Əslində Transxəzər qaz kəməri ideyası yeni deyil. İlk dəfə bu ideya 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlmişdi. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanmışdı. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürürdü.
1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov Vaşinqtona işgüzar səfəri zamanı bu məsələ o dövrün ABŞ prezidenti Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu.
1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi. Bununla belə, boru kəmərinin çəkilməsinin əsas məqsədinin Avropanı Rusiya qazından asılılığını azaltmaq olduğu ehtimalı müzakirə olunurdu. Məhz bu səbəbdən Rusiya Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdı. Xəzər sahili dövləti İran da ona kömək edirdi. Rusiyada hakimiyyətə Vladimir Putin gələndən sonra bu layihə gündəmdən çıxdı və PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi.
İndi isə Rusiya Ukraynada cəlb olunduğu müharibədə hər gün yeni ağır zərbələr alır. Nəticədə o, regionda təsir gücünü də itirir. Xüsusilə Avropa ölkələrinin Rusiya qazından imtinası regionda yeni situasiyalar yaradır. Artıq Türkmənistan belə, vaxtilə onu aldadıb “Transxəzər” boru kəmərinin inşasını təxirə saldıran Rusiyanı saymır. Rusiya isə Aşqabadın bu “dönəkliyinə” müqavimət göstərmək gücündə deyil. Beləcə, “Transxəzər” boru kəməri yenidən gündəmə gəlir.
Prezident İlham Əliyevin iyulun 21-də Şuşada keçirilən “Qlobal Media Forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirdiyi aşağıdakı fikirlər Transxəzər boru kəmərinin çəkilməsində bütün diqqətlərin rəsmi Bakıya yönəldiyindən xəbər verir: «Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar mən artıq bir neçə dəfə mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Çünki Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkələrin resurslarına əsaslansın».
Ölkə başçısının bu fikirlərindən aydın olur ki, Azərbaycan böyük risklər daşıyan bu kəmərin tikinsinə investisiya yatırmaq istəməsə də, hər halda kəmərin çəkilməsinə və bizim ərazimizdən keçməsinə də qarşı deyil. Deməli, top Avropa və Türkmənistanın sahəsindədir. Bəs, onlar necə, bu kəmərin çəkilməsi üçün əllərini ciblərinə salacaqmı?
Ovqat.com-un məlumatına görə, “Evrasianet” nəşri bu suala aydınlıq gətirməyə çalışıb.
Nəşrin David O`Birn adlı müəllifinin qələmə aldığı “Türkmənistan qazına maraq artır” adlı məqalədə deyilir:
“Aşqabadın iyulun sonunda Xəzərdən Avropaya qaz nəql etmək üçün boru kəmərinin inşasına hazır olduğu elanından sonra potensial idxalçıların böyük marağına səbəb olub. Bunlardan ən əhəmiyyətlisi avqustun 20-də Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun Budapeştə dövlət səfəri zamanı onunla qaz tədarükü ilə bağlı çərçivə sazişi imzalayan Macarıstanın göstərdiyi maraqdır”.
Müəllif xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin vaxt Macarıstan lideri Viktor Orbanla görüşmək üçün Budapeştə gəlib və orada Türkiyənin qaz idxalı, ixracı və tranziti üzrə dövlət şirkəti “BOTAŞ” ilə Macarıstanın dövlət enerji şirkəti MVM arasında ildə 300 milyon kub metr qaz tədarükü sazişinin imzalanması mərasiminə qatılıb və Prezident İlham Əliyevin də bu təşəbbüsü dəstəkləməsindən sonra Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR artıq MVM-yə ildə 1 milyard kub metr qazla təchiz etməyə başlayıb.
Macarıstan və Aİ üçün bu üçtərəfli sazişin vacibliyinə toxunan O`Birn vurğulayıb ki, bütün bunlar Macarıstanın əsas tədarükçüsü olduğu və isti münasibətlərini davam etdirdiyi Rusiyadan zəmanətli qaz tədarükü olmadan gələcəyə hazırlaşdığını göstərir.
“Ukraynadan gələn Rusiya qazının axını 2024 - cü ilin sonuna qədər dayandırılmalıdır, çünki Kiyev Moskva ilə mövcud tranzit sazişini uzatmaq istəmədiyini açıqladı; Rusiyanın davam edən işğalı nəzərə alınanda bu, başa düşülən addımdır.
Aşqabad üçün bu razılaşma, Avropanın keçən ilin əvvəlində Ukraynaya hücumdan sonra idxalı praktik olaraq dayandırılmış Rusiya qazının əvəzinə Türkmənistanın nəhəng ehtiyatlarından qaz almağa ciddi yanaşdığının ən konkret sübutudur”, - yazan müəllifin fikricə, “Türkmənistandan Xəzər vasitəsilə qaz nəql etmək üçün boru kəməri hələ çəkilmədiyindən, hazırda açılan yeganə marşrut Türkmənistan, İran və Azərbaycan arasında ilk dəfə 2021-ci ilin sonunda razılaşdırılmış və bu yaxınlarda genişləndirilmiş üçtərəfli qaz mübadiləsi sazişi olacaq.
Sözügedən sazişə əsasən, Türkmənistan öz qazını İranın şimal-şərqinə göndərir və daha sonra İran Azərbaycana eyni həcmdə qaz nəql edir. Bu da Bakıya qaza artan tələbatını və mövcud qaz ixrac müqavilələrini ödəməyə imkan verir, eyni zamanda Avropaya daha çox tranzit üçün əlavə həcmdə qaz göndərir.
Həcmli olmasına baxmayaraq, üçtərəfli mübadilə keçən ilin yanvar ayından bəri uğurla işləyir və bu yaxınlarda gündə 4,5 milyon kubmetrdən gündə 8 milyon kubmetrə qədər genişləndirilib və gündə 10 milyon kubmetrə qədər çatdırılması gözlənilir.
Türkmənistan tərəfindən satılan qaz, hazırda Azərbaycan qazını Gürcüstana, Türkiyəyə və daha sonra Avropaya nəql edən Cənub Qaz Dəhlizinə məxsus üç boru kəmərinin sərbəst gücündən istifadə edərək tranzit yolu ilə nəql oluna bilər”.
Məqalədə qeyd olunur ki, ötən ilin iyul ayında Azərbaycan Avropa İttifaqı ilə anlaşma memorandumu imzalayıb və bu sənədə əsasən, Avropaya göndərdiyi qazın həcmini 2027-ci ilə qədər (mətndə 2007-ci il göstərilsə də, zənnimizcə, bu rəqəm yanlışdır – Ovqat.com) ildə ən azı 20 milyard kubmetrə qədər iki dəfə artırmağı öhdəsinə götürüb:
“Ancaq o vaxta qədər Azərbaycanın öz qaz hasilatını necə ikiqat artıra biləcəyi hələ də bəlli deyil. Türkmənistan-İran mübadilə sazişi isə hazırda istənilən boşluğu doldurmaq üçün ən çox ehtimal olunan qaz mənbəyidir”.
İranın Türkmənistan qazının İraqın idxalında maraqlı olduğu başqa bir qaz hasilatı bazarına marşrut ola biləcəyinə diqqət çəkən müəllif xatırladır ki, neftlə zəngin olan bu Yaxın Şərq dövlətinin də böyük qaz ehtiyatları var, lakin onilliklər boyu davam edən siyasi qeyri-sabitlik və yataqların işlənməsinin yüksək dəyəri bu günə qədər onları bazara çıxarmaq üçün tələb edilən investisiyaların qoyuluşuna mane olur: “Bağdad bir neçə ildir ki, elektrik enerjisi istehsal etmək üçün İrandan qaz idxal edir, lakin ABŞ-ın İslam Respublikasına qarşı davam edən sanksiyaları nəticəsində yaranan ödənişlərin köçürülməsi ilə bağlı çətinliklər, eləcə də İranın daxili tələbatını ödəmək üçün vaxtaşırı qaz nəqli kəsintilərinə getməsi problemləri səbəbindən daimi tədarükün saxlanılması çətinləşib.
Avqustun 24-də Bağdad və Aşqabad arasında imzalanmış ilkin razılaşmadan sonra bu ilin sonunadək Tehranla da tranzir olunacaq qaz həcmləri və digər detalları təfərrüatlandıran rəsmi razılaşmanın imzalanması gözlənilir. Tehrana pul köçürmələrinə sanksiyalar qoyulduğundan Aşqabadla bağalanması planlaşdırılan sazişin də barter prinsipini ehtiva edəcəyi bildirilir”.
Yazıda vurğulanır ki, Türkiyə və Azərbaycan Türkmənistan qazının bazara çıxarılmasında əsas rol oynayır:
“İran üzərindən qaz nəqlinə dair svop əməliyyatları Macarıstan və İraqla müqavilələrdə iştirak etməsi az miqdarda qaz üçün mümkündür. Ancaq qaz ehtiyatlarının 10 ilə 14 trilyon kubmetr arasında qiymətləndirildiyini nəzərə alsaq, Türkmənistanın əsas marağı Ukraynaya hücumdan sonra Avropaya qaz axınını praktik olaraq dayandıran Rusiyanın yerini tutmaqdır.
Türkmənistandan hər hansı əhəmiyyətli qaz tranziti Mərkəzi Avropa ölkələrinin Rusiyadan qaz tədarükü kəsiləcəyi təqdirdə, alternativ boru kəməri şəbəkəsinə qoşulmaq istəklərindən asılıdır və Xəzər dənizi üzərindən Azərbaycan, Gürcüstan, Türkiyə və Balkanlara keçən tamamilə yeni bir boru kəməri infrastrukturunun qurulması zərurəti yaradacaqdır.
Azərbaycan belə tranzit xəttinə ev sahibliyi etməkdə maraqlı olduğunu bildirsə də, bunun üçün heç bir xərc çəkmək də istəmir.
Türkiyə rəsmiləri də öz çıxışlarında tez-tez Türkmənistan qazının Avropaya tranzitində maraqlı olduğunu bildirirlər.
May ayında Ankara dövlət qaz idxalçısı “Botaş”a 1990-cı illərin sonlarında imzalanmış müqaviləyə əsasən 16 milyard kubmetrə qədər Türkmənistan qazının idxalı üçün 10 illik yeni idxal lisenziyası vermiş, lakin boru kəməri müqavilənin olmaması səbəbindən bu layihə heç vaxt həyata keçirilməmişdir.
Belə bir boru kəmərinin tikintisinin reallaşıb-reallaşmaması məsələsi Avropada böyük maraq doğurur.
Şübhəsiz ki, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştdə olması eyni zamanda yüksək səviyyədə danışıqlar aparmaq imkanı yaratdı.
Macarıstan Prezidenti Viktor Orban fürsət kimi dəyərləndirdiyi bu ziyarətçilərə işarə edərək “X” səhifəsində "bağlantı dediyim budur" yazmışdı”, - məqalədə vurğulanır.
Ovqat.com
Paylaş: