![](/templates/Wmediat51/images/vetendash.jpg)
Rusiya hərbi gəmilərinin ən azı bir hissəsini Abxaziyaya köçürmək niyyətindədir.
Ovqat.com-un məlumatına görə, qondarma “respublika”nın prezidenti Aslan Bjaniya bu barədə açıqlama verib.
Onun iddiasına inansaq, rusiyalı həmkarı Vladimir Putinlə son görüşlərində Oçamçir limanında Rusiya Qara Dəniz Donanmasının bazasını yaratmaq planlarını müzakirə edib və bu barədə konkret saziş bağlayıblar.
"Biz saziş imzaladıq və yaxın vaxtlarda Oçamçir rayonunda Rusiya Hərbi Dəniz Donanmasının daimi bazası qurulacaq. Bütün bunlar həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib. Çünki bu, həm Abxaziyanın, həm də Rusiyanın əsas maraqlarının təminatıdır. Təhlükəsizlik hər şeydən üstündür", - Bjaniya deyib.
Abxaz liderin bu açıqlamaları Tbilisidə ciddi reaksiya doğurub. Gürcüstan XİN belə bəyanatları "Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması" adlandırıb. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Biz Suxumidə yeni Rusiya hərbi bazasının yaradılması barədə bəyanatından narahatlığımızı bildiririk. Bu cür hərəkətlər Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması və Abxaziya və Tsxinval regionunun qanunsuz işğalını legitimləşdirmək üçün növbəti təxribat cəhdidir".
Bununla belə, hakim "Gürcü arzusu" partiyasında abxaz liderin sözlərinin doğruluğuna şübhə ilə yanaşırlar. Partiyanın nümayəndəsi Gia Volskinin fikrincə, məlum görüşün bütün detalları aydınlaşmayana qədər hansısa nəticələrə gəlməyə tələsilməməlidir. Eyni zamanda, Volski Moskva ilə Suxumi arasında heç bir razılaşmanın olmadığına əmindir.
Ancaq Abxaziya lideri birmənalı şəkildə "Rusiya tərəfinin inteqrasiya prosesi başlatdığını" bildirir: "Məmnunluqla qeyd edim ki, son vaxtlar münasibətlərimiz əlavə stimul alıb. Uyğunlaşma prosesi gedir: bu uyğunlaşma üçün çox şey edilir və hələ görüləsi çox şey var. Ona görə də vahid sosial-iqtisadi və müdafiə məkanının yaradılmasında mövqelərimizi yaxınlaşdıran amildir və çox vacibdir. Biz də bunu edirik və etməyə davam edəcəyik."
Gürcüstan müxalifətində isə Bjaniyanın bəyanatı təhdid kimi qəbul edilib. "Lelo" Partiyasının liderlərindən biri Badri Caparidzenin sözlərinə görə, Ukrayna şəhərlərini atəşə tutan döyüş gəmilərinin Gürcüstan sahillərində, rəsmi Tbilisinin nəzarəti altında olmayan ərazilərdə yerləşdirilməsi Qərb-Rusiya gərginliyinin cəbhə xəttinin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daşınması anlamına gəlir.
"Bu, Rusiya Federasiyasının döyüş əməliyyatlarını Gürcüstana köçürmək cəhdi, cəbhə xəttinin Abxaziyaya – Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daşınması deməkdir. Hamımız başa düşməliyik ki, bu baza bu gün Sevastopol və Novorossiysk limanlarında hücuma məruz qalan Rusiya Hərbi Dəniz Qüvvələrinin sığınacağı üçün istifadə ediləcəkdir. Bu gəmilərdə hər gün Ukrayna mülki əhalisini atəşə tutan qanadlı raketlər var. Müvafiq olaraq, bu gəmilər Ukrayna Silahlı Qüvvələrinin qanuni hədəfləridir və buna görə də həmin bazanın qurulması döyüş əməliyyatlarını Abxaziyaya köçürmək üçün birbaşa cəhddir və bu, yerli sakinlərin, bütövlükdə Gürcüstan vətəndaşlarına böyük təhlükə yaradır", - Çaparidze belə düşünür.
Qeyd edək ki, Qara Dəniz Donanmasının gəmilərinin əksəriyyətinin artıq Sevastopoldan çıxarıldığı barədə iddialar Amerika nəşrləri tərəfindən də irəli sürülür. Peyk görüntülərinin təhlilinə istinad edən nəşrlər Rusiya Krımdakı üç sualtı qayığı, qanadlı raketlər daşıya bilən iki frekatı və bir patrul gəmisini Novorossiyskə, bir böyük desant gəmisi, bir sıra kiçik raket gəmiləri və yeni mina gəmiləri də daxil olmaqla digər hərbi dəniz qüvvələrini Feodosiyaya köçürüb.
Aslan Bjaniyanın son bəyanatları onu göstərir ki, Ukraynanın son hücumları nəticəsində bir neçə döyüş gəmisi və sualtı qayığını itirən Moskva Qara Dəniz Donanmasının gəmilərini daha qorunaqlı limanlara köçürmək qərarına gəlmiş ola bilər. Eyni zamanda, ekspertlərin fikrincə, Moskvanın əsas qüvvələrini Novorossiyskə köçürməsi Qərbin Ukraynaya verilən qanadlı raketlərdən Rusiya ərazisinə zərbələr endirmək üçün istifadəyə qadağa qoyacağına ümid etdiyini göstərə bilər. Ancaq Abxaziya üçün belə bir qadağanın qüvvəyə minməsi ehtimalı azdır. Eyni zamanda, Rusiya gəmilərinin SSRİ dövründə dəniz bazasının yerləşdiyi Oçamçirdə görünməsi xəbəri Rusiyanın yalnız Sevastopola alternativ axtarmadığından, həm də Qara dəniz sahili boyunca hərbi varlığını Türkiyəyə doğru genişləndirməyə çalışdığından xəbər verir.
Gürcüstan üçün isə bu o deməkdir ki, "Gürcü arzusu"nun elan etdiyi Moskvanı qıcıqlandırmamaq siyasətinə baxmayaraq, Kreml Tiflisin maraqlarını nəzərə almaq niyyətində deyil. Hərbi ekspert, Gürcüstan silahlı qüvvələrinin birləşmiş qərargahının keçmiş rəisi Zaza Qoqavanın sözlərinə görə, Rusiya donanmasının yeni baza yaratmaq niyyəti dolayısıyla Ukraynadakı müharibəni uduzduğunu və Krımı itirdiyini təsdiqləyir. Qoqava həmçinin vurğulayır ki, gürcü hökumətinin Anakliya limanının tikintisi ilə bağlı qərarını niyə təxirə saldığı da aydın olur:
"O (Rusiya), Ukraynadakı müharibəni uduzaraq, Krım yarımadasında yerləşən Sevastopoldakı strateji hərbi bazanı itirir. Və onlar üçün Qara dənizdə varlığını tam qorumaq üçün yeganə şans Oçamçirə bitişik ərazidir. İndi Anakliya limanının niyə tikilmədiyi aydındır. Burada da hakimiyyətimizin xəyanətkar siyasəti görünür. Rusiya bunu hökumətimizin əli ilə həyata keçirir".
Gürcüstan ekspertlərinin fikrincə, Tbilisinin bu vəziyyətdə yeganə düzgün addımı dövlətin birinci şəxslərinin yüksək və sərt reaksiyası, BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbi və Gürcüstanın strateji müttəfiqləri tərəfindən ölkəyə hərbi yardımın gücləndirilməsi məqsədilə bütün diplomatik kanalların cəlb edilməsi olmalıdır.
Paylaş: