İlin son həftəsi regionumuz üçün mühüm siyasi hadisələrlə yadda qaldı. Azərbaycan və Ermənistan liderləri Rusiyaya səfər etdilər. Sankt-Peterburqda onların görüşü ayaqüstü söhbət formatında, üçtərəfli deyil, ikitərəfli əsasda baş tutdu.
Həmçinin, bu səfərdən əvvəl və sonra Rusiya, Türkiyə, İran və Azərbaycanın Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında telefon diplomatiyası aparıldı. İran XİN rəhbərinin Ermənistana səfəri zamanı sülh müqavləsinin 3+3 formatı çərçivəsində imzalanması, regionda təhlükəsizliyin yalnız bölgə dövlətləri və qonşu ölkələrin iştirakı ilə təmin edilməsinə dair bəyanatı, çox güman ki, məhz bu diplomatiyanın nəticəsi kimi ortaya çıxdı.
Bu tezisi səsləndirmək iranlı nazirə tapşırıldı, çünki Ermənistan rəhbərliyi Rusiyadan fərqli olaraq, İranın gözləntilərindən xüsusilə ehtiyatlanır. İran açıq və birmənalı şəkildə Ermənistanın ərazi bütövlüyünə təminatı bəyan edən yeganə ölkədir. Həmçinin, Hindistandan gələn silahlar İrandan keçir. Tehranda 3+3 formatında keçirilən görüşdə Ermənistan XİN rəhbərinin iştirakını məhz İran təmin edib.
Dekabrın 7-də Azərbaycan və Ermənistan liderləri administrasiyalarının birgə bəyanatından sonra biz öz formatlarında danışıqların davam etdirilməsini tələb edən Vaşinqton və Brüsselin fəallığını müşahidə etdik. Bu günlərdə isə İranın xarici siyasət gündəmində sülh müqaviləsi mövzusu aktuallaşıb.
Vasitəçilər və qonşulardan hər biri sülh prosesinə müdaxilə etməyə, burada öz iştirakını və maraqlarını təmin etməyə çalışır. Ancaq müqavilə ikitərəfli formatda müzakirə olunursa, o zaman bu fəaliyyətlər nəyə lazımdır? Müqavilənin hansı hissəsi belə ciddi aktivliyə səbəb olub?
Müəyyən dərəcədə bu sualın cavabını Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyovun “The Guardian”a müsahibəsində tapmaq olar. Diplomatın sözlərinə görə, tərəflər arasında gələcək sülh sazişinin şərhindəki fərqlilikləri və digər mübahisələri aydınlaşdırmaq üçün ikitərəfli komissiyanın yaradılması müzakirə olunur. Beləliklə, xarici qüvvələr sülh müqaviləsi mövzusunda heç nə etməyin mümkün olmayacağını anlayaraq, gələcək ziddiyyətlərin müzakirəsi prosesində yer almağa çalışırlar.
Əgər Azərbaycan Prezidenti Administrasiyasının yüksək rütbəli nümayəndəsi bu prosesi ikitərəfli formatda təsvir edirsə, o zaman istisna üsulu ilə belə nəticəyə gəlmək olar ki, Ermənistan sözügedən komissiyanı çoxtərəfli formatda görmək istəyir və bununla da bir tərəfdən Qərbin, digər tərəfdən Rusiya və İranın prosesə müdaxiləsi üçün yeni fürsət yaradır.
Yeri gəlmişkən, kənar qüvvələrin sülh prosesinə müdaxiləsi son üç il ərzində Moskvadan, Tehrandan, Parisdən, Brüsseldən, Vaşinqtondan münaqişəni davam etdirmək, Azərbaycana qarşı təcavüzkar siyasətə dəstək qazanmaq, eləcə də Ermənistanı qorumaq üçün istifadə etməyə çalışan İrəvanın günahıdır. Vaxtilə məhz Ermənistan rəhbərliyinin dəstəyi ilə Fransa siyasətçiləri, iranlı diversantlar, “Vardanyan layihəsi” Laçın yolu ilə Qarabağda peyda olublar.
İndi bütün bu paytaxtlar tələb edir ki, Ermənistan sülh prosesində həm iştirak, həm də forma və məzmun baxımından onların maraqlarını nəzərə alsın. Onlar həqiqətən də müqavilənin mətni ilə maraqlanır və oraya özlərinə lazım olan ifadələri daxil etməyə çalışırlar. Xarici qüvvələrin bu fəaliyyətləri həm də Azərbaycan və Ermənistan arasında müzakirə predmetinə çevrilə bilər, çünki biz dəfələrlə kənar qüvvələrin danışıqlar prosesinin mahiyyətini necə dəyişdirə və onu çıxılmaz vəziyyətə sala bildiyinin şahidi olmuşuq.
Fikrimizcə, proses nə qədər az beynəlmiləlləşsə, bir o qədər də səmərəli irəliləmək olar. Əks halda, son onilliklərdə olduğu kimi, başqa dövlətlər rahatlıqla region ölkələrinin milli maraqlarını öz maraqları ilə əvəz edə bilər və bu kontekstdə Qərblə Rusiya və İran arasında heç bir fərq yoxdur. Vasitəçilərin bütün ədəb həddini aşan təzyiqlərinə isə yalnız Bakı və İrəvan birlikdə tab gətirə bilər. Həll yolu prosesi sürətləndirmək ola bilər, əks halda kənar müdaxilələr daha çox olacaq.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: