Ermənilərin xaricdəki lobbilərinin məşhur bir nümayəndəsi var - Karen Xurşudyan. Fransanın Marsel şəhərində Abovyan Kollecinə rəhbərlik edən bu adam ermənilərin məşhur yazıçısı kimi tanınır. Bir sözlə, erməni ictimaiyyətində sözükeçən adamlardan biridir.
Ovqat.com-un məlumatına görə, Karen Xurşudyan erməni mediasına verdiyi açıqlamasında Azərbaycanla Ermənistan arasında son zamanlar müzakirə olunan sülh müqaviləsi ilə bağlı fikirlər səsləndirib. Özü xaricdə təhlükəsizlik şəraitində yaşayan bu adam İrəvanla Bakı arasında real sülh müqaviləsinə nail olmağın yeganə yolunu Ermənistanın hərbi cəhətdən güclənməsində görür. O əmindir ki, nə qədər ki, Ermənistan silahlanmayıb, onun imkanları Azərbaycanın imkanları ilə bərabərləşməyib, rəsmi Bakı Ankaranın da köməyindən faydalanaraq ermənilərə təzyiqlərini davam etdirəcək. Belə olacağı təqdirdə, Avropa isə Ermənistana kömək etməyəcək, onu yarı yolda qoyacaq.
"Heç bir avropalı Ermənistanın sərhədlərini tam müdafiə etməyə gəlməyəcək, heç bir avropalı Azərbaycanı Haaqa Məhkəməsinin qərarını icra etməyə məcbur etməyəcək. Avropanın Azərbaycana təzyiq göstərmək üçün iqtisadi sanksiyalardan başqa heç bir yolu yoxdur ki, rəsmi Bakı Ermənistana qarşı təmkinli olsun", – deyə yazıçı qeyd edib.
Xurşudyanın sözlərinə görə, real sülh müqaviləsi yalnız hərbi paritet şəraitində imzalana bilər və Fransa da bunu çox yaxşı başa düşdüyündən Ermənistanı hərbi baxımdan gücləndirməyə çalışır, bunu zəruri hesab edir.
"Ermənistan özü üçün lazımi fayda əldə edərək xarici siyasət münasibətlərini şaxələndirməyi bacarmalıdır. Bu yolda xarici oyunçularla ortaq maraqlar yaratmaq vacibdir. Əks təqdirdə, başqaları həmişə Yerevandan öz məqsədləri üçün istifadə edəcəklər", – deyə o bildirib.
Xurşudyan deyəsən anlaya bilmir ki, Ermənistan hərbi cəhətdən özünü nə qədər gücləndirirsə gücləndirsin, Azərbaycanın və Türkiyənin səviyyəsinə gəlib çata bilməz. Buna onun əhalisinin sayı belə imkan vermir. Bu vəziyyətdə İrəvanın ən yaxşı silahı şirin dili, boyunu aşan iddialarından vaz keçməsi olar ki, buna da içi Xurşudyan qarışıq erməni lobbiləri imkan vermir.
Paylaş: