YAP-ın 700 minə yaxın üzvü var. Azərbaycan başbilənlərinin bütün respublika əhalisini ucdantutma hakim partiya üzvünə çevirmək siyasəti dəfələrlə xoşagəlməz nəticələr verib. Bu partiyanın üzvü olan nə qədər dələduz, cinayətkar elə mövcud hakimiyyətin özü tərəfindən ifşa olunaraq həbsə atılıb. Nə qədəri barədə indinin özündə də ən müxtəlif ittihamlar səsləndirilir. Məhz bu səbəbdən də YAP adı eşidəndə Azərbaycan ictimaiyyətinin gözündə korrupsioner dövlət məmuru obrazı canlanır.
Amma sən demə, Azərbaycanın ən kasıb ailələri də YAP üzvləri imişlər. Bir tikə çörək niyyətinə bu partiyanın sıralarına girənlərin ümidləri isə əksər vaxtlarda elə ümid olaraq da qalır.
Ovqat.com saytının elektron ünvanına məktub göndərən Göyçay rayonu Xəlitli kənd sakini Fətəliyev Gülməmməd Piri oğlu da ümidi doğrulmayan YAP-çılardandır.
Yazdığına görə, kənddə bir otaqlı evdə 3 ailə üzvüylə birlikdə yaşayan Gülməmməd bəy sosial şəraitsizlik ucbatından ağır xəstəliklərə düçar olub. Ailənin digər fərdlərinin də səhhəti ürəkaçan deyil. Bu da azmış kimi, nə özü, nə də yoldaşı iş tapa bilmir. Yaşadıqları evin qəzalı vəziyyətdə olması ailəni hər gecə yatarkən kəlmeyi-şəhadət gətirməyə vadar edir. Gülməmməd Fətəliyevin başına çarə qılmaq üçün üz tutmadığı, məktub yazmadığı ünvan qalmayıb. Amma onun səsini heç Göyçayın icra hakimiyyətində də eşidən yoxdur. Hətta köhnə, atılmış tikinti materialları belə bu YAP-çı ailəsinə çox görülür.
Əli hər yerdən üzülən ailə başçısı öz dərdini YAP-ın sədr müavini, I vitse-pezident Mehriban xanım Əliyevaya ərz etmək niyyətilə redaksiyamıza da məktub göndərib. Biz də saytımıza bəslənən bu son ümidi qırmamaq üçün Gülməmməd bəyin şikayət mətubunu dərc edirik: Ümidvar olmaq istəyirik ki, ailənin səsi eşidiləcək və bu xeyirxah işdə bizim də kiçik bir qatqımız olacaq.
“Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Göyçay rayonu Xəlitli kənd sakini Yeni Azərbaycan Partiyasının üzvü Fətəliyev Gülməmməd Piri oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Mehriban xanım!
3 nəfəlik ailəmlə birlidə Göyçay rayonu Xəlitli kəndində qəzalı vəziyyətdə olan yararsız evdə təhlükə altında yaşayırıq. Hər axşam kəlmeyi-şəhadətimizi deyib yatırıq ki, yuxuda olan zaman ev uçarsa, ölə bilərik.
Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış otaqların içinə yağır. Bu səbəbdən də evimiz daha da yarasız və qəzalı vəziyyətə düşür.
Bir otaqlı evimi köhnə tikinti materialı ilə tikmişdim. Buna görə də qısa zaman ərzində yararsız vəziyyətə düşdü. Himayəmdə olan azyaşlı məktəbli qızım evə qorxa-qorxa daxil olur ki, hər an uça biləcək divarların, dam örtüyünün altında qala bilər.
Evimizə yağış suları yağdığı üçün özüm də, həyat yoldaşım da, azyaşlı qızım da xəstəliyə düçar olmuşuq. Bəlkə də Azərbaycanda ikinci belə acınacaqlı vəziyyətdə yaşayan ailə yoxdur. Ailəmizdə heç kəs işləmir. Çıxılmaz vəziyyətdə qalmışıq.
Qəzalı vəziyyətdə olan evimizin təmir edilməsinə köməklik göstərilməsi üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda dəfələrlə olmuşam, ərizələrlə müraciətlər etmişəm, ancaq heç bir faydası olmayıb. İcra hakimiyyəti başçısı qəbulda mənim evimin təmir edilməsi üçün işlənmiş köhnə tikinti materialları veriləcəyini desə də əməl etmir. Mehdi Səlimzadə Göyçayda demək olar ki, heç bir əməli iş görmür, sakinlərin problemlərinin həlli istiqamətində laqeyidlik göstərir. Bütün bu çətinliklərə dözülməz yaşam tərzinə baxmayaraq, yenə də ümüdümüzü üzməmişik, ona görə ki, Azərbaycanın Mehriban Əliyeva kimi humanist, mərhəmətli və qayğıkeş birinci vitse-prezidenti var. Sizin mərhəmətiniz, diqqət və qayğınız nəticəsində minlərlə yoxsul ailənin mənzil şəraiti yaxşılaşdırılmış normal qaydada yaşayırlar.
Özüm Yeni Azərbaycan Partiyasının üzvüyəm və buna görə fəxr edirəm. Çünki bu partiyanı Azərbaycan xalqının xilaskarı Ümummilli Liderimiz Heydər Əliyev yaradıb. Dahi Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizdə əmin-amanlıq, sabitlik yarandı, insanlar xoşbəxt yaşamağa başladılar. İnanıram və ümüd edirəm ki, Sizin köməkliyinizlə mən də ailəmlə birlikdə xoşbəxt yaşayacam. Çünki Azərbaycan Respublikasının İlham Əliyev kimi qayğıkeş, ədalətli Prezidenti və Sizin kimi mərhəmətli, humanist birinci vitse-prezidenti var.
Hörmətli Mehriban xanım! Sizdən çox-çox xahiş edirəm, Sizə yalvarıram; ailə vəziyyətimizi qəzalı evdə yaşamağımızı nəzərə alıb mənzil şəraitimizin yaxşılaşdırılması üçün bizə yaxından köməklik edəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.
Əlaqə telefonu; (051) 775-30-81
İmza; Fətəliyev Gülməmməd Piri oğlu”
Paylaş: