Professor Mehmet Akif Okur,
Yıldız Texnik Universitetinin Politologiya və beynəlxalq münasibətlər şöbəsinin müdiri
“Anadolu” Agentliyi, Türkiyə
Türkiyə 2017-ci ilə Yeni il gecəsi İstanbulda bir İŞİD döyüşçüsü tərəfindən həyata keçirilən qətliam şoku ilə girmişdi. “Reina” hücumu ilə başlayan Yeni ildə xarici siyasət gündəliyinin önəmli bölümünü də terrorla mübarizə ilə birbaşa, yaxud dolayısıyla əlaqəli görülən məsələlər, coğrafiyalar və balanslar işğal etdi.
2018-ci ilə isə İrandakı nümayiş dalğasının ola biləcək nəticələri üzərində baş sındıraraq addım atırıq. Bütün əlamətlər önümüzdəki dövrdə də gündəliyimizin ən önəmli başlıqları arasında Orta Şərqdə baş verən hadisələrin yer alacağını göstərir.
Buna görə, əlamətləri müəyyən olan, yaxın gələcəkdə qarşılaşa biləcəyimiz hadisələr üzərində sistemli düşünməmizə imkan verən ümumi çərçivələrin təsbitinə ehtiyacımız var.
Nəzərə alınması lazım olan aktyor və amillərin bolluğu səbəbilə, bunu doğru şəkildə bacarmaq heç də asan deyil. Ancaq yenə də sadələşdirilmiş xətlər ətrafında müzakirələri davam etdirmək bəzi siyasətlərin işlənib hazırlanmasını və önəmli aktyorlara aid olan təməl həmlələr kimi amillərin sürətli qavrayışını asanlaşdıra bilər.
Regionda dünyanın diqqətini üzərinə çəkən ən son hadisələrin – İrandakı nümayişlərin xatırlatdıqları bu istiqamətdə yaxşı bir başlanğıc nöqtəsi ola bilər. Tehran, 2009-cu ildə küçələrini saran etiraz dalğasından sonra özünə görə çıxardığı dərslərin də təsirilə, “ətrafında baş verən proseslərə müdaxilə edən aktyor olma siyasəti”nə yönəltdiyi qaynaq və enerjini artırdı. Ardınca da, Suriyada yüz minlərlə mülki şəxsin ölümünə səbəb olan, yaxın tarixin ən qəddar müharibələrindən birinə imza atdı.
Orta Şərqdəki xalq hərəkatlarını region xaricindən və daxilindən edilən müdaxilələrlə geopolitik hesablara dayanan vəkalət müharibələrinin yanacağına çevirən bu qanlı proses, zaman keçdikcə coğrafiyamızı sarsan zəlzələnin sosial-iqtisadi zəmini ilə əlaqədar müzakirələri gündəlikdən çıxardı. Müharibənin alovu toxunduğu hər yeri öz məntiqinin rənginə bürüdü. Ancaq İran şəhərlərində eşidilən şüarlar söhbət mövzusu olan təməl məsələlərin yerli-yerində durduğunu göstərir. Bu mənzərəni nəzərdə tutmadan, yalnızca vəkalət müharibələrinin qısamüddətli güc balansları ilə düşünmək həqiqətin bütöv görünüşü ilə üzləşməmizə mane olur. Eyni durum, sadəcə sosial, iqtisadi və siyasi tələblərə diqqət kəsilərək, bunları istiqamətləndirməyə cəhd edən qlobal güc mərkəzlərindən və hədəflərindən yan keçən baxış bucaqları baxımından da keçərlidir.
Orta Şərqdə “ikinci pərdə” əlamətləri
Orta Şərqin “qısır gələcəyin coğrafiyası” olmaqdan qurtulması üçün kimliklərlə bağlı üzücü müzakirələrin yatışmasına, gənc əhaliyə ümid verən istehsalçı və ədalətlə paylaşan iqtisadiyyatlara, sabit, ancaq dəyişikliyə açıq olan hakimiyyət strukturlarına ehtiyacı vardır. Lakin bu üçbucağın tamamlanması yalnız ölkələrin daxili faktorları ilə bağlı olan məsələ deyil. Bu, uyğun bir regional sülh iqlimilə bərabər, Orta Şərqi xaricdən formalaşdırmaq istəyən strategiyaları balanslaşdıra biləcək bir güc təmərküzləşməsini və diplomatik məharəti tələb edir.
Hazırda isə bunlardan xeyli uzaq bir nöqtədəyik. İkinci pərdəsinin açılış əlamətləri ortaya çıxan “Böyük Orta Şərq Yanğını”nın yeni tarazlıq və gündəliklərlə 2018-ci ilə də damğasını vuracağı anlaşılır.
İlk pərdədən üstünlüklə çıxdığı düşünülən İran və müttəfiqlərinin qarşısında toqquşmaya niyyətli yeni bir ox inşa edildi.
Səudiyyə Ərəbistanı və Körfəzdəki dəstəkçiləri bir tərəfdən iqtisadi və sosial islahat proqramları, digər tərəfdən də İsraillə istiləşdirilən əlaqələr və yeni silah satışlarıyla bu mərhələ üçün hazırlanmağa çalışıblar. Səudiyyə Ərəbistanına Amerika ictimai rəyindəki mənfi imicini yumşaltmaqla bərabər, daxili balanslarının da yeni dövrə hazırlanmasını təmin etmək məqsədilə təklif edilən formul, bəzi baxımlardan, XVIII və XIX əsrin maarifləndirilmiş monarxiyalarının məntiqinə bənzəyir. Bir qismi xaricdə təhsil almış gənc əhalinin mümkün siyasi iştirak tələbi, öz nəsillərindən olan vəliəhd şahzadənin böyük layihələrlə iqtisadi dəyişiklik də nəzərdə tutan islahat proqramı vasitəsilə təxirə salınmaq istənir. Bu təşəbbüsün qalıcı nəticələr verib-verməyəcəyi məchuldur. Ancaq mövcud şəraitə təsir edəcək bir amil olaraq önümüzdə durur.
Tramplı Ağ evin milli təhlükəsizlik strategiyasında da əksini tapan açıq dəstəyi Orta Şərqdə itiləşən bu iki ox arasında çox cəbhədə keçməsi gözlənilən toqquşma prosesinin qızışacağına işarə edir. Ancaq koalisiya ilə girişilən bu mübarizədə “nizə ucu” olmaqdan qaçınma refleksi atılan addımlara və seçilən taktikalara təsir edir. İrana qarşı qurulan koalisiya Vaşinqtonu bölgədəki hərbi varlığıyla birlikdə, birbaşa tərəf olaraq görmək istəyir.
ABŞ-dakı təsirli və təşkilatlanmış lobbilərin Orta Şərqdə yeni müharibələrin xəbərçisi olan siyasətlərə dəstək verdiyi məlumdur. Bununla birlikdə, Amerika xalqının önəmli əksəriyyəti İraq bənzəri yeni bir hərbi müdaxiləyə qarşı çıxır. ABŞ-ın təhlükəsizliyinin birbaşa təhdid altında olduğunu hiss etdirəcək hücumlar olmadığı müddətcə də, bu mövqenin dəyişməsi asan deyil.
Tehran Ankara ilə uyğun olan bir siyasətə yönələ bilər
Mövcud tarazlıqlar çərçivəsində baxıldığında, Vaşinqtonun müxtəlif coğrafiyalarda İranın nüfuzuna qarşı dolayı hərbi və siyasi strategiyaları, gizli əməliyyatları və s. əhatə edən bir siyasət izləməsi gözlənə bilər.
İrandakı nümayişlərin coşqu ilə alqışlanmasını da bu çərçivədə dəyərləndirmək lazımdır. Canlı itkilərin olduğu etirazlar rejimi dəyişdirmə qüdrətinə sahib olmasa da, İranın diqqət və gücünü xaricdən daxilə yönəldəcəkdir.
İrandakı müxtəlif etnik qruplarla əlaqəli olan silahlı qrupların prosesdə özünü göstərmə ehtimalı da qarışıqlıq halını dərinləşdirmə potensialına sahibdir. Faktiki olaraq, gələn xəbərlərlə, xüsusən də kürd və ərəb əhalinin yaşadığı bəzi bölgələrdən, KDP-I, PAK və PJAK kimi təşkilatların açıqlamaları bu ehtimalı təsdiq edir.
Ancaq sünni ərəb və kürd azlıqların cəmi İran əhalisi içindəki paylarının kiçik olduğunu da qeyd etmək lazımdır. İranı təməllərindən sarsıdacaq qüdrətdə olan bir etnik hərəkat çıxarmaq üçün lazım olan əhali dərinliyinə Azərbaycan türkləri sahibdir. Xüsusilə, son 10-20 illik zaman kəsimində güclü bir türk millətçiliyi rüzgarının Cənubi Azərbaycanı öz təsiri altına aldığı məlumdur. Başda türk dilinin təhsil prosesindən kənarlaşdırılması olmaqla, türk kimliyi ilə bağlı məsələlərdə tələblərini yüksək səslə dilə gətirən iranlı türklər zorakılıq və terrordan uzaq siyasi davranışlarıyla diqqəti cəlb edirlər. Bu seçimin coxsaylı səbəbləri vardır. Bunlar arasında Türkiyənin separatçı siyasətləri dəstəkləyən bir siyasət güdməməsi də yer alır. Ankaranın Qafqazda güclü cücərtilər verən türk millətçiliyini Tehranın sabitliyinə təsir edəcək məcralara sövqetmə cəhdinə girişməməsi, xüsusilə içində olduğumuz dövrün amilləri diqqətə alındıqda, regionun gələcəyinə təsir edəcək bir mövqedir.
İranın daxildən sarsılması müvəqqəti bir vəziyyət olmaqdan çıxaraq, bəzi bölgələrdə intensivlik qazanan silahlı toqquşmaya doğru təkamül edərsə, ABŞ liderliyindəki koalisiyanın Livan-Suriya-İraq-Körfəz və Yəməndəki balansları hədəfləyəcək yeni həmlələri Tehranın mövqeyini zəiflədən nəticələr verə bilər. Bu durumun yaxından təsir edəcəyi ölkələr arasında Türkiyə də yer alır. Üfüqündəki təhdidi hiss edən İran, xüsusilə Suriya və İraqdakı ümumi tarazlıqlar və PKK varlığı kimi xüsuslarda Ankara ilə daha uyğun bir cizgiyə yönələrmi?
Bu gün İran küçələrində səsləndirilən şüarlar uzanan Suriya müharibəsinə axıdılan dəstəklə bağlı məmnuniyyətsizlikləri də vurğulayır. Son etiraz dalğası İranın Suriyada Ankara ilə daha yaxın əməkdaşlıq halında məqbul bir həllə razı olmamasının ona öz evində xərc yarada biləcəyini göstərdi. İran keçirdiyi “isti həftə”nin ardından Suriyadakı daxili toqquşmaların Səudiyyə üzərindən qızışdırılması, yaxud PYD/YPG ilə İran dəstəkli qrupların qarşı-qarşıya gəlməsi kimi ssenarilərə yalnızca uzaq ehtimallar olaraq baxa bilməyəcəyini hiss etdimi?
Tehranın bu tip suallara verəcəyi müsbət cavablar regional güc balansında dəyişikliklər meydana çıxara bilər. Ancaq İranın daha öncə bənzər mahiyyətdəki gözləntiləri dəfələrlə boşa çıxardığını da unutmamalıyıq.
Türkiyə-İran əməkdaşlıq perspektivi
Türkiyə-İran əməkdaşlığının yaxın dövrdə hər iki ölkə baxımından qaneedici sayıla biləcək nəticələr yaratdığı yer İraq oldu. Bərzani referendumuna qarşı göstərilən kollektiv refleks regionu yeni bir toqquşma spiralına girməkdən qorudu. Qarşıdakı aylarda İraqda seçkilərə doğru gedilərkən, yeni bir prosesin başlayacağı da anlaşılır. Seçkilər İraqdakı İran nüfuzunu dəstəkləyən ünsürlərlə İraqın müstəqilliyini vurğulayan qruplar arasındakı yeni güc dağılımını müəyyən edəcək. Bu qovşaqda isə Türkiyənin maraqları İraq mərkəzi hökumətini gücləndirəcək seçimlərlə daha çox örtüşür. Beləliklə, Türkiyənin Vaşinqtonla və onun yeni koalisiyası ilə arasındakı məsafə Suriyada qapadıla bilmədiyi halda, İraqda azalır. Bu ikili tarazlıq Ankaraya fərqli istiqamətlərlə yaşayacağı gərginlikləri idarə edə biləcəyi, maraqlarını qoruya biləcəyi bir diplomatik manevr sahəsi verə bilər.
İçindən keçdiyimiz çalxantılı atmosferdə hərəkət qabiliyyətinin çevik olması üçün gərginliklərə və əməkdaşlıqlara kəskin konturlaşmaya – ayrılığa getmədən, ayrı-ayrı seksiyalar halında baxılması lazımdır. Bunu bacarmaq isə getdikcə çətinləşir və bəzi hazırlıqlar tələb edir. Misal üçün, Türkiyənin İraqla gələcək münasibətlərinin çoxaktyorlu bir marşurutda irəliləməsini dəstəkləyəcək Ovacıqda açılması planlanan sərhəd qapısı kimi layihələrdən vaz keçilməməsi lazımdır. Kərkük mərkəzli son böhranın altının cızılması lazım olan nəticələri arasında türkmənlərin İraq siyasətindəki profillərinin yüksəldilməsi də yer alırdı. ABŞ və onun yeni koalisiyası İrana təzyiq strategiyasını israrla davam etdirərlərsə, İraqın şimal bölgələrindəki gərginliyin yenidən yüksələ biləcəyini düşünmək mümkündür. Türkiyənin son böhrandan çıxardığı dərslərlə birlikdə, türkmənləri də əhatə edən çoxaktyorlu ittifaq şəbəkəsi üzərində çalışmasını davam etdirməsi bu istiqamətdəki gözlənilən ssenariləri hazırlıqlı qarşılaya bilmək baxımından önəm daşıyır.
Ətrafımızdakı böhranlar yeni böhranlara qapı açan bir zəncirə çevrilərkən, atıla biləcək proqnozlaşdırıla bilən məhdud addımlar üçün ehtiyac duyulan zaman da daralır. 2017-ci ildən də sürətli keçə biləcək yeni ilə belə salam deyirik…
Tərcümə Strateq.az-ındır
Paylaş: