtar hüquqlarına göstərdiyi diqqətə görə Zelenskiyə təşəkkür etməsi onunla eyni mövqedə olduğundan xəbər verir. Ukrayna və Rusiya arasında vasitəçilik missiyasını üstlənən Ərdoğanın bu qədər açıq şəkildə rəsmi Kiyevin yanında durması onu göstərir ki, Türk lideri, Putinin də artıq bununla razılaşacağına və ya razılaşdığına əmindir. Əks halda, vasitəçinin tərəf tutması onun üstləndiyi missiyaya kölgə salar və danışıqların effektivliyini sıfırlandırar. Mümkündür ki, Ərdoğan Zelenski ilə görüşündən əvvəl Putinin də ağzını aramış, onun da artıq savaşmaq əzmində olmadığını, Rusiyanı getdikcə daha ağır məğlubiyyətlərə sürükləyən müharibəni beynəlxalq hüquq çərçivəsində sonlandırmaq istədiyini təsbit etmişdir.

 

Fikrimizcə, Ərdoğanla Zelenski arasındakı bu mühüm görüşün NATO-nun Vilnus sammitindən bir neçə gün əvvəl baş tutması da təsadüfi deyil. Ayın 11-12-də keçirilməsi planlaşdırılan sammitdə Ukrayna məsələsinin də müzakirə olunacağı gözlənilir. Düzdür, sammitdə Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi ehtimalı yoxdur, amma ona üzvlüyə bənzər status veriləcəyi də istisna olunmur. ABŞ prezidenti Co Baydenin dünən dilə gətirdiyi bəzi fikirlər də bunu təsdiqləyir. Bayden açıq şəkildə “ABŞ-ın Ukraynaya İsrail modeli əsasında təhlükəsizlik zəmanəti verməyə” hazır olduğunu açıqlamışdı. Bu isə eynilə İsrail timsalında da gördüyümüz kimi, NATO-ya üzv olmadan tərəfdaş ölkəyə xarici təcavüzlərə qarşı hər cür hərbi dəstəyi vermək anlamına gəlir. Başqa sözlə, İsrail modelinə əsaslanan təhülkəsizlik  zəmanəti əslində qeyri-rəsmi NATO üzvü olmaq deməkdir. 

 

Qeyd edək ki, Ukraynanın alyansa rəsmi üzvlüyünə NATO Nizamnaməsi imkan vermir. Nizamnaməyə görə, bu alyansa yalnız torpaq mübahisəsini həll etmiş ölkələr daxil ola bilər. Ukrayna isə Rusiya ilə müharibədədir və ərazisinin mühüm hissəsi işğal altındadır. Onun NATO-ya üzvlüyü Nizamnaməyə zidd olduğu kimi, həm də Rusiyaya qarşı faktiki müharibə elan etmək deməkdir. NATO müttəfiqlərinin bəzilərinin bu təklifi qəbul etməyəcəyini nəzərə alan ABŞ, görünür, əlavə mübahisələrə yol açmadan məsələni daha yumşaq şəkildə çözmək xəttini seçib.

 

Sual oluna bilər: Putin, qarşısına qoyulan bu perspektivlərlə razılaşarmı?

 

Açığını desəm, bəzi hadisələr onu göstərir ki, Putin də artıq Ukraynada başlatdığı müharibənin ona və ölkəsinə fayda gətirməyəcəyini anlamış kimidir. Son zamanlar “Vaqner” üsyanından tutmuş Ukraynanın tam gücü ilə əks-hücuma keçməməsi də bunun ən bariz işarəti ola bilər. Məlumata görə, Ukraynanın hərbi qüvvələri arasında Qərb tərəfindən hazırlanmış 12 xüsusi təyinatlı diviziya mövcuddur və onlardan cəmi 3-ü müharibə meydanına çıxarılıb. Digər 9 diviziya isə gələcək əks hücumlara saxlanılır. Zənnimizcə, bu “qənaətcillik” Rusiyaya  öz gücsüzlüyünü anlaması və daha artıq yıpranmadan savaş meydanından çəkilmək fürsəti vermək üçündür.

 

Priqojinin başlatdığı və Moskvanın 200 km-liyinə qədər heç bir qan axıtmadan yürütdüyü “Vaqner” üsyanı da Ukraynadan üzüsulu çıxmaq strategiyasına qulluq edə bilər. Bu üsyan və üsyançıların Rusiya Müdafiə Nazirliyinin rəhbərləri barədə səsləndirdiyi fikirlər Putinə bütün günahları başqalarının üstünə atmaq və üzə ağ olacağı gözlənilən yüksək çinli generalları “günah keçisi” kimi cəzalandırmaq imkanı verir. 

 

Zənnimizcə, “Vaqner” kimi Ukrayna savaşında az-çox uğur qazanmış qüvvələrin də müharibə meydanından çəkilməsindən sonra Rusiyanın bu qanlı müharibəni davam etdirmək şansı qalmayıb. Ən azından konvensional (adi silahların istifadə olunduğu) sahədə. Üstəlik, NATO müttəfiqləri də nə bahasına olursa olsun Ukraynanı dəstəkləyəcəklərini açıq şəkildə bildirməsindən sonra getdikcə hərbi qüdrəti zəifləyən və iqtisadi böhrana qədəm qoyan Rusiya üçün ən uğurlu qələbə müharibəni üzüsulu bitirib öz ölkəsinə çəkilməkdir və Putin bunu anlamayacaq qədər sadəlövh ola bilməz. Onun başqa bir çıxış yolu isə nüvə müharibəsinə başlamaqdır ki, bundan ən çox elə Rusiyanın zərərli çıxacağı indidən bəllidir.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 789          Tarix: 8-07-2023, 09:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma