Xəbər lenti


Ermənistan və Azərbaycan iyulun əvvəlində Vaşinqtonda Xarici İşlər nazirləri rəhbərlərinni son görüşündə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl təhlükəsizlik şirkətinə verilməsi imkanlarını müzakirə ediblər. 

 

Ovqat.com-un məlumatına görə, bunu erməni politoloq Sergey Melkonyan İrəvanda keçirilən “İran Cənubi Qafqazda regional proseslərə təsir amili kimi” adlı elmi konfransda bildirib.

 

Onun sözlərinə görə, beynəlxalq özəl şirkət həm Ermənistan ərazisində, həm də Naxçıvan və Azərbaycan ərazisində kommunikasiyalara nəzarət etməlidir. Bura sərhəd və gömrük nəzarəti də daxildir

Melkonyanın fikrincə, Tehran hadisələrin bu cür inkişafını regiondakı maraqlarına təhlükə kimi görür. Üstəlik, Tehranın öz maraqlarına təhlükə kimi gördüyü təkcə Zəngəzur dəhlizi də deyil. 

 

Erməni politoloquna inansaq, İranın Azərbaycan-Ermənistan münasibətlərinə baxışında üç “qırmızı cizgisi” var.

 

Hamımızın bildiyi ilk qirmiz cizgi “Zəngəzur dəhlizi” adlanırFakt budur ki, İranın dəhlizlə bağlı öz anlayışı var. Əgər Bakıda və Ankarada bu, Naxçıvanı Qarabağ ərazisinin bir hissəsi ilə birləşdirən kommunikasiyaların ekstraterritorial mahiyyəti kimi başa düşülürsə, Tehranda “Zəngəzur dəhlizi” bir hissəsi Ermənistanın suveren nəzarətindən kənarda qalan istənilən rabitə kimi başa düşülür”, - Melkonyan deyib.

 

Onun sözlərinə görə, son görüşdə İrəvan və Bakının müzakirə etdiyi beynəlxalq özəl mühafizə şirkəti adlanan məsələ də bu kontekstə uyğundur.

 

“O (şirkət - red.), həm Ermənistan ərazisində, həm də Naxçıvan və Azərbaycan ərazisindəki rabitə hissələrinə nəzarət etməlidir. Bu, İran üçün də qəbuledilməzdir, çünki sərhəd və gömrük nəzarətinin hər hansı, hətta qismən də itirilməsi qondarma “dəhliz” əlamətlərinə malikdir”, - Melkonyan qeyd edib.

 

Politoloqun fikrincə, İranın mütəmadi olaraq dilə gətirdiyi ikinci “qırmızı cizgi” sərhəd dəyişiklikləridir. Tehran qorxur ki, “Zəngəzur dəhlizi” iddiası ilə Azərbaycandan hərbi təzyiqlərin davam etməsi faktiki olaraq sərhəd xətlərindəki mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara bilər.

 

“Və İranın bir aydan çox əvvəl xarici işlər nazirinin səlahiyyətlərini icra edən şəxsin ağzı ilə qeyd etdiyi üçüncü (yeni) “qırmızı cizgi” demoqrafik balansda dəyişiklikdir”, - Melkonyan bildirib.

 

Politoloqun iddiasına görə, Qərbi Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ideyası da İranda Ermənistanın demoqrafik xarakterini dəyişdirmək cəhdi kimi qəbul olunur: “Bir çox başqa dövlətlərdə, “Qərbi Azərbaycan” adlı layihəyə o qədər də əhəmiyyət vermirlər, İranda isə Bakının bu cür planlarından ciddi narahatdırlar. Tehran regionda demoqrafik tarazlığın dəyişdirilməsinə yönəlmiş layihəyə mümkün qədər ciddi yanaşır”.

 

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündə İranın dini lideri Əli Xamenei açıq şəkildə bildirmişdi ki, Zəngəzur dəhlizi Ermənistanın marağında deyil. Bəzi analitiklərin fikrincə, İran liderinin bu bəyanatı Ermənistanın kommunikasiyaların beynəlxalq şirkətin nəzarətinə verilməsi ideyasını qəbul etməyə yaxın olduğunu göstərir. Bu isə Tehranı qətiyyən qane etmir.

 

Turan İnformasiya Agentliyinin bildirdiyinə görə, Qərb Zəngəzur dəhlizinin idarə olunmasına Beynəlxalq Gömrük Təşkilatının nəzarətinə verilməsində maraqlıdır. Bununla bağlı təklifləri 2023-cü ilin mayında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel hazırlayıb və tərəflərə təklif edib.

 

“Görünür, bu məsələ Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqunun bu həftə Bakı və Tehranda müzakirə etdiyi məsələlərdən biri olub.  İlham Əliyevlə görüşdən sonra Şoyqunun "Qərbi Cənubi Qafqaza buraxmaq olmaz" deməsi bunu dolayısı ilə təsdiq edir”, – “Turan” erməni politoloqun fikrini şərh edərkən bildirib.

 

İnformasiya Agentliyi qeyd edib ki, “istənilən halda, bu 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş üzrə bu yola nəzarət etməli olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qüvvələrinə alternativ ola” bilər.

 

Fikrimizcə, Zəngəzur dəhlizinə Qərbə bağlı beynəlxalq qurum tərəfindən nəzarət edilməsinə İranın qarşı çıxmasının bir başqa səbəbi də var. İran bu dəhlizin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) nəzarətində olmasını istəyir. Təsadüfi deyil ki, bu il yanvarın 24-də Daşkənddə keçirilən Nazirlər Şurasının iclasının yekun sənədində Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanmışdı. 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılan və mərkəzi ofisi Tehranda yerləşən İƏT-in bu təşəbbüsü alqışlaması o deməkdir ki, İran da bu dəhlizin açılmasında maraqlıdır. Təbii ki, öz şərtləri daxilində: dəhliz Zəngəzurdan yox, İran ərazisindən keçməlidir. 

 

Tehranın məsələni bu şəkildə qoyması Ermənistan qədər Azərbaycanın da, hətta Qərb dövlətlərinin də maraqlarına cavab vermir. Çünki Qərb ölkələri dəhlizi İrandan keçirmək istəmədikləri üçün Zəngəzur dəhlizini dəstəkləyirlər. Əgər onun hansısa bir hissəsi İran ərazisindən keçərsə, onda Azərbaycana da ehtiyac qalmaz və gələcəkdə ölkəmiz bu layihədən tamamilə təcrid olunar.




Ana səhifəyə qayıt        Baxış: 6 488          Tarix: 8-08-2024, 00:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma