“Dağlıq Qarabağda humanitar vəziyyət gündən-günə daha da ağırlaşır. Əgər Azərbaycan blokadanı aradan qaldırmasa, insanlar ac qalacaqlar. Yeməkdən silah kimi istifadə olunması Roma Konvensiyasinin 7-ci maddəsinin pozulması və "insanlığa qarşı cinayət"dir”.
Ovqat.com xəbər verir ki, bu barədə ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi, Luizianadan seçilmiş senator Bill Kessedi özünün “X” səhifəsində paylaşımında bildirib.
Senator paylaşımına Fransanın “France24” nəşrinin dərc etdiyi “Dağlıq Qarabağın blokadası: “bir neçə həftədən sonra burada kütləvi aclıq başlayacaq”” sərlövhəli məqaləni də əlavə edib.
Məqalənin ilk cümlələrində vurğulanır:
“Ermənistanı Dağlıq Qarabağ anklavı ilə birləşdirən yeganə yol - Ermənistan və Azərbaycan arasında onilliklər boyu mübahisə edilən parçalanmış bölgə – iyul ayından etibarən Azərbaycan tərəfindən tamamilə bloklanıb. Yerli sakin əhalinin qida və su almaqda qarşılaşdıqları problemləri təsvir edərək, bəzi insanların blokadanın təsirindən öldüyünü bildirir.
2022 - ci ilin dekabrından Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə marşrut – Laçın dəhlizi Azərbaycan tərəfindən tədricən bloklanır.
Əsasən etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ bölgəsi Sovet İttifaqının dağılmasından bəri Ermənistan-Azərbaycan münaqişəsinin mərkəzindədir və əvvəl 1991-1994-cü illərdə, daha sonra 2020-ci ilin sonlarında iki müharibəyə səbəb oldu. Son müharibə zamanı Azərbaycan regionun böyük hissəsinə nəzarəti ələ ala bildi. Rusiyanın köməyi ilə imzalanan atəşkəs razılaşmasına görə, Laçın dəhlizi boyunca sərbəst hərəkətə zəmanət veriləcəkdi”...
Qısası, tamamilə ermənilərin iddialarını əks etdirən bu məqalənin ABŞ senatoru tərəfindən paylaşılması rəsmi İrəvanın Azərbaycana qarşı son zamanlar həyata keçirdiyi diplomatik həmlələrindən biridir. Sözsüz ki, ABŞ senatoru özünə və ölkəsinə aid olmayan belə bir yazını paylaşırsa, deməli, erməni lobbisi diplomatik sahədə yaxşı işləyib. Bəs, Azərbaycanın ABŞ-dakı səfirliyi və BMT-dəki Daimi Nümayəndəliyi necə, hansı sahədə tər tökməklə məşğul olub?
Böyük ehtimalla, Daimi nümayəndə Yaşar Əliyev və səfir Xəzər İbrahim baş-başa verib Facebookun erməni seqmentində tort yeyən Qarabağ sakini axtarırlar. Təsadüfi deyil ki, səfirliyin rəsmi saytında belə, ən son yazı 24 fevral tarixində “Xocalı soyqırımı”nın anım günündə paylaşılıb. Ondan əvvəlki yazı isə 19 yanvarda yayımlanan 20 yanvar faciəsi ilə əlaqədar məqalədir.
Nəzərə alsaq ki, Xəzər İbrahim ilk diplomatik fəaliyyətinə 2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi vəzifəsi ilə başlayıb, belə anlaşılır ki, onun ən yaxşı bildiyi sahə də elə media ilə işdir. Bununla belə, Azərbaycanın ABŞ-dakı səfirliyinin rəsmi saytının hər aydan bir yenilənməsi diplomatik nümayəndəliyimizin necə fəaliyyət göstərdiyinə ən yaxşı nümunə ola bilər.
Paylaş: