Xəbər lenti

 

 Kamran Məhərrəmli

NUH.az-ın baş redaktoru  

 

Əziz  gənclər ..!!!

Siz  artıq  müstəqil  həyata  qədəm qoymusunuz, ilk dəfədir seçkidə iştirak edəcəksiniz. 

Sizin hər biriniz sabahın Nizamisi, Şekspri, Üzeyir bəyi, Eynşteyni, Şəhriyarı ola bilərsiniz. Ancaq dünya təcrübəsi və əsrlər boyu xalqımızın başına gələn faciələr  onu göstərir ki, 5-6 dahinin “özünü yandırması” ilə cəmiyyət işıqlana, qaranlıqlar aydınlığa çıxa bilməz.

Əziz dostlar!

Dahilik Tanrı seçimidir, sizlər gələcəkdə dahi alim, məşhur bəstəkar, böyük yazıçı olmaya da bilərsiniz, ancaq əsl vətəndaş  olmaq sizin müqəddəs borcunuzdur.

Sizlər vətəni ancaq könüllə deyil, həm də ağılla sevməlisiniz. Vətən təkcə “durnagözlü bulaqlar”, “əcdadımızın mədfəni, övladımızın məskəni”, yaxud “saya gəlməyən neft buruqları” deyil. Vətən həm də və ən əsası, bizim bir millət olaraq siyasi hüquqlarımızın nəhayət öz əlimizdə olduğu və bu hüququn dünya tərəfindən tanındığı məkandır. Bu hüquqdan necə istifadə etmək isə artıq özümüzdən asılıdır.

 

Əziz dostlar!

 

Sizlər  artıq  seçici yaşına çatmısınız,  seçib-seçilmək hüququ əldə etməklə dövlətimizin bərabərhüquqlu vətəndaşına çevrilmisiniz. Seçib-seçilmək hüququ təkcə sizin özünüzlə, dövlətimizin gələcəyi ilə bağlı deyil. Seçib-seçilmək hüququna münasbət həm də mütərəqqi bəşəriyyətə, insanlığın tarixnə olan münasibətdir. Çünki bəşəriyyət bu hüquq uğrunda yüz illər boyu  mübarizə aparıb və ancaq XX əsrin əvvəllərində ən inkişaf etmiş xalqlar bu hüquqdan istifadə etməyə başlayıblar və faydasını da görürlər. Sizlər həm də bu yolda həyatını qurban vermiş yüz minlərin ruhuna, bəşəriyyətin keçdiyi yola hörmət olaraq seçki hüququna laqeyd olmamalı və seçkilərdə aktiv iştirak etməlisiniz. 

Əziz dostlar!

 

Əlbəttə, sizlərin seçkidə iştirak etməmək hüququnuz da var; necə ki, səhərlər üzünüzü və dişlərinizi yumaya da bilərsiniz, sizi buna heç kim məcbur edə bilməz. Ancaq səhərlər üzünüzü və dişlərinizi yumağınız sağlamlığınızın qayğısına qalmaqla bərabər, həm də içərisində “nəfəs-nəfəsə” yaşadığınız cəmiyyətin birgəyaşayış qaydalarının tələbidir. Sizlər seçkidə aktiv iştirak etməklə həm də yeni üzv olduğumuz  sivil dünyanın  normalarına etiramla yanaşmış olursunuz.

Əziz dostlar!

 

Həqiqi mömin məscidə, kilsəyə necə inam və etiramla girirsə, siz müasir gənclər də seçki evlərinə eləcə inam və etiramla girin və unutmayın ki, “Xalqın səsi Allahın səsidir”. Və müasir dövrün fəlsəfəsi budur. Sizlər Avropanın kompüterinə, internetinə, “Mercedes”inə sahib olduğunuz kimi dəyərlərinə də yiyələnməlisiniz.

Çox təəssüf ki, həmvətənlərimizin xeyli hissəsi  passivdir, öz hüquqları uğrunda mübarizə aparmır, seçib-seçilmək hüququna laqeyd yanaşır, “mən səs verməsəm guya dünya dağılacaq”, yaxud “mən səs versəm guya dünya düzələcək” düşüncəsindən qurtula bilmirlər. Bunun əsas səbəblərindən biri valideynlərimizin az qala 70 il sovet rejimində yaşamalarıdır. Həmən rejimdə hər şey yuxarıdan həll olunduğu üçün xalqın seçkidə iştirakı və seçki özü bir görüntü-tamaşa idi. Bu günkü passivliyin, laqeydliyin, seçki saxtakarlıqlarının çoxu keçmiş dövrün mirasıdır. Biz bundan qurtulmalıyıq və siz gənclər hər şeyin, bəlkə də ölkənin gələcək taleyinin ancaq və ancaq sizin bir səsinizdən asılı olduğu düşüncəsinə sahib olmalısınız. Əks halda biz yüz illər boyu uğrunda mübarizə apardığımız müstəqilliyimizi yenidən itirə bilərik...

 

Əziz gənclər!

 

Dövlətin gücü onun yeraltı və yerüstü sərvətlərindən, enerji mənbələrindən daha çox xalqın, o cümlədən siz gənclərin aktivliyindən, təşəbbüskarlığından, enerjisndən asılıdır.

Bütün sərvətlər, enerji mənbələri nə vaxtsa tükənəcək, xalqın enerjisi isə tükənməzdir.

Müasir dövlət quruculuğunda xalqın və siz gənclərin iştirakı isə ancaq və ancaq demokratik seçkilər yolu ilə mümkündür. Başqa bir yol yoxdur, bu aksiomadır.

Unutmayın ki, dövlətimizin sərhəddini qorumaq necə müqəddəs işdirsə, vətəndaşın öz səsini qoruması da elədir...

Əziz gənc  həmvətənlər!

 

Seçkiyə getməklə dövlətimizin quruculuğunda iştirak edin.

Onda dövlətdən nəsə tələb etməyə həm də mənəvi haqqınız olar: SƏS  VER   və  TƏLƏB ET!




Ana səhifəyə qayıt        Baxış: 812          Tarix: 18-03-2018, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma