Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailin İ24 telekanalına verdiyi müsahibəni dinlədim. Gözəl müsahibə idi, amma onun Ağdam-Xankəndi yolu ilə Laçın-Xankəndi yolunu müqayisələndirərkən səsləndirdiyi bir fikir heç xoşuma gəlmədi. Hətta daha dəqiq deyəcəyəm, Hikmət bəyin yolları müqayisə edərkən səsləndirdiyi “Bir yol yaxşıdır, iki yol daha yaxşıdır” fikirləri mənə “O olmasın, bu olsun” filmində hambalın söylədiyi “Bir qızın iki adaxlısı var” aforizmini xatırlatdı.
Əvvəla, Ağdam-Xankəndi yolu ilə Laçın-Xankəndini yolunu eyni statuslu güzərgah kimi təqdim etmək olduqca xətalıdır. Qarabağ bizim ərazimiz, orda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdırsa, onların dünyaya açılan bütün qapılar Bakıdan keçməlidir. Laçın yolu isə xaricə açılan qapıdır və heç bir halda onunla Ağdam yolu eyniləşdirilə bilməz. Üstəlik, Hikmət bəy “Bir yol yaxşıdır” deyərkən, sanki Laçın yolunu əsas kommunikasiya xətti kimi nəzətdə tutur, Ağdam yolunu isə bu yaxşının əlavəsi kimi qiymətləndirirdi. Hər halda, həmin cümlənin məntiqindən belə çıxırdı.
Halbuki, Ağdam yolundan fərqli olaraq, Laçın yolunda Azərbaycanın gömrük keçid məntəqələrinə tətbiq etdiyi rejim keçərli olmalıdır. Ermənilər istədikləri zaman bu yoldan keçə bilməməli, sərhəddən keçirəcəkləri gündəlik tələbat malları üçün dövlətə gömrük rüsumu ödəməlidirlər. Azərbaycanın bütün gömrük qapılarında xaricə çıxışlar yasaqlandığı anda Qarabağ erməniləri də eyni qadağalarla üzləşməlidirlər. Ağdam yolu isə onların öz vətənlərinə, paytaxtlarına heç bir əngəllə üzləşmədən, rüsum, torpaqbaşdı ödəmədən istədikləri kimi gedəcəkləri yola çevrilməlidir.
Yeri gəlmişkən, antik dövrlərdən bu günümüzə qədər gəlib çıxan “Bütün yollar Romaya aparır” atalar sözü təkcə qədim dünyanın kommunikasiya şəbəkəsinin özəlliklərini ifadə etmək üçün ərsəyə gətirilməyib. Bu, həm də Roma imperiyası zamanı əyalətlərin mərkəzə bağlılığını ifadə edib. Atalar sözünün məntiqindən də aydın olur ki, hər hansı əyalətin mərkəzə bağlanmasının əsas əlaməti, olmazsa olmazı yolların bitdiyi nöqtə ilə müəyyənləşdirilib. Bu məntiqlə bir bölgəni eyni anda başqa-başqa dövlətlərə bağlayan iki yol varsa, bu, Hikmət Hacıyevin dediyi kimi, heç də “daha yaxşı” hal deyil. Həmin bölgənin üzərində başqa bir dövlətin haqq iddiasıdır.
Sözsüz ki, bu sözləri deyərkən, heç də Qarabağ ermənilərinin Ermənistana yollarının tamamilə kəsilməsini nəzərə tutmuruq. Əlbəttə, erməni vətəndaşlarımızın bu haqdan istifadə etmək hüququ var, amma bunun üçün bir sıra şərtlərin həyata keçirilməsi lazımdır.
İlk şərt Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasıdır. Bilirik ki, rəsmi İrəvan sadəcə şifahi bəyanatlarla ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Şifahi ifadə, əlbəttə ki, dövlətlərarası münasibətlərdə hüquqi əsas sayılmır. Hətta indiki dövrdə şəxsi dost arasında belə, bu cür şifahi etiraflara bel bağlanmır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərə, o cümlədən sülh müqaviləsinə imza atmadan Laçın-Xankəndi yolu bağlı qalmalıdır. Çünki bir dövlət olaraq bizim öz vətəndaşlarımız qarşısında hansısa öhdəliyimiz olduğu kimi, dövlətlərarası münasibətlərdə də İrəvanın da Bakı, Bakının İrəvan qarşısında müəyyən öhdəlikləri və haqları var. Bütün haqq və öhdəliklər isə iki dövlət arasında bağlanan sazişlərlə müəyyənləşməlidir. Belə bir hüquqi əsas olmadan Laçın-Xankəndi yolunun açıq tutulması İrəvanı Qarabağın ikinci paytaxtına çevirə bilər və heç bir suveren dövlət belə bir absurdun ortaya çıxmasına imkan verməz, şərait yaratmaz.
İkinci şərt, Qarabağ ermənilərinin digər vətəndaşlarımızdan daha üstün imtiyaza sahib olmamasıdır. Laçın-Xankəndi yolu isə onlara bu üstün imtiyazları verir. Belə ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmadan bu yoldan yalnız ermənilər istifadə edə bilər. Bu isə özü özlüyündə xüsusi imtiyaz deməkdir. 30 ildən artıq hansısa təzyiq altında qalmalarından asılı olmayaraq, öz vətənlərinə xəyanət etmiş insanlara belə bir imtiyazların verilməsi digər naxələf insanları da eyni nankorluqlara həvəsləndirə bilər. Hüququn əsas gücü isə ondadır ki, naxələfləri cinayətlərdən, xəyanətlərdən yayındırsın. Deməli, ermənilərə xüsusi imtiyaz verilməsi bu baxımdan da hüquqla bir araya sığmır, əksinə hüquqa, qanunlara hörmətsizlik mühiti yaradır.
Qarabağ erməniləri ilə bağlı digər siyasətlərdə də bu önəmli cizginin nəzərə alınmadığını görürük. Məsələn, bir müddət əvvəl Laçın keçid məntəqəsində yaxalanmış bir neçə erməni idmançının 15 günlük cəzadan sonra qanunazidd şəkildə sərbəst buraxılması da qanunlara və müqəddəs dəyərlərimizə hörmətsizlik kimi xarakterizə edilə bilər. Zira həmin ermənilər Azərbaycan bayrağını təhqir etdiklərinə görə Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə təqsirli bilinirdilər. Cinayət Məcəlləsinin 283.2.3 maddəsində isə bu cinayəti törədənlərə üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzrdə tutulur. Azərbaycan isə “humanizm nümayış etdirərək” onların bu ağır cəzasını İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) əvəz etdi və 10 gündən sonra azadlığa buraxdı. Məhkəmənin bu qərarından belə anlaşılır ki, həmin ermənilər Azərbaycan bayrağını təhqir edə bilərdilər, amma onlar inzibati xətaya yol verərək həmin anı lentə alaraq internetə yerləşdirdikləri üçün məsuliyyət daşıyıblar. Dövlət rəmzlərinə, qanunlara hörmətsizlik kimi qiymətləndirilə biləcək bu məhkəmə hökmünü ancaq absurd adlandırmaq olar.
Aydındır ki, Azərbaycan rəsmiləri xarici təzyiqlərə məruz qalmamaq üçün bu absurd addımı atıblar. Amma bu addımı atmaqla da öz milli dəyərlərimizə zərbə vururlar. Şəxsən, mənim fikrimcə, həmin erməniləri yaxalayıb 10 gün saxladıqdan sonra buraxmaqdandırsa, heç tutmamaq daha yaxşı olardı. Bəzən sona qədər edə bilmədiyimiz fəaliyyətlərimizdə kor olmağı da bacarmalıyıq.
Bir sözlə, Azərbaycan xarici siyasətində bəzən sona qədər düşünülməmiş addımlar atılır. Hikmət Hacıyevin Ağdam-Xankəndi yolu ilə Laçın Xankəndi yolunu eyniləşdirməsi də dərindən düşünülməmiş qiymətləndirmədir. Və o, bu fikirləri ilk dəfə səsləndirmir. Bundan əvvəl də xarici mediaya verdiyi açıqlamasında “əvvəl Ağdam yolu açılsın, 24 saatdan sonra Laçın yolunu da açarıq” demişdi.
Ən maraqlısı isə odur ki, Hikmət bəyin bu fikirləri Prezident İlham Əliyevin mövqeyi ilə də həmahəng səslənmir. Hər halda Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenlə söhbətində Laçın yolunu Ağdam yolunun eyni statuslu alternativi kimi göstərmir, bu yolda Azərbaycan gömrük qapılarındakı rejimlərin eynisinin tətbiq olunacağını bildirirdi.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: