Xəbər lenti


ABŞ – nin Cənubi Qafqaz siyasətinə nəzər saldıqda bütövlükdə onu Vaşinqtonun Avrasiya məkanı ilə bağlı həyata keçirdiyi strategiyanın vacib elementlərindən biri kimi qəbul etmək olar. Xüsusilə, bu siyasətin tarixi fonu, özündə ehtiva edən vacib məqamlar belə düşünməyimizə əsas verir. 

 

Bütün bunlarla bərabər, onu da qeyd edək ki, Cənubi Qafqazı ABŞ – nin həyati maraqlarına daxil olan region kimi deyil, ciddi geosiyasi, geoiqtisadi, təhlükəsizlik maraqlarının olduğu bölgə kimi xarakterizə edə bilərik. Məsələn, Cənubi Qafqaz Birləşmiş Ştatların geostrategiyasında Avropa, Yaxın Şərq və yaxud, uzaq Şərqi Asiya kimi həyati əhəmiyyət daşımır, ancaq bununla belə, qeyd etdiyimiz kimi Vaşinqtonun bölgə ilə bağlı vacib maraqları var. 

 

ABŞ – nin Cənubi Qafqazda ciddi maraqlarının formalaşmasını şərtləndirən əsas amillər regionun coğrafi yerləşməsi, geostrateji mövqeyi  malik olduğu zəngin enerji ehtiyatlarıdır. Bu amilləri nəzərə alaraq Birləşmiş Ştatlar son otuz ildə regionla bağlı prioritetlərini belə müəyyənləşdirmişdir : təhlükəsizlik, enerji və islahatlar. 1990 – cı illərin əvvəllərindən günümüzə kimi dəyişən Ağ Ev Administrasiyalarının regionla bağlı siyasətində məhz bu prioritetlər üstünlük təşkil edib. Vaşinqtonda belə bir qənaət formalaşıb ki, Cənubi Qafqaz dövlətləri ilə hər üç sahədə əməkdaşlığın dərinləşdirilməsi ABŞ - nin və bütövlükdə Qərbin regionda geostrateji maraqlarının təmin edilməsi baxımından əlverişli mühit yaradır. 

 

Qısa olaraq, Birləşmiş Ştatların regionla bağlı siyasətinin əsas məqamlarına nəzər salaq. ABŞ üçün Cənubi Qafqazın geostrateji əhəmiyyətini artıran əsas amillər bunalardır: Avrasiya məkanında dəhliz rolunu oynaması, Mərkəzi Asiyaya çıxış nöqtəsi olması, iki rəqibi Rusiya və İran arasında yerləşməsi, Vaşinqtonun həyati maraqlarına daxil olan bölgələrə (Şərqi Avropa, Yaxın Şərq) yaxın olması, dənizlər (Qara və Xəzər dənizi) arasında yerləşməsi. 

 

Xüsusilə, Cənubi Qafqazın dəhliz rolunu oynaması və Rusiya – İran arasında yerləşməsi ABŞ – nin geostrategiyasında regionun cəlbediciliyini artırır. Vaxtı ilə görkəmli Amerikan politoloqu Z.Bjezinski qeyd edirdi ki, Azərbaycan Xəzər dənizi və Mərkəzi Asiya sərvətinin Avropaya açılması üçün açar əhəmiyyətinə malik olan ölkədir. Z.Bjezinskinin bu fikirlərini əslində ABŞ – nin Azərbaycan, Cənubi Qafqazla bağlı 1990 – cı illərin əvvəllərindən formalaşmış yanaşması kimi də dəyərləndirmək olar. Onu da əlavə edək ki, ABŞ Cənubi Qafqaza yalnız Mərkəzi Asiyanın enerji resurslarına çıxış əldə etmək prizmasından baxmır, həm də regionda geosiyasi, təhlükəsizlik maraqlarının təminatı baxımından da əhəmiyyəti olan dəhliz kimi yanaşır. Vaşintonun Cənubi Qafqazla bağlı digər vacib geostrateji marağı bölgədə Rusiya və İran kimi rəqiblərinin təsirini zəiflətmək, əksinə, öz təsirini artırmaqdır. Uzun illərdir ABŞ – nin Rusiya ətrafında yaratmağa çalışdığı “plüralist” geosiyasi məkanda Cənubi Qafqaza xüsusi yer verilir. Cənubi Qafqazın timsalında Rusiya və İran arasında effektiv “təhlükəsizlik kəməri” nin qurulmasını Ağ Evin regionla bağlı başlıca geosiyasi istəklərindən biri kimi qəbul etmək mümkündür. 

 

Həmçinin, 2000 – ci illərin əvvəllərindən Əfqanıstanda, Yaxın Şərqdə, İranla münasibətlərdə, post Sovet məkanında baş verən hadisələr, proseslər ABŞ – nin Cənubi Qafqazda təhlükəsizlik maraqlarını daha da artırıb. Bir vacib məqamı da qeyd etmək olar ki, Birləşmiş Ştatlara 2001 – ci il 11 sentyabr terror hücumlarından və 2003 – cü ildə İraqda başlayan müharibədən sonra Cənubi Qafqaz Vaşinqton üçün təhlükəsizlik maraqları baxımından əhəmiyyətli bölgəyə çevrilmişdir. Məlum terror aktlarından sonra ABŞ – nin rəhbərlik etdiyi koalisiyanın Əfqanıstanda apardığı anti - terror əməliyyatlarında Cənubi Qafqaz, o cümlədən də, Azərbaycan əsgərlərin, hərbi ləvazimatın daşınması üçün tranzit rolunu oynamışdır. Hazırda da Birləşmiş Ştatların Rusiya və İranla kəskin münasibətləri fonunda Cənubi Qafqaz Vaşinqtonun təhlükəsizlik maraqlarında öz əhəmiyyətini qoruyub saxlayır. Onu da qeyd edək ki, məhz 2001 – ci il 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın Birləşmiş Ştatların geostrateji və təhlükəsizlik maraqlarında artan əhəmiyyəti, rəsmi Bakının anti – terror koalisiyasında fəal iştirakı Corc Buş Administrasiyasının Azərbaycana birbaşa yardımları qadağan edən 907 – ci düzəlişin icrasını dayandırmasında əsas rol oynamışdır

 

ABŞ-ın Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda siyasətini müəyyən edən əsas faktorlardan biri kimi enerji amili çıxış edib. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Birləşmiş Ştatların regionla bağlı siyasətində enerji faktorunun əhəmiyyəti Vaşinqtonun qəbul etdiyi strateji sənədlərdə də ifadə olunur. Məsələn, 1994 – cü ildə qəbul edilən ABŞ – nin Milli Təhlükəsizlik Strategiyasında Xəzər neftindən istifadə etmək imkanları ölkənin Yaxın Şərq neftindən asılılığını azaldan amil kimi nəzərdən keçirilirdi. Və yaxud, 2003-cü ildə qəbul edilmiş Milli Təhlükəsizlik Sənədində Xəzərin enerji mənbələrinin strateji əhəmiyyəti xüsusi qeyd edilir. Onu da əlavə edək ki, Birləşmiş Ştatların regionla bağlı enerji siyasəti Vaşinqtonun yalnız geoiqtisadi deyil, həm də geosiyasi maraqlarına xidmət edib. Azərbaycan neftinin istismarına Qərb investisiyalarının cəlbi və dünya bazarına ixracına verilən dəstək regionda Rusiya, İran kimi geostrateji rəqiblərin təsirinin azaldılması, əksinə, ABŞ – nin və bütövlükdə Qərbin təsirinin artırılması hədəflərini də ehtiva edib. 1990 – cı illərdə Birləşmiş Ştatların enerji siyasəti region daxilində yeni geosiyasi, geoiqtisadi konfiqurasiyanın formalaşmasına da təkan verib. Xüsusilə, Bakı – Tiflis – Ceyhan neft kəmərinin işə düşməsi ilə Azərbaycan – Gürcüstan – Türkiyə oxu meydana çıxıb. Və belə bir oxun meydana çıxması həmin dövrdə Vaşinqtonun baxış bucağında böyük əhəmiyyət daşıyırdı. Bütövlükdə, Birləşmiş Ştatların Cənubi Qafqazda həyata keçirdiyi enerji siyasətinin mərkəzində təbii olaraq malik olduğu resurslarla və geostrateji mövqeyi ilə Azərbaycan dayanıb. 1994 – cü ilin 20 sentyabrında imzalanan “Əsrin Müqaviləsi” və digər müqavilələrdə ABŞ şirkətlərinin geniş təmsil olunması, Bakı – Tiflis – Ceyhan neft kəmərinə Birləşmiş Ştatların verdiyi böyük siyasi dəstək və s. faktlar iki ölkə arasında enerji sahəsində əməkdaşlığın bariz nümunələri kimi qəbul edilə bilər. 

 

Əvvəldə də qeyd etdiyimiz kimi, ABŞ – nin regional siyasətinin əsas prioritetlərindən biri siyasi islahatlarla bağlı olmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa edən hər üç Cənubi Qafqaz dövlətində islahatların həyata keçirilməsinə Vaşinqton region dövlətlərinin Avro – Atlantik strukturlara inteqrasiyasının əsas vasitələrindən biri kimi yanaşmışdır. Qərb dəyərlərinə əsaslanan siyasi, iqtisadi, sosial yönümlü islahatlara dəstək Birləşmiş Ştatların region ölkələri ilə münasibətlərinin vacib aspektlərindən birini təşkil etmişdir. Məqsədi regionu daxilən Qərbə yaxınlaşdırmaq olan islahatlara dəstək siyasəti son otuz ildə bir sıra amillərin təsiri ilə ciddi problemlərlə də üzləşmişdir. Bu amillər sırasında Vaşinqton tərəfindən yerli xüsusiyyətlərin nəzərə alınmamasını, bir çox hallarda islahatlar mövzusundan siyasi alət məqsədi ilə istifadə edilməsini və kənar güc mərkəzlərinin (Rusiya, İran) təsirlərini qeyd etmək olar. Bütövlükdə, ABŞ Azərbaycanla hər üç istiqamət üzrə, Gürcüstan və Ermənistanla isə daha çox təhlükəsizlik və siyasi islahatlar sahəsində əməkdaşlıq edib. 

 

İkinci Qarabağ Müharibəsindən sonra ABŞ – Azərbaycan münasibətləri 

 

İkinci Qarabağ Müharibəsindən sonra iki ölkə arasında münasibətlərin xarakterində müəyyən ciddi dəyişikliklərin baş verməsi müşahidə edilir və baş verən bu dəyişikliyin əsas səbəbi kimi Vaşinqtonun post – münaqişə problemlərinə yanaşmasını qeyd etmək olar. Görünən odur ki, son otuz il ərzində formalaşmış olan və hər iki tərəfin də geosiyasi, geoiqtisadi maraqlarını təmin edən strateji tərəfdaşlıq faktoru belə münasibətlərin xeyli dərəcədə gərginləşməsinin qarşısını ala bilməyib. Yaranmış vəziyyətin əsas səbəbi, əvvəldə də qeyd etdiyimiz kimi Birləşmiş Ştatların İkinci Qarabağ Müharibəsindən sonra post – münaqişə problemlərinə yanaşması və bütövlükdə, yenidən qurmağa çalışdığı regional siyasətidir. Son üç ildə baş verənlər onu deməyə əsas verir ki, ABŞ İkinci Qarabağ Müharibəsinə qədər həyata keçirdiyi və müəyyən mənada tərəflərə münasibətdə tarazlığı qorumağa çalışdığı siyasətini Ermənistanın xeyrinə dəyişməkdədir. Yeri gəlmişkən, 1992 – 2020 – ci illərdə ABŞ tərəfindən həyata keçirilən bu tarazlıq siyasəti də bəzi hallarda Ermənistanın xeyrinə pozulub. Məsələn, 1992 – ci ildə Konqres tərəfindən Azərbaycana birbaşa yardımları qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qəbulu ABŞ – nin münaqişədə tərəfsizliyini ciddi şübhə altına alıb. Məsələnin paradoksallığı ondan ibarətdir ki, ABŞ Konqresi 907 – ci düzəlişi qəbul edərkən Azərbaycan torpaqlarının bir hissəsi (Şuşa, Laçın və s.) işğal olunmuşdu və azərbaycanlılar Qarabağın bəzi yaşayış məskənlərində, şəhərlərində etnik təmizləməyə, soyqırımına (Xocalı və s.) məruz qalmışdı. Ümumiyyətlə isə, ABŞ – nin münaqişəyə yanaşmada tarazlıq siyasəti haqlı olaraq Azərbaycanı qane etməmişdi. İlk növbədə, o səbəbdən ki, təcavüz edən dövlətlə təcavüzə məruz qalan dövlət arasında neytrallıq nümayiş etdirmək nə siyasi, nə hüquqi, nə də mənəvi olaraq doğru hesab edilə bilməzdi. 

 

Eyni zamanda, Ağ Ev regional siyasətində əvvəlki illərlə müqayisədə geosiyasi baxımdan Ermənistana daha çox önəm verməkdədir. İkinci Qarabağ Müharibəsindən sonra ABŞ – nin Cənubi Qafqaz siyasətində baş verən bu dəyişiklikləri əsasən iki amillə əlaqələndirmək olar. Fikrimizcə, birinci amil, Vaşinqtonun regionda olan geosiyasi maraqları ilə bağlıdır. Daha dəqiq desək, ABŞ-nin İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlardan o qədər də məmnun qalmaması ilə əlaqədardır. ABŞ post - münaqişə dövrü problemlərinin həllində regionun güc mərkəzlərinin (Rusiya və Türkiyə) üstünlük əldə etməsini, bu güc mərkəzlərinin bölgədə mövqeyinin güclənməsini, Vaşinqtonun isə sülh prosesindən kənarda qalmasını özünün bölgə ilə bağlı geostrateji maraqlarına təhdid kimi qəbul edib. Bu səbəbdən də Birləşmiş Ştatlar son bir ildən artıq dövrdə Avropa İttifaqı ilə bərabər vasitəçilik təşəbbüsləri ilə çıxış edir və bölgədə fəallığını təmin etməyə çalışır. Ancaq Vaşinqton tərəfindən göstərilən bu fəallıq tərəfləri sülhə gətirmək baxımından arzuolunan nəticəni vermir və verməməsinin də əsas səbəbi sülh prosesinə yanaşmada nümayiş etdirdiyi qeyri ardıcıllıq, müəyyən məqamlarda qərəzlilik və tərəfkeşlikdir

 

Bütövlükdə, son üç ildə ABŞ və Azərbaycan arasında post – münaqişə problemləri ilə bağlı fikir ayrılıqlarını, ziddiyyətləri belə sıralamaq olar ki, Birləşmiş Ştatlar Azərbaycanın mövqeyindən fərqli olaraq münaqişənin bitmədiyini və bu səbəbdən də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsi zərurətini bəyan edib, Ermənistan-Azərbaycan sərhəddində, Qarabağ bölgəsində baş verən toqquşmalarda daha çox ölkəmizi ittiham edib və həm Ağ Ev, Dövlət Departamenti, həm də bir çox Konqres nümayəndələri bu məsələlərdə təxminən eyni mövqedən çıxış ediblər ki, bu da Vaşinqtonun iki ölkə arasında davam edən sülh prosesinə yanaşmasında Ermənistanın tərəfində olması mənzərəsini yaradıb.

 

 Xüsusilə, son aylarda ABŞ rəsmilərinin qeyd etdiyimiz mövzularda verdiyi tərəfkeş, qərəzli açıqlamalara, bəyanatlara, atdığı addımlara xronoloji ardıcıllıqla baxdıqda, Vaşinqtonun Ermənistanın müdafiəsinə yönələn reveranslarının tezliyinin artdığını görmək mümkündür. 2023 – cü ilin noyabrın 15 – də, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələrin keçirilməsi və bu dinləmələrdə, bir sıra rəsmilərin, konqresmenlərin səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə təkan verdi. Dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini C.O’Brayn Azərbaycan ordusunun sentyabrın 19 – 20 – də Qarabağda keçirdiyi anti – terror tədbirlərini qınadığını bildirib və bəyan edib ki, 20 sentyabrdan sonra sülh danışıqlarında irəliləyiş görməyincə Azərbaycanla münasibətlər normal olmayacaq. O, həmçinin, fikirlərinə əlavə edib ki, Azərbaycana birbaşa hərbi və iqtisadi yardımları qadağan edən 907 – ci düzəliş vəziyyət düzələnə qədər qüvvədə qalacaq. 

 

Onu da əlavə edək ki, ABŞ Konqresinin yuxarı palatası olan Senat artıq 907 – ci düzəlişin icrasının qüvvədə saxlanmasını özündə ehtiva edən qanun layihəsini təsdiq edib. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi keçirilən dinləmələrə və orada səsləndirilən fikirlərə adekvat münasibətini ifadə edib. XİN – in bəyanatından o da məlum olub ki, noyabrın 20 – də Vaşinqtonda gözlənilən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü də baş tutmayacaq. 

 

ABŞ – nin regional siyasətində baş verən dəyişikliyin digər səbəbi daxili amillərlə bağlıdır. Ümumiyyətlə, ABŞ – Azərbaycan münasibətlərinin tarixinə nəzər saldıqda görmək olar ki, Birləşmiş Ştatların daxili siyasi gündəliyi hər zaman Vaşinqtonun ölkəmizlə bağlı siyasətinə ciddi təsir göstərib. Və bu təsir əksər hallarda neqativ xarakterli olub. Burada, xüsusilə, erməni diaspor və lobbi qruplarının fəaliyyətini və bu qrupların Amerikan siyasi elitasında, hakimiyyət qollarında dərin kökləri olan əlaqələrini xatırlamaq yerinə düşər. Bu baxımdan, 1992 – ci ilin oktyabrında bədnam 907 – ci düzəlişin Konqres tərəfindən qəbul edilməsini də erməni lobbi qruplarının fəaliyyətinin birbaşa nəticəsi kimi qəbul etmək olar. Yeri gəlmişkən, onu da vurğulayaq ki, 907 – ci düzəlişin qəbulu 1990 – cı illərdə iki ölkə arasında münasibətlərə mənfi təsir etməklə Birləşmiş Ştatların regional maraqları ilə də ziddiyyət təşkil etmişdir. Hazırda da ABŞ – dəki erməni lobbi qrupları fəaliyyətlərini xeyli gücləndirib və bu qruplar əsasən Ağ Ev, Dövlət Departamenti və Konqres üzərində olan təsir imkanlarından istifadə etməyə çalışırlar. Xüsusilə, Konqres erməni lobbisinin təsir imkanlarının daha böyük olduğu hakimiyyət qoludur. Məlumat üçün qeyd edək ki, hazırda 535 üzvdən ibarət olan ABŞ Konqresinin 100 nəfərdən artıq üzvü erməni kokusunda (qrupunda) təmsil olunur. Az qala Konqresin ¼ - nin erməni kokusunda təmsil olunmasını sıradan fakt kimi qəbul etmək doğru olmazdı. Onu da nəzərə almaq lazımdır ki, ABŞ Konqresinin konstitusiyaya uyğun olaraq ölkənin xarici siyasətinin hazırlanmasında və həyata keçirilməsində böyük səlahiyyətləri var və qanunverici orqanda erməni lobbi qruplarının güclü olması dövlətin xarici siyasət qərarlarına da təsir edir. Eyni zamanda, hazırda hakimiyyətdə olan Demokratlar üzərində erməni lobbi qruplarının ənənəvi təsir imkanlarının olması da nəzərdən qaçırılmamalıdır. 

 

Bütün bu amilləri nəzərə alaraq əminliklə demək olar ki, 2024 – cü ilin noyabrında keçiriləcək prezident və Konqresə seçkilər yaxınlaşdıqca ölkə daxili siyasətdə Azərbaycana qarşı çağırışlar daha da artacaq. Hətta demək olar ki, bu çağırışlar artmaqdadır. Bu günlərdə Respublikaçı prezidentliyə namizədlər R.Desantis, Nikki Heyli və Vivek Ramasvami qatıldıqları bir tədbirdə Azərbaycanı ermənilərə qarşı Qarabağda etnik təmizləmədə ittiham ediblər. Nəhayət, görünən odur ki, ABŞ siyasətində mühüm hadisə olan seçkilər ərəfəsində qarşı duran tərəflər (Demokratlar və Respublikaçılar) arasında erməni diasporunun dəstəyini əldə etmək üçün müəyyən ermənipərəst addımların atılması ehtimalı artacaq. 

 

Nəticə 

 

Beləliklə, proseslərin gedişi onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz və o cümlədən də, Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirir. Bu da təsadüfi deyil. Birləşmiş Ştatlar post – soyuq müharibə dövrünün başa çatdığını və yeni dünya nizamının qurulması prosesinin getdiyi gerçəkliyini qəbul edir və buna uyğun olaraq davranmağa çalışır. Əsas güc mərkəzlərinin rəqabətinin artması fonunda Cənubi Qafqazın geostrateji əhəmiyyəti Birləşmiş Ştatların maraqlarında daha da artır. Məhz bu baxımdan 2022 – ci ilin oktyabrında qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında son illərdə qəbul edilmiş analoji sənədlərdən fərqli olaraq Cənubi Qafqazla bağlı qeydlərin olmasını da ABŞ – nin regiona marağının artmasını təsdiq edən məqam kimi də qəbul etmək olar. Qeyd edək ki, sənəddə bildirilir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda münaqişələrin həlli istiqamətində diplomatik səyləri dəstəkləyəcək. Bütün bunlarla bərabər görünən odur ki, Birləşmiş Ştatlar bəzi yanlış strateji hesablamalara əsaslanaraq regional siyasətini yeniləməyə çalışır. İlk növbədə, burada Azərbaycanla bağlı Vaşinqtonun son taktiki gedişlərini, davranışlarını qeyd etmək olar. Təhlildə də qeyd edildiyi kimi, son 30 ildə ABŞ və Azərbaycan Vaşinqton üçün böyük əhəmiyyət daşıyan sahələr (enerji, təhlükəsizlik) üzrə yaxından əməkdaşlıq ediblər və bu əməkdaşlıq Birləşmiş Ştatların regionda geosiyasi, geoiqtisadi, təhlükəsizlik maraqlarının təmin olunmasında böyük rol oynayıb. Və belə bir yüksək tərəfdaşlıq münasibətlərinin olduğu və regionun siyasi, iqtisadi, hərbi potensialına və digər göstəricilərinə görə aparıcı dövləti olan Azərbaycanla münasibətləri korlamaq heç bir halda Birləşmiş Ştatların Cənubi Qafqazla bağlı maraqlarına uyğun deyil. Bu baxımdan, fikrimizcə, hər hansı mücərrəd ideoloji yanaşma və yaxud, daxili siyasi gündəliyin təsiri ABŞ – nin regional strategiyasında rasionallığın itirilməsinə məntiqlə əsas verməməlidir. Və Vaşinqtonda onu da nəzərə almalıdırlar ki, Azərbaycanla münasibətlərdə qarşıdurma xəttinin davam etdirilməsi Birləşmiş Ştatların Cənubi Qafqazda mövqeyini zəiflədə bilər ki, bundan da ən çox qazanan tərəf ABŞ – nin regional və qeyri – regional rəqibləri olacaq. 

 

Nəhayət, indiki mərhələdə Azərbaycanın Birləşmiş Ştatlardan əsas gözləntisi ondan ibarətdir ki, ABŞ erməni mərkəzli siyasətdən imtina edərək Ermənistan ilə davam edən sülh prosesinə obyektiv, qərəzsiz yanaşsın və özü üçün prioritet elan etdiyi post – münaqişə problemlərinin həllinə yardım etsin və eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasət kursuna hörmətlə yanaşsın. Fikrimizcə, yalnız bir ölkənin (Ermənistanın) deyil, bütövlükdə, regionun təhlükəsizliyini təmin etməyə yönələn siyasət həm Birləşmiş Ştatların, həm də Cənubi Qafqaz dövlətlərinin strateji maraqlarına uyğun olardı. 

 

Müəllif: Mətin Məmmədli, 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi

 




Ana səhifəyə qayıt        Baxış: 5 319          Tarix: 12-12-2023, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma