Xəbər lenti

 

"Bu gün türk dövlətləri müstəqil olarsa, onların hamısının maraqları tələb edir ki, həm Türk Birliyi, həm də "Türk NATO-su" yaransın"

"Cənubi Azərbaycan, eləcə də Türkiyə türklərinə və dünyanın digər ölkələrində yaşayan soydaşlarımıza xüsusi statuslu viza tətbiq edilməlidir"

Budəfəki sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə türk dünyasının bir araya gəlmə perspektivləri, Türk Konfederasiyasının reallaşdırılma yolları, Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməməsinin səbəbləri, o cümlədən "Türk NATO-su"nun formalaşdırılması üçün zəruri olan tədbirlər və digər mühüm məsələlərlə bağlı söhbətləşdik.
(əvvəli bu linkdə:http://muxalifet.az/biz-azrbaycanin-turkiy-il-birlikd-yeni-tsir-dairsi-yaratmasini-istyirik.html)
- Sərdar bəy, belə təklif irəli sürülür ki, Azərbaycanla Türkiyə arasında sərhəd və gömrük-keçid prosedurları maksimum sadələşdirilməli, viza rejimi ləğv edilməlidir. Bildiyiniz kimi, viza rejiminin ləğv edilməsi ilə bağlı uzun müddətdir ki, danışıqlar gedir, lakin hələlik konkret nəticə əldə olunmayıb. Sizcə, bunun səbəbi nədir?

- Bunun bir çox səbəbləri var. Birincisi, Azərbaycanla Türkiyəni müqayisə etsək, Azərbaycan İstanbulun yarısı boydadır. Belə ki, Azərbaycanın 10 milyon, İstanbulun isə 17 milyon əhalisi var. Türkiyənin ümumilikdə 80 milyon əhalisi var. Qardaş ölkə iqtisadiyyatına görə, bizdən 100 dəfə böyükdür. Təkcə turizm sektorundan gələn gəlir Azərbaycanın 2 illik dövlət büdcəsi qədərdir. Odur ki, əgər biz 80 milyon əhalisi olan, güclü iqtisadiyyata malik ölkə ilə vizasız gediş-gəliş imkanı yaradarıqsa, o zaman Azərbaycanın daxilinə nəzarət etmək imkanı olmaz. Məsələn, əgər yarım milyon insan ölkəyə daxil olsa, onda Azərbaycan iqtisadiyyatı çökə bilər. Çünki təchizatımız o qədər zəifdir ki, ərzaq və digər önəmli məhsullar ancaq əhalinin tələblərini ödəyir. Əgər biz mövcud şəraitdə viza sistemini ləğv edib, buranı açıq zona elan etsək, o zaman ciddi çətinliklərlə üzləşə bilərik. Ümumiyyətlə, azad iqtisadi zonalarla bağlı elə şərtlər qoyurlar ki, xaricdən gələnlər həmin ölkənin inkişafına səbəb olurlar. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilsə, Azərbaycan iqtidarının ölkənin daxilinə nəzarət etmək imkanı olmayacaq. Ona görə ki, viza rejiminin ləğvindən sonra Türkiyədə olan separatçı qüvvələr, o cümlədən ermənilər və digərləri Azərbaycana gəlib, burda daha ciddi problemlər yarada bilərlər. Bildiyiniz kimi, Cənubi Azərbaycanda 40 milyon soydaşımız, qardaşımız olsa da, İranla da vizasız gediş-gəliş yoxdur. Çünki viza rejiminin ləğvindən sonra İrandan da eyni təhlükə gələ bilər. Bir daha qeyd edirəm ki, Azərbaycan hökuməti 80 milyonluq Türkiyədən, 90 milyonluq İrandan milyonlarla insanın ölkəmizə vizasız gəlişinə şərait yarada bilməz. Ona görə ki, ölkə - Azərbaycan həddən artıq kiçik, nəzarət və təchizat da bir o qədər zəifdir. Deyə bilərlər ki, Avropada bir sıra dövlətlərdə vizasız gediş-gəliş mövcuddur. Məsələ ondadır ki, onların ən kiçiyinin dövlət büdcəsi Azərbaycanın dövlət büdcəsindən 10 dəfə çoxdur. Məsələn, Estoniya, Baltikyanı ölkələri, eləcə də Avropanın digər kiçik dövlətlərində əhali Azərbaycanın əhalisindən az olsa da, onların dövlət büdcəsi bizdən 20 dəfə çoxdur.
Ümumiyyətlə, bu məsələdə iqtisadi sistemləri, dünya görüşü və digər mühüm məqamları nəzərə almaq lazımdır. Azərbaycan hələ tamamilə bazar iqtisadiyyatına keçməyib, vətəndaşlarda hələ də xüsusi mülkiyyətçilik şüuru formalaşmayıb. Bundan başqa, Azərbaycanda hələ də yeni iqtisadi sistem, yeni əxlaqi dəyərlər və yeni siyasi münasibətlər tam formalaşmayıb. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan viza sistemini ləğv etmək əvəzinə, prosedurları bir qədər yüngülləşdirə bilər. Yəni Cənubi Azərbaycan, eləcə də Türkiyə türklərinə və dünyanın digər ölkələrində yaşayan soydaşlarımıza xüsusi statuslu viza tətbiq edilməlidir. Məhz bu halda xaricdəki soydaşlarımız ölkəmizə sərbəst gedib-gələ, Azərbaycanla sıx əlaqələr qura və ölkəmizin maraqlarını təmsil edə bilərlər.

- Necə düşünürsünüz, bu gün Avropa Birliyi modelində Türk Birliyinin yaradılmasına nə və kimlər mane olur?

- Birinci mane olan səbəb türk dünyasının müxtəlif təsir dairəsində olmasıdır. Bildiyiniz kimi, yeni türk respublikaları SSRİ-nin dağılması nəticəsində əmələ gəlib və ruslar 300-400 il ərzində həmin ölkələrdə imperialist siyasət aparıblar. Odur ki, bu bölgələr Rusiyanın maraq dairəsindədir. Yəni Türk Birliyinin qurulmasının qarşısında duran birinci maneə Rusiyadır. İkinci maneə isə Çindir. Məlumunuzdur ki, Şərqi Türküstan Çinin ərazisindədir. Şərqi Türküstan xalqlarının bir qismi özbəklər, bir qismi qazaxlar, bir qismi uyğurlar və digərləridir. Bu dövlətlərin güclənməsi isə Çin üçün bir təhdiddir. Ona görə də Çin türk dünyasının birləşməsində marağı olmayan güclərdən biridir. Üçüncü səbəb isə türk dövlətlərinin siyasi rejimləridir. Məsələn, Türkiyə demokratik, ən uzaqdakı Özbəkistan isə avtoritar ölkədir. Sözügedən ittifaq o zaman baş verər ki, həmin ittifaqa daxil olan dövlətlərin hamısı eyni siyasi statusda olsun. Məsələn, Avropa Birliyi Türkiyəni qəbul etmir, lakin özləri birləşiblər. Çünki Avropa Birliyində təmsil olunan dövlətlərin hamısı eyni dəyərləri bölüşür, eyni qanunvericiliyə və dünya görüşünə malikdirlər. Lakin Türkiyə onlardan fərqli dünya görüşünə, fərqli əxlaqa və iqtisadi həyat tərzinə malik olduğuna görə onu Avropa Birliyinə qəbul etmirlər. Eləcə də Türk Birliyinin özündə bu problem var. Hesab edirəm ki, Türk Birliyini yaratmaq üçün iki vacib şərt lazımdır. Birincisi, türk dövlətlərinin hamısı eyni sosial-iqtisadi formaya keçməlidir. Yəni demokratiya, ədalətli seçki, xalq hakimiyyəti, insan hüquq və azadlıqları təmin olunmalıdır. İkincisi, Rusiya və Çinin təsirindən xilas olmaq, ən azından bunu zəiflətmək lazımdır. Yalnız bu halda Türk Birliyini yaratmaq çox asan olar.

- Sizcə, Türkmənistan nədən digər türk dövlətləri ilə bir qədər məsafəli davranır, onlarla yetərincə qaynayıb-qarışmır?

- Türkmənistan türk dövlətləri arasında ən az əhalisi olan, lakin ən güclü potensialı olan dövlətdir. Yəni əhalisi az, neft və qazı zəngin, coğrafiyası isə olduqca kasıb ölkədir. Ona görə də Rusiya tərəfindən Türkmənistana təhdid var. Ümumiyyətlə, Rusiya hələlik keçmiş SSRİ respublikalarının tam suveren və müstəqil dövlət kimi mövcud olmalarına imkan vermir. Balkityanı ölkələri çıxmaq şərtiylə, bütün keçmiş SSRİ respublikalarının suverenlikləri məhduddur. Çünki Rusiya bu və başqa şəkildə həm xarici siyasətlərinə, həm də iqtisadi əlaqələrinə təsir edir. Məsələn, uzun müddət Otra Asiya karbohidrogen yataqlarının istismarı, yəni Xəzərin dibindən xəttlərin çəkilib Azərbaycandan Avropaya axıdılmasıyla bağlı danışıqlar gedir. Amma Rusiya buna razılıq vermədiyi üçün Qazaxıstan, Türkmənistan və Özbəkistan neft-qazını bu xəttlə aparmaq hələ də mümkün olmayıb. Yəni Rusiya türk dünyasının birləşməsinə əngəl olur, o cümlədən təhdid etdiyinə görə Türkmənistan bir qədər ehtiyatlı davranır. Bundan başqa, Türkmənistan bitərəflik statusuna malikdir. Bu səbəbdən də ordu saxlamır. Bu da beynəlxalq hüququ görə Türkmənistanı Rusiya və ordusu olan digər dövlətlərin işğalından bir növ xilas edir. Bu baxımdan, Türkmənistanın yaradılacaq hər hansı hərbi ittifaqda iştirakı mümkün deyil. Yəni türk dövlətləri birlikdə hansısa hərbi güc ortaya qoymaq istədikdə belə, Türkmənistan orda olmayacaq. Çünki bu ölkə rəsmi şəkildə bitərəflik statusuna malikdir.

- Sərdar bəy, bu gün "Türk NATO-su"nun yaradılması üçün zəmin varmı?

- Əslində bu gün türk dövlətləri müstəqil olarsa, onların hamısının maraqları tələb edir ki, həm Türk Birliyi, həm də "Türk NATO-su" yaransın. Hətta "Türk-İslam NATO-su" da yaradıla və digər İslam dövlətləri də bura qoşula bilər. Lakin uzun illərdir ki, müsəlman dünyasının böyük əksəriyyəti xritian imperialistlərinin əlində oyuncağa çevrilib. Belə ki, Afrika müsəlmanları Fransa, ABŞ və İngiltərənin, Yaxın Şərq ölkələri ABŞ-ın təsir dairəsindədir. Bu səbəbdən də imperiyaların maraqları toqquşduğu kimi, onlara tabe olan müsəlman dövlətlərinin də maraqları bir-birinə ziddir. Məsələn, bu gün Səudiyyə Ərəbistanı Türkiyə ilə düşmən kimidir. Çünki Türkiyənin İsrail və ABŞ-la münasibətləri soyuq olduğu üçün Səudiyyə Ərəbistanı da düşmən mövqeyində dayanır. Lakin ABŞ-la Türkiyə münasibətləri yaxınlaşan kimi Səudiyyə Ərəbistanı da dərhal Türkiyənin yanında durur. Ona görə ki, Səudiyyə Ərəbistanı və Misir ABŞ-ın əlində oyuncaqdır. Misir hətta Fələstin məsələsində belə, Türkiyə qədər təəssübkeşlik nümayiş etdirə bilmir. Eləcə də Rusiyanın nəzarəti altında olan türk dövlətlərinin heç biri İslam dünyasının problemlərinə ciddi şəkildə müdaxilə etmir, səslərini çıxarmırlar. Hətta bəzi hallarda Rusiyanın təkidiylə Qarabağ məsələsində Ermənistanın mövqeyini dəstəkləyirlər. Bu baxımdan, müsəlman dövlətləri imperialist güclərin nəzarətindən çıxmayınca onlar öz maraqlarına uyğun addım ata bilməzlər.




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 4-10-2018, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma