Xəbər lenti


ABŞ Ukrayna ilə bağlı hərbi strategiyasını dəyişdirir, hücumdan tədricən müdafiəyə və Rusiyaya ilə sülh danışıqlarına başlamaq taktikasına keçir.

 

Ovqat.com-un məlumatına görə, ABŞ-ın nüfuzlu media orqanlarından olan “Politico” nəşri bu barədə bildirib.

 

Məlumatda qeyd olunur ki, son iki il ərzində Bayden və Zelenski Rusiyanı Ukraynadan sıxışdırıb çıxarmağa diqqət yetirirdilər. İndi isə Vaşinqtonda daha çox müdafiə mövqeyinə keçid məsələsi müzakirə olunur.

 

Nəşr yazır ki, bu iddianı adlarının açıqlanmasını istəməyən Ağ ev nümayəndəsi və Vaşinqtonda yerləşən Avropa diplomatlarından biri təsdiqləyib. Mənbələrin sözlərinə görə, Ukraynaya Amerika və Avropa yardımı ciddi təhlükə altında olduğundan, Bayden Administrasiyası və Avropa rəsmiləri sakitcə diqqətlərini Ukraynanın Rusiya üzərində tam qələbəsi məqsədini dəstəkləməkdən müharibəni bitirmək üçün mümkün danışıqlarda mövqeyini yaxşılaşdırmağa yönəldiblər. Bu cür danışıqlar, ehtimal ki, Ukraynanın bir hissəsinin Rusiyaya təhvil verilməsi ilə nəticələnəcək.

 

Politico yazır ki, Ağ Ev və Pentaqon Bayden administrasiyasının siyasətində rəsmi dəyişikliklərin olmadığını - hələ də Ukraynanın rus hərbçilərini ölkədən tamamilə çıxarmaq məqsədini dəstəklədiklərini israrla gündəmə gətirirlər: “Lakin ukraynalıların özləri ilə yanaşı, ABŞ və Avropa rəsmiləri də Ukrayna Prezidenti Vladimir Zelenskinin uğursuz əks-hücumundan Şərqdəki Rusiya qüvvələrinə qarşı daha güclü müdafiə mövqelərinə köçürülməsini müzakirə edirlər”. 

 

İddialara inansaq, bu səylərə hava hücumundan müdafiə sistemlərinin möhkəmləndirilməsi, istehkamlar, tikanlı məftillər, tank əleyhinə maneələr və Ukraynanın Belarusla şimal sərhədi boyunca xəndəklər qazılması da daxildir. Bundan əlavə, Bayden administrasiyası ABŞ Konqresinin təsdiqləməkdən imtina etdiyi son dərəcə zəruri silah tədarükü siyasətində də mühüm dəyişikliklərə gedib. Yeni strategiyada Ukraynanın öz müdafiə silahlarını özünün istehsal etməsi və bunun üçün həmin ölkədə hərbi sənayesinin sürətlə canlandırılması nəzərdə tutulur.

 

Administrasiyanın sözçüsü bu həftə POLİTİCO jurnalına açıqlamasında bildirib ki, müdafiəyə doğru bu strateji dəyişikliyin böyük hissəsi Ukraynanın gələcək danışıqlarda mövqeyini möhkəmləndirməyə yönəlib. "Bu, bütün iş boyu nəzəriyyəmiz idi — bu müharibənin sona çatmasının yeganə yolu danışıqlardır", - Ağ Evin adı çəkilməyən rəsmisi nəşrə açıqlamasında belə deyib.

 

Sözçü hələ ki heç bir danışıqların planlaşdırılmadığını, Ukrayna qüvvələrinin bəzi yerlərdə hücumları davam etdirdiyini, minlərlə rus hərbçisini öldürdüyünü və yaraladığını vurğulayıb. "İstəyirik ki, ərazilərini qorumaq üçün daha güclü mövqelərə sahib olsunlar. Biz onları hər hansı bir yeni hücuma başlamaqdan çəkindirmək istəmirik", - deyə o, vurğulayıb.

  

Politico nəşrinin fikirlərinə istinad etdiyi analitiklərin bildirdiyinə görə, müdafiəyə keçid strategiyası Putini məqbul kompromisə məcbur etmək üçün Ukraynaya lazım olan vaxtı qazandıra bilər. ABŞ ordusu hərbi kollecinin kəşfiyyat mütəxəssisi Anthony Pfaff bu barədə deyib: “Çox güman ki, müdafiə mövqeyinə keçid ukraynalıların qaynaqlarını qorumasına imkan verəcək, eyni zamanda Rusiyanın gələcək tərəqqisini mümkünsüz edəcək”.

 

Ovqat.com-un şərhi

 

Bir sözlə, ABŞ Ukraynanı yarıyolda qoymağın “məntiqli əsaslandırmasını” tapıb. Amma görünən budur ki, bu “məntiqli əsaslandırma” Zelenskinin ağlına yatmır. Çünki Ukrayna prezidenti öz xalqının beynində doğa biləcək “bu işi bacarmayacaqdınsa, müharibəni niyə təşviq edirdin” suallarını cavablandıracaq durumda deyil. Ən azı ona görə ki, 2 ildir davam edən son müharibədən əvvəl Ukraynanın əlində daha çox torpaq vardı. İndi isə o, ölkəsinin 20 faizinin işğalı ilə razılaşaraq diplomatik masaya əyləşməlidir. 

 

Fikrimizcə, Zelenskinin bu mövqeyi onun hakimiyyətdən sərt şəkildə uzaqlaşdırılması ilə nəticələnə bilər. Qərbin “sülh” çağırışlarına dəstəkləməməsi halında Ukrayna prezidentini rahatlıqla əvəz edəcək kadrlar da var. Bunlardan biri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı, digəri isə Kiyev meri Vitali Kliçkodur. Hər iki lider son zamanlar Zelenskiyə qarşı açıq tənqidi fikirləri ilə seçilirlər. Son zamanlar Qərb rəsmilərinin Kiyevə səfərlərinin azalması da bu perspektivə işarə kimi “oxuna” bilər.

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 359          Tarix: 28-12-2023, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma