Son zamanlar husilərin Qırmızı dənizdə gəmilərə hücumu yükdaşıma proseslərinə ciddi təsir göstərib, təchizat zəncirinin pozulmasına səbəb olub. Baş verən hadisələr fonunda logistika şirkətləri alternativ marşrutlara üz tutur. Bu marşrutlardan biri Ümid burnundan keçməklə yüklərin Avropaya çatıdırılmasıdır ki, bu zaman çatdırılma müddəti ən yaxşı halda 20 gün, daşımaların xərci isə ən azı 70 % artır. Həmçinin yeni yoldan istifadə gəmi və konteyner çatışmazlığına da səbəb olur ki, bütün bunlar qiymət artımında öz əksini tapıb. Bütün bu faktorlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) cəlbediciliyini və Azərbaycan logistikasının əhəmiyyətini ön plana çıxarır.
“Report” Qırmızı dənizdə baş verən hadisələr nəticəsində Orta Dəhlizin rolu, Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun artan tələblərə nə dərəcədə hazır olması, bu istiqamətdə görülən işlərlə bağlı araşdırma aparıb.
Geosiyasi vəziyyət Orta Dəhliz istiqamətdə daşımaların həcmini artırıb
Son dövrlər regionda baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna münaqişəsi Orta Dəhlizin əhəmiyyətini və bu istiqamətdə daşımaların həcmini nəzərəçarpacaq dərəcədə artırıb. Təsadüfi deyil ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 2,1 dəfə artıb. Bu nəqliyyat vasitəsilə ixrac olunan yüklərin həcmində 48 %, idxal olunan yüklərin həcmində isə 2,1 dəfə artım müşahidə olunub.
Həmçinin 2023-cü ildə dəniz limanları tərəfindən 13 milyon 375,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 48,8 min tonunu və ya 82,6 %-ni tranzit yüklər təşkil edib.
2024-cü il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 463,1 min ton olub.
Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımalarında da artım müşahidə olunub. Belə ki, ötən il ümumilikdə bu nəqliyyat növü ilə yükdaşımaların həcmi 2022-ci ilə nisbətən 7 % çox olub. İxrac edilən yüklərin həcmi 12 % artıb, idxal olunan yüklərin həcmi isə 3 % artıb.
Qırmızı dənizdə baş verən hadisələr fonunda Orta Dəhlizdə yüklərin artması proqnozlaşdırılır
Dəyişən geosiyasi vəziyyət nəticəsində Orta Dəhlizin artan potensialı husilərin Qırmızı dənizdə üzən gəmilərə hücumu ilə daha da diqqət çəkməkdədir. Bunun əsas səbəblərindən biri də son həftələrdə Asiya-Avropa kimi ən çox zərər görən marşrutlarda yükdaşıma tariflərinin təxminən 300 % artmasıdır ki, bu tariflər potensial olaraq daha iki dəfə də arta bilər. Bir çox gəmiçilik şirkəti yükdaşımalarda əsasən təhlükəsizliyə üstünlük versə də, xərc və zaman amili də diqqətdən kənarda qalmır. Hazırda ən böyük logistika şirkətləri ("Maersk", "Cosco" və sair) gəmilərini təhlükəsizlik səbəbi ilə Qırmızı dəniz və Süveyş kanalına deyil, Ümid burnundan (Cənubi Afrikanın yaxınlığından) keçməklə Avropaya çatdırmağı qərara alıb, bu zaman ciddi vaxt və maliyyə itkisi ilə üzləşiblər. Eyni zamanda bir sıra Avropa şirkətləri ("IKEA", "KONE" və sair) müştərilərinə məhsullarının gec çatdırılacağı barədə xəbərdarlıq edirlər. Bütün qeyd edilən bu hadisələr diqqəti Azərbaycanın da fəal iştirakçısı olduğu Orta Dəhlizə yönəldib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Elmar Həbibli "Report"a bu hadisələrin fonunda Azərbaycandan keçən, Avropa və Asiyanı birləşdirən Orta Dəhlizə marağın sürətlə artdığını bildirib.
O qeyd edib ki, dəniz daşımalarında qiymət və daşıma müddəti artdıqca, iki qitə arasında daşınan yükün daha böyük hissəsi Orta Dəhlizə yönəlir: “Artıq Çindən çıxmaqla Qazaxıstan və Azərbaycandan keçərək Avropaya çatdırılacaq blok qatarların sayının artması qeydə alınır. Yaxın gələcəkdə bu yük həcminin daha çox artacağı gözlənilir”.
Azərbaycan Orta Dəhliz vasitəsilə artan yüklərin qəbulu üçün hazırdırmı?
Orta Dəhlizin artan potensialı Azərbaycandan keçən tranzit yüklərin həcmini artırmaqla yanaşı qarşıya mühüm öhdəliklər də qoyur. Artan yükləri vaxt itkisinə yol vermədən daşımaq üçün konteyner və gəmilərin sayına, limanların yükötürmə qabiliyyətinə diqqət yetirilməlidir.
TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov "Report"a açıqlamasında artan yüklərin qəbulu ilə bağlı görülən işlərdən danışıb: “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə əlaqədar mühüm işlər görülür. Bakı Limanının inkişafının ikinci fazasının həyata keçirilməsi, dəniz donanmasının artırılması ilə bağlı atılan addımlar, həmçinin Qazaxıstan tərəfindən limanların təkmilləşdirilməsi ilə bağlı görülən işlər Orta Dəhlizin potensialının böyük olmasından xəbər verir. Regionda baş verən hadisələrə hazırlıqlı olmaq üçün bir sıra addımlar atmaq da vacibdir və bu istiqamətdə işlər görülür. Belə ki, hazırda gömrüklə bağlı məsələlər, rəqəmsal texnologiyaların tətbiqi üzərində çalışırıq. Məqsədimiz elektron sənəd hazırlayaraq, həm yükgöndərənlərə, həm daşıyıcılara, həm də sərhəd-keçid prosedurlarına nəzarət edən dövlət qurumlarına rahat bir platforma yaratmaqdır”.
R. Bayramov diqqətə çatdırıb ki, artan tələb nəticəsində yüklərin daşınması üçün Xəzər dənizində üzən gəmilərin sayının artırılması istiqamətində də addımlar atılır: “Bizim gəmi donanmamızın bir çox hissəsi sovet vaxtından qalan gəmilərdən ibarətdir ki, onların istismarı, yanacaq sərfiyyatı baha başa gəlir. Azərbaycan tərəfindən inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” və “Azərbaycan” gəmi-bərələri dəhliz üzrə yükdaşımalara cəlb olunub. Həmçinin bir neçə neft tankerləri, quru yük gəmilərinin də inşası nəzərdə tutulub. Qeyd etməliyəm ki, TRACECA olaraq yeni gəmi konsepsiyası üzərində çalışırıq. Burada Xəzər dənizinin səviyyəsi, gəmilərin uzunluğu, hündürlüyü, yükgötürmə qabiliyyəti nəzərə alınaraq yeni dizayn hazırlanır. İlin sonunadək bu istiqamətdə razılaşdırmalar aparılacaq və bundan sonra gəmilər inşa edilib dəhliz üzrə istifadəyə veriləcək. Tikiləcək gəmilərin Xəzərdə istismar olunacağını nəzərə alsaq, konstruksiyanın Azərbaycanda yığılacağını güman etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bu məsələdə yaxından iştirak edir, öz təklif və tövsiyələrini verir. Lakin hazırda bu məsələ konsepsiya formasında olduğu üçün icraçılar dəqiqləşdirilməyib”.
TRACECA rəsmisi qeyd edib ki, konteynerlərin sayında da çatışmazlıq mövcuddur: “Konteyner parkının genişləndirilməsi aktual məsələlərdən biridir. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən işlər görülür. Həmçinin TRACECA dəhlizinin rəqamsallaşdırılması nəticəsində konteyner daşımalarınının 10 dəfə (illik 600 min konteyner) artımına səbəb ola bilər. Düşünürəm ki, bu istiqamətdə də müsbət nəticələr əldə olunacaq”.
Xatırladaq ki, 2022-ci ildə Orta Dəhliz ilə konteyner daşımaları 33 000 iyirmi fut ekvivalentli (TEU) konteyner olub. Bu dəhlizin hazırkı tutumu 80 000 TEU konteynerdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin “Report”a açıqlamasında bildirilib ki, 2023-cü ildə bütün rejimlər üzrə konteyner daşımaları 100 min TEU-dan artıq olubsa, 2024-cü ildə bu həcmin 100 % artırılmasına imkan var.
Son olaraq qeyd etmək lazımdır ki, hazırda dünyada baş verən hadisələr bütün sahələrdə olduğu kimi nəqliyyat və logistika sahəsində də diqqəti təhlükəsizlik meyarına yönəldir. Orta Dəhliz zaman və maliyyə cəhətdən sərfəli olmaqla yanaşı, həmçinin sabitliyi ilə də etibarlılıq nümayiş etdirir. Azərbaycan bu dəhlizə Bakı limanı, Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi ilə yeni nəfəs verir. İqtisadi və siyasi cəhətdən səmərəli olan Orta Dəhlizin daha da inkişaf etdirilməsi həm regiondakı proseslərə hazır olmaq, həm yükdaşımada etibarlı körpü rolunu oynamaq, həm də ölkə iqtisadiyyatına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.
Elvin Camalov
Report
Paylaş: