ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.
Ovqat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən “Amerikanın Səsi”nə bildiriblər.
"ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək", səfirlik bildirib.
Eyni zamanda bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkədə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.
Xüsusən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, o cümlədən sülh müqaviləsinə toxunulub.
Görüşdə Mirzoyan Bononu son vəziyyətlə tanış edib, Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasına və sərhədlərin Alma-Atı Bəyannaməsi əsasında delimitasiyasına sadiqliyini vurğulayıb. Regional kommunikasiyaların açılmasına gəlincə, Mirzoyan Yerevanın bunun suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında baş verməli olduğu haqqında mövqeyini təkrar edib, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.
Xatırladaq ki, Lui Bono Ermənistana sonuncu dəfə bu ilin yanvar ayında səfər edib.
Ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə bəyanat yayaraq, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.
Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini təhvil verib.
Yanvarın 31-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində delimitsaiya komissiyasının toplantısında Azərbaycan və Ermənistanın hələ də bir-birinin nəzarətində olan anklavlarla bağlı müzakirələr aparılacağını bildirib.
“Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, Əliyev vurğulayıb.
Belə ki, Azərbaycan 8 kəndinin Ermənistanın, Ermənistan isə 1 kəndinin Azərbaycanın nəzarətində olduğunu iddia edir.
Sonuncu dəfə ötən il noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirilib.
Paylaş: