Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Ovqat.com-un ADP Mətbuat Xidmətindən aldığı məlumata görə, İdarə Heyəti ilk öncə ötən həftə Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqeyinin atəşə tutulması və bir əsgərimizin yaralanması hadisəsini müzakirə edib.
Müzakirələr zamanı sülhə təhdid yaradan bütün əməllər qətiyyətlə pislənilib. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının hər iki dövlətin və xalqın o cümlədən, region dövlətlərinin maraqlarına uyğun olduğunu vurğulayan toplantı iştirakçıları hər iki tərəfi gücdən istifadədən çəkinməyə çağırıb.
İdarə Heyəti ötən həftə andiçmə mərasimində Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla bağlı atılacaq addımlarda ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdiriləcəyi, bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq təşkilat və Azərbaycanın ailəsinin Türk dünyası olduğu ilə bağlı verdiyi mesajları təqdir edib. Eyni zamanda qeyd edilib ki, Azərbaycan olaraq demokratik Türk dünyasının tərəfdarı olmalıyıq. Çünki yalnız demokratik Türk dünyası Türk dövlətlərinin və xalqlarının maraqlarına uyğundur və yalnız demokratik Türk Dövlətləri Təşkilatı Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlarla rəqabət apara bilər.
İdarə Heyəti ötən həftə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dünyanın aparıcı dövlətlərinin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və Almaniya Kanslerinin təşəbbüsü ilə Ermənistan rəhbərliyi ilə keçirdiyi görüşləri təqdir edib, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının Avropa və Qərb müstəvisində davam etdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləyib, bu təşəbbüslərin Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olduğunu bildirib və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə imzalanmasının vacibliyini qeyd edib.
İdarə Heyəti son zamanlar Azərbaycanın bir sıra media orqanlarında Ermənistana qarşı müharibə ritorikasından istifadə olunması ətrafında da fikir mübadiləsi aparıb. Bu ritorikanın yanlış olduğunu vurğulayan müzakirə iştirakçıları qeyd ediblər ki, bir halda ki Azərbaycan dövləti sülh tərəfdarıdır, media vasitələri də sülhü təbliğ etməyə çalışmalıdırlar.
İdarə Heyəti Rusiyada müxalif düşərgənin liderlərindən biri sayılan Navalnının müəmmalı şəkildə həbsxanada ölməsi hadisəsi ətrafında fikir mübadiləsi aparıb. Baş vermiş hadisədən təəssüfləndiyini bildirən toplantı iştirakçıları bu qətli totalitar və avtoritar cəmiyyətlərdə demokratların taleyinin nümunəsi kimi dəyərləndirib və demokratiya fədailərinin siyasi qətlləri ilə bağlı beynəlxalq hüquq müstəvisində tədbirlər görülməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda Azərbaycanda da həbsdə olan siyasi məhbusların həyatlarından narahatçılığını ifadə edən İdarə Heyəti hakimiyyəti ölkədə siyasi məhbusların azadlığa buraxılması istiqamətində addımlar atmağa çağırıb.
İdarə Heyəti Rusiya-Ukrayna arasında davam edən qanlı münaqişənin son durumu ilə bağlı da müzakirələr aparıb. Bu qanlı müharibənin tez bir zamanda dayandırılmasının alternativ yollarından biri kimi “Aland adaları” modelinin Krıma, Donetskiyə və Luqanskiyə tətbiq olunmasını çıxış yolu kimi göstərilib.
İdarə Heyəti Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı olması ilə bağlı cəmiyyətdə yaranan narahatçılıqları bir daha müzakirə edib, hava yollarından istifadə edə bilməyən vətəndaşlar üçün quru yollarından istifadədən xüsusi imtiyazların tətbiq edilməsinin vacibliyini bildirib.
İdarə Heyəti ölkədə baş alıb gedən qiymət artımı və bahalaşma ilə bağlı da müzakirələr aparıb. Müzakirələrdə bahalaşmanın vətəndaşların var-yoxdan çıxmasına, uzaq nəticələrindən biri kimi vətəndaşların normal və keyfiyyətli qidalanmasında problemlərin ortaya çıxmasına səbəb olduğu bildirilib. Qeyd edilib ki, mövcud olan problemlərin aradan qaldırılmaması kadrların uzun müddət vəzifədə qalması, onların öz vəzifələrinin öhdəsindən gələ bilməməsi, rəhbərlik etdiyi sahə üzrə mövcud problemlərə görə məsuliyyət daşımaması ilə bağlıdır. İdarə Heyəti hakimiyyəti ölkədə möhtəkirliyə, monopoliyaya, süni və heç bir iqtisadi əsası olmayan qiymət artımına qarşı mübarizə aparmağa, müvafiq sahə üzrə idarəçilikdə kadr islahatlarını həyata keçirməyə, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin yenidən qurulması istiqamətində tədbirlər görməyə çağırıb.
Paylaş: