Azəri-Çıraq-Günəşli(AÇG) yatağının istismarı üzrə birinci neft müqaviləsinin öz qüvvəsini dayandırmasına hələ 7 il vardı. Müqavilə şərtləri isə tamamilə Azərbaycanın xeyrinə idi – 75%/25%.
Bu qədər sərfəli şərtlərlə neft hasil etməyimizə baxmayaraq, Azərbaycan həmin yataqla bağlı ikinci müqaviləni imzaladı. Razılaşma şərtləri açıqlanmasa da, xarici neft şirkətləri ikinci müqavilə çərçivəsində yatırdıqları investisiyanı çıxarmayana qədər mənfəət neftinin indiki kimi bölünməsindən söhbət gedə bilməz.
Ekspertlərin fikrincə, yatağa qoyulacaq məbləğin isə onmilyardlarla dollar həcmində olacağı gözlənilir. Bu məntiqlə, Azərbaycanın hələ uzun müddət AÇG-dən indiki gəliri belə gözləməsi mümkün deyil. Xüsusilə iqtisadi böhran keçirdiyimiz bir vaxtda rəsmi Bakının bu addımı təəccüblü görünür və bəzi suallara yol açır: Faktiki, ölkəmizin mənfəətlərinə olması şübhə doğuran ikinci müqavilə hansı zərurətdən imzalandı?
Araşdırmaçı jurnalist Xədicə İsmayılın facebook səhifəsində paylaşdığı bir yazı bu müəmmaya aydınlıq gətirir. Yazını Ovqat.com oxucularına təqdim edirik:
“Azərbaycan hökuməti panikada. 32 illik neft kontraktı imzalayıb. Mənfəət neftində Azərbaycanın payını 80 faizdən 75-ə düşürən yeni kontrakt üzrə razılaşma belədir ki, hökumət təcili 3.6 milyard dollarlıq bonus alır. On ildən də az müddət ərzində bu bonus qayratılmalı olacaq.
Panikanın səbəbi də elə budur, beynəlxalq borclarla bağlı ümidləri kəsilən hökumətə bu 3,6 milyard hava su kimi lazımdır.
Şərtlər Azərbaycanın xeyrinə deyil.
Azərbaycanın alacağı mənfəət neftində pay əvvəlki kontraktdan fərqli olaraq, 80 deyil, 75 faiz olacaq.
Mənfəət vergisi ilə bağlı vəziyyətin nə olacağı bəlli deyil. Əvvəlki kontraktda uzun müddət mənfəət vergisi ödənməmişdi.
SOCARın payı 11,65 faizdən 20-yə qaldırılıb, amma bu həm də xərclərdə iştirakın qalxması deməkdir. Üstəlik, SOCAR-dan büdcəyə fayda da yoxdur.
Amma bizim parlamentdə bu şərtləri sorğulayacaq deputat yoxdur.
Kontraktın imzalanması ilə Qərbdən insan haqları korrupsiya mövzusunda basqıların azalacağını gözləyənlər yanılırlar. Proses işə düşüb. Səngimə olmayacaq. İstənilən güzəşt Qərb dövlətlərinin də korrupsiyada iştirakı ilə bağlı şübhələri təsdiqləyəcək və beynəlxalq media bunu belə buraxmayacaq”.
Paylaş: