Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin Ukrayna daxili işlər nazirinin müavini Bohdan Drapyatı ilə görüşündə səsləndirdiyi bəzi fikirlər Rusiyada olduğu kimi, Ermənistan cəmiyyətində də şok effekti yaradıb. Bəzi çoxbilmiş ermənilər Azərbaycanın açıq şəkildə Ukraynanı dəstəkləməsindən rəsmi Bakıya qarşı kompromat kimi istifadə etməyə çalışırlar. Öz aləmlərində bizi Moskvanın gözündən salmaqla özlərini gözə soxurlar. Halbuki, Azərbaycan hakimiyyəti Ukraynaya duyduğu simpatiyanı heç vaxt gizlətməyib, hətta ona maddi və mənəvi yardımlarını əsirgəməyib. Sonuncu yardım isə silah təchizatına bərabər bir addımdır.
Ermənistanda bu məkrli niyyətdə olanlarla yanaşı, Azərbaycanın bu addımına yaxşı mənada qibtə edənlər də az deyil. Onların fikrincə, Azərbaycanın Ukraynaya dəstək verməsi Qərb ölkələrində rəğbətlə qarşılanır və nəticə etibarilə diplomatik müstəvidə rəsmi Bakının nüfuz qazanmasına gətirib çıxarır. Bu həm də Azərbaycan- Ermənistan münaqişəsinin həllində rəsmi Bakının əlinin güclənməsi deməkdir.
Erməni yazar Ambartsum K. da özlərini bizim yerimizdə görmək istəyənlərdəndir.
Ovqat.com müəllifin “Biz hamımız Ukrayna üçün səssizcə dua edirik” sərlövhəli yazısını təqdim edir:
Çox açıq-aşkar “şou” idi. Rusiya tərəfi sərtliyini nümayiş etdirməyə çalışaraq, əslində öz zəifliyini göstərdi. “Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev Rusiya ilə bağlı açıqlamalarında “daha təmkinli olmalıdır”, - Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin azərbaycanlı səfirin fikirlərini şərh edərkən bildirib.
Karasin öz “Telegram” kanalında Bakının “Moskvaya dost olaraq qaldığını” da qeyd edib. Nədənsə hər şey gülünc görünürdü. Necə deyərlər, “toyda kimi gözləyirdilər, yas mərasiminə kim gəldi”. Bunu səsləndirməkdənsə, Karasin heç nə deməsəydi, daha yaxşı olardı. Bir cümlədə kimisə danlamaqla, digər bir cümlədə ona dost deməklə özünə hörmət qalıqlarını itirməmək mümkün deyil.
“Diplomatik təbliğata hörmətlə yanaşırıq, mən hələ də dost Azərbaycanın Ukraynadakı səfiri Mərdəliyevə “Rusiya təcavüzü” ilə bağlı açıqlamalarında daha təmkinli olmağı tövsiyə edərdim. Onun “Ukraynaya maliyyə, humanitar və digər yardımla bağlı siyasi öhdəlikləri” haqqında məlumatı əlavə araşdırmaya ehtiyacı var”, – Karasin yazıb.
Rusiya tərəfinin qəzəbinə nəyin səbəb olduğunu xatırlatmaq istəyirəm. Bu, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyat ilə görüşündə səsləndirdiyi fikirlərdir. Həmin vaxt danışıqların əsas mövzusu Ukraynanın humanitar minalardan təmizlənməsi və Azərbaycanın bu istiqamətdə yardımı məsələsi idi.
“Biz sizin dözümlülüyünüzə və cəsarətinizə heyran olduğumuzu bildirmək istəyirik. Bu səbəbdən biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik. Biz artıq Ukraynaya kömək etmək üçün öz üzərimizə siyasi öhdəliklər götürmüşük”, - Azərbaycanın Ukraynadakı səfiri bildirmişdi. O, daha sonra qeyd etmişdi ki, söhbət Azərbaycanın Ukraynaya kömək etməyə hazır olduğu dörd əməkdaşlıq sahəsindən gedir, o cümlədən Rusiya işğalından zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektorunda yardım və Ukraynanın müharibədən sonrakı bərpasından.
Bəs siz nə düşünürsünüz? Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü “daha çox təhlükəsizlik, xalqımızın daha çox müdafiəsi üçün yeni addımlar atmış” bir sıra ölkələrin liderlərinə təşəkkür edərək deyib: “Azərbaycan yeni humanitar yardım paketini, xüsusən də minalardan təmizləmə texnikasını təqdim etməyə hazırdır. Bu, həm də bizim tərəfdaşlarla işimizin əsas istiqamətlərindən biridir”.
Amma Azərbaycandan Ukraynaya humanitar yardım göstərilməsi ilə bağlı əvvəlki faktlar da var. Burada söhbət ukraynalı uşaqların Bakıda məzuniyyətə getməsi, yaralı ukraynalı hərbçilərin Azərbaycanın tibb müəssisələrində müalicəsi ilə bağlı faktlardan gedir. Bundan əlavə, rəsmi Bakı Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tanınması ilə bağlı çoxsayl bəyanatlar da verib. Mən hələ Azərbaycanın bütün aparıcı KİV-lərində dərc olunan yazıların açıq şəkildə anti-Rusiya mahiyyətindən danışmıram.
Bütün bunlar Azərbaycanın Rusiyanın reaksiyasından qorxmadığını göstərir. Daha çox deyəcəyəm: ona heç tüpürmək belə istəmir. Ona görə də rəsmi Bakıdan heç kim Karasinə cavab vermədi. Azərbaycan Türkiyə ilə müttəfiqliyinin gücünə arxayındır, Rusiyanın buna qarşı heç vaxt mübarizə aparmağa cürəti yoxdur.
Bunu başa düşmək və qəbul etmək lazımdır. Yeni reallıq gözləniləndən çox tez gəldi.
İndi Türkmənistanın belə, Rusiya tərəfinin “digər ölkələrin” Rusiya, Qazaxıstan və Özbəkistanın daxil olduğu “qaz alyansına” qoşulmaqda maraqlı olması ilə bağlı bəyanatına bəzi sualları var. Bunu “Türkmənqaz” dövlət konserninin sədr müavini Myrad Arçayev deyib. Onun şərhi Türkmənistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Qaz alyansı ilə bağlı Rusiyanın bəyanatında nə yazıldığının heç bir əhəmiyyəti yoxdur. Maraqlı olan Arçayevin ifadəsinin özüdür. Bu, açıqlama sübut edir ki, hətta Aşqabadda da yeni reallıqları dərk edirlər. Əvvəllər bu, Qazaxıstan və Özbəkistanda, eləcə də Moldovada başa düşülürdü. Rusiya isə onların heç birinə heç nə edə bilmirdi. Onun gücü, gördüyümüz kimi, yalnız Ermənistana çatır. O, ancaq bizim ölkəmizə təzyiq göstərə bilir.
Bu, gizlədilməsi mümkün olmayan həqiqətdir. Belə olmasaydı, ölkəmiz Ukrayna ilə çiyin-çiyinə duran dövlətlər arasında ön sıralarda olardı. Amma belə deyil. Çünki Rusiyadan haqlı qorxularmız var. Bəli, Qərbin dəstəklədiyi Ukraynanın öhdəsindən gəlmək Rusiya üçün çətindir. Amma o, bizim üçün kifayət qədər güclüdür. Ona görə də kim nə deyirsə desin, biz hamımız ürəyimizdə Ukraynanın qələbəsi üçün dua etməliyik: sakit və eşidilməz dua . Sadəcə olaraq ona görə ki, Ermənistan üçün başqa xilas yolu yoxdur.
Tərcümə etdi: Ovqat.com
Paylaş: