Xəbər lenti

  

Avropa İttifaqının qarşılaşdığı çətinliklər barədə çoxdandır ki, Qərb ekspertləri və analitikləri danışırlar. Bu təşkilatın əvvəlki nüfuzu və imici artıq yoxdur. Onunla əlaqədar daha çox daxili ixtilaflardan, maliyyə böhranından və geosiyasi rolunun aşağı düşməsindən bəhs edirlər. Bunların fonunda fevralın 6-da Avropa Komissiyası dərc etdirdiyi sənəddə təşkilatın genişlənmə strategiyası ilə bağlı maraqlı informasiya verib. Burada göstərilir ki, 2025-ci ildə altı Qərbi Balkan ölkəsi – Serbiya, Monteneqro, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovo Aİ-yə "potensial üzv" ola bilərlər. Bunların sırasında şansı daha çox olanlar Serbiya və Monteneqrodur. Digərləri isə hələ çoxlu sayda islahatlar aparmalıdırlar. Ekspertlər bu informasiyaya ciddi maraq göstərməkdədirlər. Aparılan araşdırmalar göstərir ki, bu strategiyanın reallaşmasına inam azdır. Müxtəlif səbəblər gətirilir. Onların geniş analizi real mənzərəni əldə etməyə imkan verərdi. Biz məsələnin bu aspekti üzərində dayanmaq istərdik.

 

Yolayrıcında verilən qərar: Aİ seçim edir

 

Fevralın əvvəllərində Avropa İttifaqı (Aİ) Balkanlarla bağlı ekspertlərin diqqətini çəkən informasiya yayıb. Mətndə təşkilatın Qərbi Balkan siyasətinin bir sıra məqamları əks olunub. Brüssel bəyan edib ki, Serbiya, Monteneqro, Makedoniya, Albaniya, Bosniya və Herseqovina və Kosovo 2025-ci ildə Aİ-yə üzv ola bilərlər. Serbiya və Monteneqro "potensial olaraq" buna hazırdırlar. Xatırladaq ki, Serbiya 2012-ci ildə, Monteneqro isə 2010-cu ildə rəsmi surətdə təşkilata daxil olmağa namizəd statusu alıblar. Bu mövqe şifahi söhbətdə deyil, Aİ-nin genişlənmə ilə bağlı komissiyasının hazırladığı strategiyada öz əksini tapıb (1).

 

Aİ-nin Qərbi Balkanların altı ölkəsinə olan bu marağı hansı faktorlarla bağlı ola bilər? Bu suala cavab üçün öncə Avropa İttifaqının hazırkı vəziyyətini təhlil etmək lazımdır. Bu təşkilat son illər qeyri-müəyyənliklərə bürünüb. Sosial, ideoloji, iqtisadi, maliyyə və struktur-funksional aspektlərdə xeyli sayda problemlər ortaya çıxıb. Onların sırasında mütəxəssislər "Brexit"i, maliyyə böhranını, idarəetmə strukturlarının səmərəsinin azalmasını, siyasi elita ilə vətəndaşlar arasında uçurumun dərinləşməsini, siyasi populizmin güclənməsini və inteqrasiya prosesinin dalana dirənməsini göstərirlər.

 

Bunlara üzvlər arasındakı fərqləri də əlavə etmək lazım gəlir. Belə ki, Aİ faktiki olaraq iki düşərgəyə bölünüb – yüksək inkişaf etmiş ölkələr və daha az inkişafa nail olmuş ölkələr. Sonunculara, əsasən, Şərqi və Cənubi Avropa dövlətləri aiddir. Bunu mütəxəssislər "iki sürətli Avropa" termini ilə ifadə edirlər. Son illər təşkilat daxilindəki ziddiyyətlərin bir çoxunun məhz bu "sürət" fərqindən qaynaqlandığını deyirlər.

 

Fərqli inkişaf templəri faktiki olaraq təşkilatı iki səviyyəyə ayırır. Daha çox inkişaf edənlər geridə qalanlara yardım etməlidirlər ki, bu da büdcəyə ağır yükdür. Məsələn, Böyük Britaniyanın iradlarının çoxu bununla bağlı idi. London şikayət edirdi ki, Polşa və Rumıniyadan gələn miqrantlara yüksək sosial təminatı niyə verməlidir? Çünki həmin ölkənin vətəndaşları öz dövlətlərində əldə edə bilmədiklərini süni sürətdə Böyük Britaniyada qazanmağa çalışırlar. Bu da tədricən dövlətin büdcəsinə ciddi yükə çevrilir. Çünki axın getdikcə güclənir.

 

Eyni etirazı Almaniya da etməkdədir. Hətta Berlin təşkilatın iqtisadi cəhətdən ən güclü dövləti olduğundan daha çox yük altına girməli olur. Almaniya hökuməti heç də buna həmişə yaxşı baxmır. Yunanıstanın təcrübəsi göstərdi ki, Berlin kisəsinin ağzını açmağa həvəsli deyil. Bununla bağlı Yunanıstanla Almaniya arasındakı çəkişmələr barədə oxuculara yaxşı məlumdur. Oxşar vəziyyət İspaniya, Portuqaliya və İtaliya ilə yaranmışdı. Lakin bu dövlətlərdə problemlər Yunanıstandan xeyli azdır.

 

Bu, Avropa İttifaqının struktur çətinliklərinin bir qismidir. Ancaq onun təşkilatın genişlənməsi məsələsinə daha çox aidiyyəti var. Brüssel Aİ-nin genişlənməsində məhdudiyyətlər olacağını bəyan etmişdi. Hətta bir qisim bu prosesi dayandırmağı təklif edirdi. Çünki söhbət bütövlükdə təşkilatın taleyindən gedir. Onun dağıla biləcəyini təxmin edənlər də var.

 

Proqnozlar: problemlər işığında transformasiya variantları

 

Ümumiyyətlə, Aİ-nin gələcəyi ilə əlaqədar fərqli proqnozlar verilir. Bu zaman yuxarıda sadalanan məqamlar arasında maliyyə böhranı və siyasi-ideoloji çətinliklər xüsusi vurğulanır. Maliyyə məsələsi avrozonanın qalıb-qalmaması ilə kəsişir. Bəziləri hesab edirlər ki, avro zonası artıq səmərəli deyil və dağılmalıdır. "Brexit"də bu məsələ əsas mövzulardan biri idi. Şengen də müzakirə və mübahisə obyektinə çevrilib. Buna daha çox miqrasiyanın dinamikası kontekstində yanaşılır. Hesab edirlər ki, Yaxın Şərqdən olan axının qarşısını almaq üçün Şengen zonasında məhdudiyyətlər qoyulmalıdır. Lakin başqa kəsim hesab edir ki, bu, Aİ daxilində insan haqlarının tapdalanması deməkdir.

 

Bunların fonunda Brüssel maraqlı və düşündürücü bir qərar qəbul etdi. Artıq Aİ daxilində hərbi texnikanın hərəkətinə heç bir məhdudiyyət qoyulmur! Yəni NATO-nun tankları bütün Avropa boyu sərbəst hərəkət edə bilərlər. Eyni zamanda, Avropa PESCO (təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi strukturlaşmış əməkdaşlıq) adlanan və Aİ-yə üzv ölkələrin sabit hərbi-təhlükəsizlik əməkdaşlığını nəzərdə tutan yeni proqram hazırlayıb. Bunu ekspertlər Aİ-nin mövcud təhlükəsizlik konsepsiyasına inanmaması kimi qiymətləndirirlər. Brüsselin bu inamsızlığı təşkilatın nəinki genişlənməsini qeyri-müəyyənliyə atır, hətta mövcud olanın qorunması məsələsini də aktuallaşdırır.

 

Avropa üçün məsələni təhlükəsizlik aspektində mürəkkəbləşdirən ən güclü faktor Vaşinqtonun mövqeyidir. Avropalılar artıq daha çox ABŞ-dan uzaqlaşmaqdan danışırlar. Amerika rəsmiləri isə israrla bildirirlər ki, əgər NATO ilə paralel ola biləcək bir hərbi struktur yaratmaq istəsəniz, daha aciz duruma düşəcəksiniz. Bir tərəfdən Amerika, o biri tərəfdən isə Rusiya və Çin Aİ-yə çoxlu sayda problemlər yaradacaq. Maraqlıdır ki, son Münxen Təhlükəsizlik Konfransında da Amerika nümayəndələri bu barədə açıq danışıblar.

 

Belə çıxır ki, Avropa İttifaqının taleyi ilə bağlı fikirlər qeyri-müəyyəndir. Hətta Qərbdə belə bununla əlaqədar yekdil mövqe yoxdur. Onda nəzəri olaraq Aİ-nin geosiyasi yolayrıcında olduğunu deyə bilərik. Təşkilat sonrakı təkamül istiqamətini dəqiqləşdirməli və onun əsasında özü üçün optimal olan transformasiya üsulunu seçməlidir. Həmin məsələdə hansısa qəti qərarın olduğu barədə informasiya yoxdur.

 

Bu halda başqa sual meydana çıxır: Brüssel belə bir vəziyyətdə hansı genişlənmə strategiyasından danışa bilər? Mütəxəssisləri də problemin məhz bu aspekti daha çox düşündürür. Onlar Aİ-ni bu addımı atmağa hansı faktorların təhrik etdiyini aydınlaşdırmağa çalışırlar. Vəziyyəti mürəkkəbləşdirən daha bir faktor kimi Qərbi Balkan dövlətlərinin özlərinin inkişaf fərqlərini və bir sıra daxili ziddiyyətlərini göstərirlər.

 

Belə ki, Serbiya və Monteneqro nisbətən inkişaf edib, qalanları isə xeyli geridə qalıblar. Bundan başqa, həmin ölkələrə Aİ üzvləri arasında münasibət birmənalı deyil. Məsələn, Yunanıstan "Makedoniya" adlı dövləti qəbul etmir. Bununla bağlı son zamanlar Afinada geniş etiraz mitinqləri də təşkil edilmişdi. Yunanlar Makedoniyanın Yunanıstan torpağı olduğunda israrlıdırlar. Türkiyə isə məhz Makedoniya adı ilə həmin dövləti tanıyıb.

 

Beynəlxalq hüquqa aid olan başqa belə ziddiyyətlər də var. Ancaq bunları nəzərə almadan Brüssel Qərbi Balkanlarda olan həmin altı dövləti öz sıralarına qatmaq niyyətini bəyan edib. Özü də bunu rəsmi strateji sənədində göstərib.

 

Problemin konkret aspektlər üzrə təhlilinə keçməzdən öncə, geosiyasi aspektdə çox mühüm olan bir məqamı vurğulamaq gərəkdir. Aİ bu addımı ilə əsas olaraq siyasi və geosiyasi dinamikaya üstünlük verdiyini nümayiş etdirir. Yəni təşkilatın genişlənməsini onlar adətən demokratiya, iqtisadi infrastrukturun inkişafı, liberal dəyərlərə əməl edilməsi, insan haqlarının qorunması kimi amillərlə əlaqələndirirdilər.

 

Məsələn, Türkiyə ilə bağlı həmişə bu kimi bəhanələri irəli sürürdülər və bu, indi də davam edir. Reallıq ondan ibarətdir ki, altı Balkan dövlətini bir yerə yığsan, yekun halında yuxarıda vurğulanan faktorlar üzrə Türkiyənin nailiyyətlərinin heç yarısına çatmadıqlarını görə bilərik. Bunlar, ümumiyyətlə, müqayisə olunan məsələlər deyil. Lakin Brüssel Türkiyəyə "yox" deyir və hətta üzvlüyün mümkün olmayacağından bəhs edir, lakin altı Qərbi Balkan ölkəsini özünə qatmağı strateji niyyətlərindən biri kimi bəyan edir.

 

Deməli, məsələ nə demokratiya, nə də insan haqları ilə bağlıdır. Brüsselin başqa qayğıları var. Ona görə də oxşar situasiyalarda fərqli addımlar atmaqdadır. Bunu isə bütün dünya görür və uyğun nəticə çıxarır. Konkret desək, Brüsselin Qərbi Balkanlarla əlaqədar müəyyənləşdirdiyi strategiya real hüquqi, mənəvi, iqtisadi, maliyyə, enerji və başqa faktorlara deyil, sırf siyasi və geosiyasi planlara əsaslanır. Burada isə təşkilatın mahiyyəti və perspektivləri ilə bağlı tamamilə fərqli kriteriyalardan bəhs etmək lazım gəlir. Onların üzərində dayanmaq üçün Aİ-nin bu cür genişlənmə prosesinin bir sıra aspektlərini analiz etmək vacibdir.

 

Genişlənmə strategiyası: reallıq və ziddiyyətlər

 

Hər şeydən əvvəl bu, yuxarıda vurğuladığımız kimi, təşkilatın "iki sürətli Avropa"ya çevrilməsi deməkdir. Həmin modelin Aİ-ni nə dərəcədə inkişaf etdirəcəyi sual altındadır. Çünki burada ziddiyyətlər az deyil (2). Brüssel rəsmilərinin özləri də bu prosesdən danışarkən vurğulayırlar ki, altı dövlətdən yalnız ikisi potensial olaraq hazırdırlar, digərləri isə "səy göstərməlidirlər", yəni heç hazır deyillər. Bu məqam Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Hannın Avropa Parlamentinin sessiyasında strategiya ilə bağlı dediklərində ifadə olunub (2).

 

Sənəddə isə açıq yazılır ki, Avropa İttifaqına daha çox Serbiya və Monteneqro yaxınlaşıb. Onlar 2025-ci ildə təşkilata üzv ola bilərlər. Deməli, söhbət konkret praktiki fəaliyyətdən getmir, qarşıya qoyulan niyyətdən, strateji məqsəddən gedir. "Aİ-yə daxil olmaq texniki prosesdən daha böyük hadisədir. Bu, fundamental dəyərlərə əsaslanan nəsil seçimidir ki, hər bir ölkə xarici siyasət kursundan başlayaraq şagirdlərin təliminə qədər nələri dəyişmək lazım gəldiyini aktiv surətdə dərk etməlidir" (3).

 

Bunun üçün də baxmayaraq ki, "Qərbi Balkan ölkələrinin öz gələcəklərini Avropa İttifaqı ilə birmənalı və möhkəm bağlamaq üçün tarixi imkanlar pəncərəsi açılıb", "onların özləri qətiyyətli davranmalıdırlar" (3).

 

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker də 2017-ci ilin sentyabrında demişdi ki, "əgər biz öz sərhədlərimiz ətrafında sabitlik görmək istəyiriksə, Qərbi Balkan ölkələrini üzv etməliyik", ancaq onların heç biri buna hazır deyil və Avrokomissiyanın indiki fəaliyyətdə olan tərkibinin mandatının başa çatmasına qədər hazır olacaqlarını demək çətindir (bu müddət 2019-cu ilin sonunda bitir). Buna baxmayaraq, J.-K.Yunker də hesab edir ki, "gələcəkdə Aİ üzvlərinin sayı mütləq 27-dən çox olacaq" (4).

 

Bunlar Avropa Komissiyasının rəsmi sənədlərində də öz ifadəsini tapıb. Konkret olaraq Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyü aspektində onları üç səviyyəyə bölüblər. Birincidə daha çox inkişaf etmiş Serbiya və Monteneqro, ikincidə Brüssellə danışıqların başlanğıcında olan Albaniya və Makedoniya, üçüncüdə isə "potensial namizədlər" Kosovo və Bosniya və Herseqovinadır (5).

 

Bu zaman ayrıca vurğulanır ki, həmin altı ölkə hüquqi dövlət quruculuğunda, rəqabətə davamlı iqtisadiyyatın inkişafında, regional əməkdaşlığı inkişaf etdirmək istiqamətində və sülh mövqeyində irəliləyiş əldə etməlidirlər. Bir sözlə, əsas meyarların heç birinə uyğun deyillər. Deməli, səbəb kimi yalnız geosiyasi və siyasi məqsədlər qalır.

 

Onların sırasında Aİ-nin öz simasını qorumaq cəhdini qeyd etmək olar. Çünki ənənəvi olaraq Avropa İttifaqı özünü beynəlxalq aləmdə aktiv rol oynayan aktor kimi göstərib. Özünü dünyanın böyük geosiyasi güclərindən biri kimi aparıb və daim fəallıq nümayiş etdirib. Cəmi bir neçə il əvvəl Aİ-yə müxtəlif regionlarda yaranan münaqişələri həll edə bilən təşkilat kimi baxırdılar. Avropa İttifaqı ən uzaq regionlara belə yardım edər və əlaqə yaradardı. Ancaq Aİ daxilində miqrasiya, milli-dövlətçilik identikliyinin saxlanması və "Brexit" məsələsi ilə bağlı diskussiyaların kəskinləşməsi təşkilatın xarici siyasətdəki fəallığına maneələr törətməyə başladı. Görünür, Brüssel bu itkini bərpa etmək niyyətindədir.

 

Başqa məqam kimi Amerikanın milli təhlükəsizlik strategiyasında Balkanlarda hərbi-siyasi mövqelərin gücləndirilməsi ilə bağlı müddəa yer alıb. Bunu Brüssel öz nüfuz dairəsinə kənardan olan müdaxilə kimi qiymətləndirir. Həm də nəzərə alır ki, Avropa təhlükəsizlik məsələsində ABŞ-dan asılılığını azaltmalıdır. Burada isə fərqli durum yaranır – Vaşinqton Balkanlara daha çox təsir gücünə malik olmaq niyyətindədir. Ona görə də Aİ konkret addım atmağa məcbur qalıb.

 

Geosiyasi nüfuzla bağlı olan başqa faktor kimi ekspertlər Balkanlarda bir neçə dövlətin öz təsir gücünü artırmasını göstərirlər. Ştir Qabor bu bağlılıqda yazır: "Onu da unutmaq olmaz ki, keçən illər ərzində regionda (Balkanlar nəzərdə tutulur – müəllif) Rusiya, Türkiyə, Çin və həmçinin Səudiyyə Ərəbistanının təsiri hiss ediləcək dərəcədə artıb ki, bu da tarixi, geosiyasi səbəblərlə və mədəniyyət yaxınlığı ilə izah olunur" (6).

 

Onda belə məlum olur ki, Aİ-nin Qərbi Balkan ölkələri ilə bağlı siyasəti daha çox ABŞ, Rusiya, Türkiyə, Çin və Səudiyyə Ərəbistanının həmin regionda fəallaşması ilə bağlıdır. Buradan bir əhəmiyyətli qənaət əldə etmək olar: yaxın perspektivdə Balkanlar aktiv geosiyasi mübarizə meydanına çevrilə bilər. Bu baxımdan Aİ-nin oradakı davranışı digər geosiyasi oyunçulardan zərrə qədər də fərqlənmir və bütövlükdə region dövlətləri üçün gərginlik mənbəyidir.

 

Bu məqamda rusiyalı alim Tatyana Romanovanın bir fikri ilə razılaşmaq lazım gəlir. O, müsahibələrinin birində vurğulayıb ki, Brüsselin Qərbi Balkan siyasəti Aİ-nin köhnə siyasi kursu reallaşdırmasını və "Brexit"dən sonra həyat qabiliyyətli olmasını nümayiş etdirmək cəhdidir (6).

 

Bu kontekstdə Almaniyanın "Die Welt" qəzetinin də maraqlı bir qeydi vardır. Orada yazılır ki, Aİ 2003-cü ildən Qərbi Balkan ölkələrini öz sıralarına qatmağa çalışır. O dövrdə təşkilat güclü idi və başqa regionlara da "genişlənmə vasitəsi ilə sabitliyi ixrac edə bilərdi" (7).

 

Qəzet davam edərək ayrıca qeyd edir ki, bu siyasət yanlış idi və əvvəlcədən Aİ-yə qonşu olan dövlətləri islahatlar yolu ilə sabit və demokratik ölkə halına gətirmək lazım idi. Lakin müəllif Aİ-nin geri çəkilməsini deyil, daha da fəallaşmasını tövsiyə edir. Məqalədə deyilir: "Avropalılar imkan daxilində daha çox sürətlə öz nüfuzlarını artırmalıdırlar..." (7).

 

Maraqlıdır ki, Qərb analitikləri bütün bu prosesdə Bolqarıstanın xüsusi rol oynadığını da vurğulayırlar. Məsələnin məhz Bolqarıstanın Aİ-də sədrliyi dövründə aktuallaşdığını deyirlər. Qərbi Balkanlara Aİ-nin diplomatik həmləsində bu il mayın 17-də növbəti Aİ-Qərbi Balkan sammitinin keçirilməsinin ayrıca yer tutduğunu ifadə edirlər (ilk sammit 2003-cü ildə keçirilmişdi). Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva aradan bu qədər vaxt keçməsindən təəssüfləndiyini bildirib və Avropa İttifaqının daha çox aktivlik göstərməsini arzulayıb (8).

 

Nəhayət, onu vurğulayaq ki, Aİ-nin öz daxilində Qərbi Balkan ölkələrinin üzv qəbul edilməsi ilə bağlı yekdil mövqe yoxdur. Əgər Fransa və ya İtaliya bu məsələyə isti yanaşırsa, Almaniya tamamilə fərqli mövqedədir. Berlin hesab edir ki, genişlənmə prosesi dayandırılmalıdır. Bu isə o deməkdir ki, yaxın perspektivdə Qərbi Balkan ölkələrinin real olaraq təşkilata daxil olması məsələsi inandırıcı deyil.

 

Bütün bunlardan belə nəticə çıxır ki, Aİ-nin Balkan siyasəti sırf geosiyasi faktorlarla bağlıdır və reallığa uyğun deyil. Avropa ölkələri həmin bölgədə başqa geosiyasi güclərin fəallaşmasından narahatdır və dünyada getdikcə azalan nüfuzunu bərpa etmək üçün müəyyən addımlar atmağa çalışır. Eyni zamanda, təşkilat özünün dağılma ehtimalını azaltmağa cəhd edir. Belə ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsi "domino effekti" yarada bilər. Bunun qarşısını almaq üçün təşkilatı daha cazibədar göstərməyə başlayıblar.

 

Təbii ki, Avropa İttifaqının gələcəyi baxımından bunlar əhəmiyyətlidir. Ancaq reallıq və həqiqi imkanlar başqa məsələdir. Onların isə Aİ-nin nə dərəcədə xeyrinə olduğunu zaman göstərəcək.

 

Kamal Adıgözəlov

Newtimes.az

Ədəbiyyat

 

1) Communication from the commission to the European Parliament, the council, the European economic and social committee and the committee of the regions. A credible enlargement perspective for and enhanced EU engagement with the Western Balkans/ European Commission, Strasbourg, 6.2.2018//https://ec.europa. Eu/ commission/sites/beta-political/files/communication-credible-enlargement-perspective-western-balkans_en.pdf

 

2) Пётр Искендеров. Евросоюз заманивает Западные Балканы/İnteraffairs.ru, 09.02. 2018//https:// interaffairs.ru/news/show/ 19297

 

3) Communication from the commission to the European Parliament…A credible enlargement perspective for and enhanced EU engagement with the Western Balkans/ European Commission, Strasbourg, 6.2.2018 // https:// ec.europa. Eu/commission/sites/beta-political/files/communicatio-credible-enlarge ment-perspective-western-balkans_en.pdf

 

4) Георгий Макаренко. Плюс два: Сербия и Черногория могут стать членами ЕС в 2025 году / РБК: https://www.rbc.ru/politics/06/02/2018/5a7976f39a794740f bc 08a76

 

5) Габор Штир. Спасаясь бегством: зачем Европейскому Союзу интеграция Западных Балкан / Валдай, 19-20,02.2018// http://ru.valdaiclub.com/a/highlights/spasayas-begstvom-zachem-es-balkany/

 

6) Стабилизация Западных Балкан: «Фантомная боль» Европейского Союза / http://ru.valdaiclub.com/a/highlights/stabilizatsiya-zapadnykh-balkan/.

 

7) Von Christoph B. Schiltz. EU oder Putin – wer bekommt den Westbalkan? / Die Welt, 06.02.2018 // https://www.welt.de/debatte/ kommentare/article173281086/Beitrittsgespraeche-EU-oder-Putin-wer-bekommt-den-Westbalkan.html

 

8) Nassim N.T. Brussels’ new Balkan strategy: Tough love / https://www.politico. eu/article/europe-balkan-membership-new-strategy-tough-love/




Ana səhifəyə qayıt        Baxış: 965          Tarix: 12-03-2018, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma