“Ukrayna öz ərazilərinin bir hissəsini Rusiyaya verməsi müqabilində NATO üzvlüyünü əldə edə bilər”.
Ovqat.com-un məlumatına görə, bu sözləri NATO Baş Katibinin ofisinin rəhbəri Stian Jenssen Norveçin VG nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, münaqişənin sona çatmasına yol aça bilər.
Yenssen həmçinin vurğulayıb ki, bu, onun subyektiv fikridir, “Kiyev Moskvaya ərazi verməyə borclu deyil”.
Stoltenberqin ofisinin rəhbəri hesab edir ki, Ukraynada münaqişənin sona çatması təkcə bu savaşda iştirak edən tərəflərin deyil, həm də bütün dünyanın maraqlarına cavab verir.
NATO yetkilisinin bu sözləri Ukraynanı güzəştə çağıran ilk bəyanat deyil. Bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirmişdi ki, Ukrayna münaqişəyə son qoymaq üçün böyük ehtimalla ərazisinin bir hissəsini Rusiyaya verməli olacaq. Eynilə Ukraynanın əks-hücumlarından gözlədikləri nəticəni ala bilməyən digər NATO ölkələrinin bu müharibənin bitirməsi üçün Kiyevə təzyiq etdikləri də iddia olunur. Bildirilir ki, NATO ölkələri Ukraynaya hərbi yardımları çatdıra bilməyəcəklərindən ehtiyatlanırlar.
Amma Ukrayna yetkililəri onlara edilən bu təkliflə razılaşmaq fikrində deyillər. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Trampın sözügedən təklifini rədd edərək ona cavab vermişdi ki, bu cür bəyanatlar yalnız münaqişənin gərginləşməsinə və digər Şərqi Avropa ölkələrinə sıçramasına gətirib çıxara bilər.
Paylaş: