Xəbər lenti


ABŞ-la İran müəyyən anlaşmaya varıblar. Anlaşma çərçivəsində İran illərdir həbsdə tutduğu 5 ABŞ vətəndaşını sərbəst buraxıb, bunun müqabilində isə ABŞ Cənubi Koreyanın İrana olan 6-7 milyard dollarlıq borcunu qaytarmasına izn verib. Bundan əlavə, ABŞ öz həbsxanalarında göz altında tutduğu İran vətəndaşlarını da sərbəst buraxa bilər.

 

Ovqat.com-un məlumatına görə, tərəflər bir neçə ay davam edən danışıqlardan sonra nəhayət ötən cümə axşamı yekun razılığa gəliblər. 

 

Bununla belə, məhbusların tam sərbəst buraxılması sentyabr ayına qədər sürə bilər. Gecikmənin səbəbi İranın Cənubi Koreyadan alacağı borcunun dollara çevrilməsi və Qətərə transfer edilməsi qarşısındakı çətinliklərlə əlaqədardır.

 

Məsələ burasındadır ki, İran öz borcunu Cənubi Koreyanın milli valyutası (von) ilə almaq istəmir. Bunu vonun dollar və avro ilə müqayisədə daha az konvertasiya imkanı ilə əlaqələndirir. İranın tələb etdyi konvertasiya isə (məzənnəsindən asılı olaraq 6 milyard, və ya 7 milyard dollara bərabər olan borcun bir anda dollara çevrilməsi) Koreyanı qorxudur. Rəsmi Seul bunun milli valyutanın dəyərdən düşməsinə səbəb olacağından və nəticədə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyindən çəkinir. Odur ki, konvertasiya əməliyyatlarını tədricən həyata keçirməkdə maraqlıdır.

 

Razılaşmaya əsasən, dondurulmuş aktivlər Qətər Mərkəzi Bankına köçürülməlidir. İran onu da tələb edir ki, pul köçürmələri zamanı ABŞ-ın maliyyə sistemi ilə təmasdan da qaçınmaq lazımdır, çünki pul köçürərkən ABŞ sanksiyaları tətbiq oluna bilər. Nəticədə üçüncü ölkələrin bankları vasitəsilə bir sıra mürəkkəb və vaxt aparan köçürmə əməliyyatları getməlidir ki, bu da prosesin ləngiməsinin səbəblərindən biridir.

 

Bildirilir ki, Tehran öz üzərinə götürdüyü öhdəliyə əsasən, İran əsilli ABŞ vətəndaşları olan 4 məhbusu artıq ev dustaqlığına ötürüb. 5-ci məhbus isə onsuz da göz həbsində idi. Məhbuslar hazırda otellərin birində İran xüsusi xidmət əməkdaşlarının nəzarəti altında saxlanılırlar.

 

Bayden hakimiyyətinin İranla əldə etdiyi bu razılaşma Vaşinqtonda birmənalı qarşılanmayıb. Konqresdəki İran əleyhdarı qruplar və 2015-ci il nüvə sazişindən narazı qalanlar bu razılaşmaya gedən Bayden hakimiyyətini sərt tənqid edirlər. Keçmiş vitse-prezident Mayk Pens, senator Cim Riş, Senatın Xarici əlaqələr komitəsinin respublikaçı üzvü və keçmiş dövlət katibi Mayk Pompeo razılaşmanı İranın girov şantajına boyun əymək kimi qiymətləndirir və Tehranı bundan sonra da belə şantajları davam etdirməyə həvəsləndirdiyini vurğulayırlar.

 

ABŞ-dakı İran məhbusları azad ediləcəkmi?

 

Bu sual hələ də öz cavabını tapmayıb. Bununla belə, İran Xarici İşlər Nazirliyi ötən cümə günü ABŞ-da həbsdə olan İran məhbuslarını ölkəyə gətirmək istədiklərini bildirib. ABŞ rəsmiləri isə son razılaşma çərçivəsində İran məhbuslarının kim və ya nə qədər olduqlarını şərh etməkdən boyun qaçırıb. Amma İran mediası razılaşmada bu xüsusun da yer aldığını, həbsdən azad olunacağı gözlənilən məhbusların ABŞ-ın ixrac qanunlarını pozan və əməkdaşlıq məhdudiyyətlərinə baxmayaraq, İranla bir sıra işlər görən məhkumlar olduğunu bildirir. İddia edilən cinayətlər arasında Venesuela üzərindən pul köçürmələri və ABŞ-ın İranın hərbi və nüvə proqramlarında istifadə edilə biləcəyini söylədiyi ikiqat məqsədli dekommunizasiya avadanlıqlarının satışı da var.

 

Qeyd edək ki, Bayden hokumətinin İranla əldə etdiyi razılaşma 2018-ci ildə sabiq prezident Donald Trampın 2015-ci ildə bəzi böyük dünya dövlətləri ilə imzalanan nüvə sazişindən çıxma qərarından imtina kimi səciyyələndirilir. Trampın bu qərarından sonra illərdir tətbiq olunan sanksiyalar onsuz da zəif olan İran iqtisadiyyatını tamamilə məhvolma həddinə gətirib çıxarmışdı. İndi bu sanksiyaların tədricən ləğvi İran üçün nəfəslik rolu oynaya bilər. Bəs bu nəfəslik İranın ABŞ təzyiqlərindən tam xilas olması üçün yetərlidirmi?

 

Ekspertlərin fikrincə, xeyr. İranın nüvə razılaşması ilə bağlı gərginliklərin davam etdiyi bir zamanda, 2019-cu ildən bəri Hind okeanına bağlı dənizlərdə Tehrana aid bir çox gəmi ələ keçirildi. Bu da azmış kimi, ABŞ Müdafiə Nazirliyi Fars körfəzində qlobal neft tədarükünün yüzdə 20-nin keçdiyi Hörmüz boğazındakı ticarət gəmilərinə nəzarət etmək planını yenidən gözdən keçirir. Əraziyə çox sayda ABŞ-a aid hərbi gəmilər, həmçinin F-35, F-16 və digər təyyarələri yerləşdirilir. Bundan əlavə, İranın Rusiyaya Ukraynanın hərbi mövqelərə zərbə vurmaq üçün silahlı pilotsuz uçuş aparatları verməsi ABŞ tərəfindən narazılıqla qarşılanır. 

 

Zənnimizcə, bütün bunlar onu göstərir ki, ABŞ əslində birbaşa və ya Fars körfəzindəki ərəb müttəfiqləri vasitəsilə İrana “qulaqburması” verməyə hazırlaşır. Bundan əvvəl isə, təbii ki, İranın əlində olan vətəndaşlarını təhülkələrdən xilas etməlidir.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 006          Tarix: 16-08-2023, 08:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma