ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken Türkiyəyə səfərə gəlib. Bu gün onun Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla görüşəcəyi bildirilir. Antoni Blinkenin səfəri Qəzzada müharibənin 1 ayı tamam olduğu günlərə təsadüf edir. Bu müddət ərzində ABŞ rəhbərliyi bir çox region ölkələrinə səfər etsə də, nədənsə Türkiyəni unutmuşdu. Blinkenin bu gecikmiş səfərinin əsl məqsədi və digər məsələlərlə bağlı müsahibimiz siyasi şərhçi Heydər Oğuzdur.
Siyasi şərhçi Musavat.com-a deyib ki, əslində, Blinkenin Türkiyəyə səfəri müharibənin ilk günlərində nəzərdə tutulub:
- Amma həmin vaxt Türkiyənin xarici işlər naziri Hakan Fidanın əvvəlcədən planlaşdırılmış Misir səfəri vardı. Rəsmi açıqlamalara inansaq, Blinkenin region ölkələrinə ilk tur səfərində Türkiyəyə gəlişi məhz bu səbəbdən baş tutmamışdı. Sözsüz ki, bu iddia sadəcə bəhanə də ola bilərdi. Çünki biz Türkiyə-Amerika münasibətlərinə nəzər salanda onların arasında çox da isti əlaqələrin olmadığını görə bilərik. Böyük ehtimalla, ABŞ Türkiyəyə “sən bu işə qarışma” mesajını vermək üçün qardaş ölkəyə səfər etmək istəmirdi. Amma Blinkenin İsraillə qonşu ərəb ölkələrinə səfərləri uğurlu alınmadı. Hətta iddialara görə, Qəzza savaşı başlayanda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Blinkeni bir neçə saat gözlətdikdən sonra qəbul etdi və heç bir razılıq əldə olunmadan yola saldı. Blinken həmin səfər turunda getdiyi ikinci ölkə Misirdə də istədiyini ala bilmədi. İordaniya da həmçinin Qəzza məsələsində ABŞ-la hansısa razılığa gələ bilməyəcəyini müxtəlif addımlarla Vaşinqtonun diqqətinə çatdırdı; Co Baydenin İordaniya səfəri təxirə salındı. Fələstinlilərin bir qisminin İordaniyaya köçürülməsinə sərt reaksiya verdi. Məhz belə bir məqamda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İsrailin Qəzzaya hərbi əməliyyatını sərt tənqid edən açıqlamaları eşidildi. Bir ayda ən azı 3 dəfə təkrarlanan bu açıqlamalarda Ərdoğan Türkiyənin İsrail-Fələstin danışıqlarında qarantor dövlət kimi çıxış edə biləcəyini bildirdi. Zənnimcə, Blinkenin Türkiyəyə səfəri də məhz bu alternativin müzakirəsi üçün nəzərdə tutulub. Sözsüz ki, görüşdə Ukrayna məsələsi və ABŞ-Türkiyə münasibətləri də masaya yatırılacaq, amma əsas mövzu, yəqin ki, Türkiyənin qarantorluğu altında Qəzzada siyasi sabitliyin qorunması və müharibəni şərtləndirən amillərin ortadan qaldırılması olacaq. Bilirsiniz ki, Blinken Ankaraya səfərindən öncə İsrailə getmiş və ölkənin baş naziri Binyamin Netanyahu ilə görüşmüşdü. Məlumatlara görə, Netanyahu ABŞ-ın baş diplomatının ona təqdim etdiyi uzun müddətli humanitar atəşkəs təklifi ilə razılaşmamış, bunun üçün HƏMAS-ın əlində olan bütün girovların buraxılmasını ön şərt kimi önə sürmüşdü. Görünür, Türkiyə ilə müzakirələrdə əsas mövzu da bu məsələ olacaq.
-Türkiyənin qarantorluğu nəyi dəyişə bilər? Üstəlik, Ərdoğan son çıxışında İsrailin hazırkı baş naziri Binyamin Netanyahu ilə bütün münasibətləri kəsdiyini və onu tərəf müqabili kimi qəbul etməyəcəyini açıqlamışdı. Bu cür kəskin mövqe ilə çıxış edən bir dövlət başçısı sülh arayışlarında necə qarantor tərəf ola bilər?
-Zənnimcə, beynəlxalq güc mərkəzlərinin gəldiyi qənaətlərə görə, İsrail-Fələstin gərginliyinin sülhlə nəticələnməsi üçün ilk növbədə həm HƏMAS, həm də Netanyahu hökuməti siyasi arenadan uzaqlaşdırılmalıdır. Böyük ehtimalla, Türkiyənin də təmasda olduğu güc mərkəzləri artıq bu barədə qərara gəliblər. Başqa sözlə, Türkiyənin ABŞ rəsmiləri ilə görüşməməsinə baxmayaraq, mümkündür ki, müxtəlif kanallar vasitəsilə bəzi gizli danışıqlar aparılıb. Bu gizli danışıqlarda əldə olunan razılığa əsasən, Fələstin-İsrail münaqişəsini canlı tutmağa çalışan bütün tərəflərin oyundankənar vəziyyətə salınması qərarlaşdırılıb. Əks halda, bu böhranın qarşısını almaq mümkün olmaz və gərginlik bütün regiona yayılar, hətta qlobal xarakter ala bilər. Nəticədə zəncirvari reaksiya 3-cü dünya müharibəsinə qədər uzanar. Fikrimcə, Ərdoğan da məhz bu amili nəzərə alıb Binyamin Netanyahunu tərəf-müqabili kimi qəbul etmədiyini açıq şəkildə ifadə edib...
-Maraqlı mülahizədir. Bəs Netanyahu bu perspektivlə razılaşa bilərmi?
-Açığı, Netanyahunun başqa alternativi yoxdur. Bilirsiniz ki, İsrail ordusu Qəzzanın altını üstünü çevirsə də, arzuladığı hərbi nəticələrə nail ola bilməyib. Söhbət HƏMAS-ın tamamilə zərərsizləşdirilməsi perspektivindən gedir. Yəqin razılaşarsınız ki, mülki obyektləri vurmaq, binaları darmadağın etmək, silahsız insanları öldürmək HƏMAS-ın hərbi qüdrətini nəinki azaltmır, əksinə ona sosial baza qazandırır. Övladı, yaxınları öldürülən hər bir qəzzalı potensial HƏMAS-çıya çevrilir. Öz şəxsi qisaslarını almaq üçün onlar HƏMAS sıralarına qoşulur və bütün riskləri gözə alıb ölməyə belə hazır olan partizan kimi meydana atılırlar. Üstəlik, İsrailin apardığı bu qeyri-insani müharibə dünyada da əks-reaksiyalar doğurur. Xüsusilə də ərəb ölkələrində. Netanyahu və onun tərəfdaşları bu müharibəni dayandırmasalar, İsrail də yaşanmaz hala gələcək. Nəticədə, İsrailin gələcəyi təhlükə altına düşəcək. Çünki İsrail əsasən xaricdən gələn immiqrantlar hesabına öz vətəndaşlarını formalaşdırır. İmmiqrantlar isə bu ölkəyə rahat həyat sürmək üçün gəlirlər. Təbii ki, onlar ov-alovun içərisində yaşamaq istəməzlər və bir çoxları artıq İsraili tərk etmək barədə düşünürlər. Bu perspektivin yaşanmaması üçün İsrail-Fələstin xəttində mütləq bir-birinə düşmənçiliklə bəslənən hər iki qüvvə - həm HƏMAS, həm də Netanyahu hökuməti siyasi səhnədən uzaqlaşmalıdır. Üstəlik, siyasi hakimiyyətlərin istefaya göndərilməsi sahəsində Netanyahu HƏMAS liderləri ilə müqayisədə daha zəif bənddir. İsrailin şiddətli müharibəsi davam etdikcə, HƏMAS təşkilat olaraq zəifləmir, əksinə güclənir. Netanyahu hökuməti isə bir neçə fərqli partiyanın koalisiyasından təşəkkül tapdığından onun hakimiyyətdən uzaqlaşdırılması daha asandır. Sadəcə bir-iki deputatın koalisiyadan ayrılması Netanyahu hökumətinin istefayası ilə nəticələnə bilər və hesab edirəm ki, İsrail parlamentində belə deputatlar da var.
Yeri gəlmişkən, İsrail tarixində hökumətlərin sülh qarşılığında istefaya göndərilməsi təcrübəsi də mövcuddur. Bilirsiniz ki, 1973-cü ildə Misir və Suriya ilə İsrail arasında çıxan müharibə məhz bu formul ilə dayanmışdı. O dövrdə Vaşinqtonun müdaxiləsi ilə dayandırılan müharibədə İsrail 1967-cü ildə işğal etdiyi Sina yarımadasından çəkilmiş və bir ildən sonra İsrailin ən çox sevilən baş naziri Qolda Meyr istefaya getmişdi. İstefa səbəbi isə bu gün Netanyahunun da tənqidə məruz qaldığı arqument ilə eyni idi: Meyr hökuməti müharibənin başlamasını vaxtında təxmin edə bilməmiş və ərəb hücumlarına hazırlıqsız yaxalanmışdı.
Qolda Meyr İsrail xalqının nəzərində Netanyahu ilə müqayisə edilməz dərəcədə nüfuzlu lider idi. Hətta istefasından sonra qatıldığı seçkilərdə xalqın böyük əksəriyyətinin səsini də qazanmışdı. Buna baxmayaraq, baş nazir vəzifəsini davam etdirmək istəmişdi. Onun istefasından sonra hakimiyyətə gələn İzak Rabin Fələstinlə sülh danışıqlarını başlatmışdı. Uzun sürən müzakirələrdən sonra tərəflər iki dövlətli çözüm üzərində razılıq əldə etmişdilər. Bu gün həmin razılaşma İsrail üçün daha vacib əhəmiyyət kəsb edir. Çünki İsraillə Fələstin vahid dövlətdə birləşsələr əhali sayı baxımından ərəblər qısa müddətdən sonra yəhudiləri geridə qoyacaq. Beləcə, İsrail ərəb dövlətinə çevriləcək. Bu səbəbdən iki dövlətli çözüm yəhudi milli kimliyinin qarşısında alternativsiz variant kimi dayanır. Türkiyənin qarantor dövlət kimi əhəmiyyəti də məhz bu məqamda ön plana çıxır. Ankara Fələstin dövlətinin himayədarı kimi onu İsrail hücumlarından qorumaqla yanaşı, həm də Fələstində HƏMAS kimi radikal bir qrupun ortaya çıxıb İsrailə qarşı terror hadisələri törətməməyə zəman verməlidir. Beləcə, tərəflər arasında yaradılacaq sülh şəraitində hər iki dövlət özünü inkişaf etdirə, hətta gələcəkdə iqtisadi-siyasi əməkdaşlığa da gedə bilərlər.
- Blinkenin Türkiyə səfərində Ukrayna məsələsi də müzakirə olunacacağı bildirilir. Son zamanlar İsrail-Fələstin gərginliyinin ortaya çıxması nəticəsində Ukrayna məsələsinin ikinci plana atıldığı hiss olunur. Hətta Qərb mediası Ukraynanın güzəştə getməsi ilə müharibənin sonlandırılmasının vacibliyini vurğulayırlar. Sizcə, ABŞ Ukraynanı güzəştli sülhə məcbur edə bilərmi?
-Ukrayna artıq güzəştli sülhə məcbur edilir. ABŞ-da artıq Respublikaçılar Partiyasının bir çox nümayəndələri bunu açıq şəkildə dilə gətirirlər. Prinsipcə, Ukrayna hərbi komandanlıq da əllərindəki silahlarla savaşı davam etdirə bilməyəcəklərini bildirirlər. Bu yaxınlarda Ukrayna Ordusunun Baş Qərargahının rəisi Valeri Zalujnı “Ekonomist” jurnalına verdiyi müsahibəsində Rusiya ilə savaşda müharibənin taleyini dəyişdirəcək daha müasir silahlarla təchiz olunmalarının vacibliyindən danışmışdı. Əks halda Ukraynanın məğlubiyyətinin qaçılmaz olduğunu bildirmişdi. ABŞ və Qərb ölkələrinin isə Ukraynaya bu cür silahlar verməsi mümkün görünmür. Üstəlik, ABŞ gələn il prezident seçkilərinə gedir. Trampın yenidən hakimiyyətə gəlməsi proqnozlaşdırılır. Hətta o, hakimiyyətə gəlməsə belə, Respublikaçıların Konqresdə və Senatda səsvermələrə təsir edəcək gücə çevrildiyi bəllidir. Demokratlar arasında da Ukrayna müharibəsini istəməyənlərin sayı durmadan artır. Seçki öncəsi ABŞ mediasında da Ukraynanın uğursuzluğu, ən əsası ona göndərilən yardımların korrupsiya yolu ilə dağıdılması barədə yazılar dərc olunmağa başlayıb. Digər tərəfdən, yəhudi lobbisi də İsrailin savaşdığı bir zamanda başqa ölkələrə hərbi yardımların göndərilməsinə xoş baxmır. Təbii ki, bunun bir səbəbi ABŞ-ın hərbi resurslarının tükənməsi ehtimalı ilə bağlıdırsa, bir başqa səbəb də İsrailin hazırda Rusiyanı da öz tərəfinə çəkmək təşəbbüsləri ilə əlaqədardır. Fikrimcə, Ukraynanın bundan sonrakı taleyi qaranlıq olacaq.
-Blinkenin Türkiyəyə səfəri ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə necə təsir göstərə bilər?
-Zənnimcə, ABŞ-ın indiki hakimiyyəti Ukrayna savaşının yürüdülməsini Qərb ölkələrinin və qlobal silah istehsalçılarının üstünə atmaq istəyir. Ukraynanın əsas təchizatçılarından biri də Türkiyədir. Türkiyənin “Baykar” firmasıdır. Bilirsiniz ki, sözügedən savaş ilk başlayanda bu firmanın Ukraynaya verdiyi “Bayraktar” dronları döyüşün taleyini müəyyənləşdirmişdi. Mümkündür ki, Blinkenin Türkiyə rəsmiləri ilə görüşündə silah təchizatının davam etdirilməsi perspektivləri müzakirə olunacaq. Amma Türkiyənin bu təklifə müsbət cavab verməsi çətin görünür. Məsələ burasındadır ki, həmin silahlar müftə başa gəlmir. Türkiyənin isə öz hərbi resurslarını Ukraynaya sərf etməsi, bağışlaması inandırıcı deyil. Qlobal güc mərkəzləri ilk öncə bu işin finans məsələsini müəyyənləşdirməlidirlər. Digər tərəfdən, Türkiyə yaxın qonşusu Rusiyanın da qarşısına ala bilməz. Ən əsası isə, Ukraynanın güzəştlərindən sonra Rusiyanın regiona iddiaları da artacaq. Bu da bir çox ölkələrin təhlükəsizliyi məsələsini gündəmə gətirəcək. Həmin ölkələr arasında Türkiyənin strateji müttəfiqləri də var. Böyük ehtimalla, Türkiyə öz strateji müttəfiqlərinin təhlükəsizliyinə daha ciddi əhəmiyyət vermək xətti tutacaq. Söhbət təbii ki, Orta Asiya və Azərbaycanın təhlükəsizliyindən gedir.
-Rusiyanın Ukrayna qələbəsindən sonra hansı ölkələrə müdaxilə etmək ehtimalı var?
-Böyük ehtimalla, onun ilk hədəfi Moldova və Ermənistan ola bilər. Bilirsiniz ki, Moldovadakı Maya Sandu və Ermənistandakı Nikol Paşinyan hakimiyyəti qərbpərəst mövqeləri ilə seçilirlər. Ukrayna savaşından başı ayrılan Rusiya hakimiyyətinin bu iki ölkədə çevriliş etmək ehtimalı böyükdür. Təbii ki, Gürcüstan, Azərbaycan və Orta Asiya ölkələri də yenidən rus təzyiqləri ilə üzləşə bilər. Baxmayaraq ki, bu ölkələr Rusiya ilə münasibətləri pozmamağa çalışmışdılar. Hesab edirəm ki, Türkiyənin Rusiya ilə diplomatik münasibətlərində əsas prioritet bu ölkələrin qorunması olacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Paylaş: