Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ani Badalyan rusiyalı həmkarı Mariya Zaxarovaya cavab verib.
Ovqat.com-un məlumatına görə, erməni diplomat həmkarına Qarabağ məsələsində hiylələrə əl atmamağı və vəziyyəti çətinləşdirməməyi məsləhət görüb.
Ani Badalyan açıqlamasında həmkarlarının diqqətini rus “sülhməramlıları” tərəfindən Laçın dəhlizinin blokadasının qarşısını almağa və ya onun açılması üçün heç bir hərəkətin olmamasına yönəldib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Laçındakı vəziyyətin Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsi kimi şəhr etməsini isə “məyusedici və çaşdırıcı” adlandırıb. Badalyan xatırladıb ki, Qarabağ məsələsi heç vaxt İrəvanla Bakı arasında mübahisə mövzusu olmayıb. Məsələ “Qarabağ xalqı”nın hüquq və təhlükəsizliyi problemidir.
“İrəvan ərazi bütövlüyünün və sərhədlərinin qarşılıqlı tanınması əsasında regionda sabitliyin yaradılması təşəbbüsünə sadiqdir. Regionda sülhün bərqərar olması üçün üçtərəfli razılaşmalara, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına uyğun olaraq Laçın dəhlizinin yenidən işə salınması, Dağlıq Qarabağda humanitar fəlakətin qarşısının alınması, Stepanakert-Bakı dialoqu çərçivəsində problemlərin müzakirəsi lazımdır”, - Badalyan bildirib.
Paylaş: