Eynulla haqqında illər öncə yazmışdım... Daha doğrusu, onun Azərbaycan dövlətçiliyinə qarşı böhtanlarına cavab vermişdim. Həmin yazıda Fətullayev işğala və aqressiv separatizmə məruz qalan Azərbaycanı separatizmi stimullaşdırmaqda ittiham edirdi. Daha sonra Eynullanın “Bankdan danış, bankdan” yazısının qarşılığında “Tankdan danış, tankdan” yazıb ona Dağlıq Qarabağda, bir zamanlar Azərbaycan ərazilərinin işğalı prosesində istifadə olunan tankın qarşısında çəkdirdiyi fotoşəklin tarixçəsini xatırlatmışdım. O vaxtdan bu adamın nə adını çəkmək, nə də eşitmək istəyirəm. Elə indi də istəmirdim... Toza allergiyam var.
Amma vəziyyət elədir ki, Eynulla Fətullayev öz saytında yayımladığı və sonra təkzib etdiyi bir faktla bağlı özünü təmizə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevi isə suçlu çıxarmaq üçün (S)ÖZ oyununu oynayıb.
Söhbət Qüdrət Həsənquliyevin Milli Məclisdə Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı çıxışından və Eynullanın saytında bu çıxışın təhrif olunmasından gedir. Maraqlıdır, Fətullayevin Milli Məclisin həmin iclasında öz müxbiri iştirak etdiyi halda, o, başqa bir saytın yayımladığı xəbərə və təbii ki, məqsədyönlü şəkildə istinad edib. Daha sonra Rusiyanın bir çox internet resursları Eynullanın bu təhrifini ildırım sürətilə, sanki nöqtələrinə basılıbmış kimi yayımlayıblar. Fətullayevin təkzibini isə ala-babat şəkildə bəzi saytlar verib və burada da Qüdrət Həsənquliyevin parlamentdəki məlum çıxışı olduğu kimi öz əksini tapmayıb. Eynulla Fətullayevin istinad etdiyi saytın müxbirindən fərqli olaraq, “Xalq cəbhəsi” qəzetinin əməkdaşı Qüdrət Həsənquliyevin çıxışını olduğu kimi yazıb və hətta həmin çıxışın səs yazısını redaktə prosesində dinləmişəm. BAXCP sədrinin çıxışını tamamilə təhrif ediblər, əgər belə olmasaydı Fətullayev... təkzib də verməzdi.
Məsələnin digər tərəfi isə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Qüdrət Həsənquliyevin çıxışının məhz Eynullanın saytında yayımlanan təhrif olunmuş nümunəsinə istinad edərək Azərbaycanın üvanına hədələyici fikirlər səsləndirməsidir. Zatulinin kimliyi bəllidir, bu barədə yazmağa ehtiyac duymuram. Əslində Eynullanın da kimliyi bəllidir və onun haqqında yazmağımın yeganə səbəbi odur ki, Zatulindən fərqli olaraq Fətullayev Azərbaycan vətəndaşıdır və onun bəzən guya Azərbaycanın maraqlarından çıxış etdiyini sübut etməyə, yaxud belə təqdimat verməyə çalışanlar da tapılır. Eynullanın ciddi provakasiyaya yol verdiyi ortalıqdadır. İndi o, düşürmək istədiyi halda düşdüyü bu provakasiyadan özünü, yaxud başqalarını çıxarmaq istəyir, bunu deyə bilmərəm. Amma çox bərkdən çığırmağı bəzi mətləblərə aydınlıq gətirməyə imkan yaradır.
Eynulla Fətullayev öz mahiyyətində uyğun olaraq, aşağılayıcı, təhqiramiz bir şəkildə Qüdrət Həsənquliyevlə Əli Kərimlinin müqayisəsini aparır. Amma unudur ki, nə vaxtsa “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun dəfnində Əli Kərimlinin əlindən tutub tribunaya doğru çəkən onun özü olub, Qüdrət Həsənquliyev yox. Elə Yeni Azərbayacan Partiyasının ünvanına da “yaparteid” ifadəsini Eynulla Fətullayev yazıb...
Əslində xatırladılası o qədər “boşluq” var ki, bəziləri bu boşluqların üstündən hoppanmaq üçün dünyanın ən güclü atletlərinin fiziki inkanlarına malik olsalar da yetərli olmaz. Sadəcə biz bu boşluqların yerindəki qara ləkələrin üzə çıxarılmasını zamanın öhdəsinə buraxmışıq. Önəmli olan Azərbaycanın maraqlarıdır, bütün digər, o cümlədən korporativ maraqlar isə ötəridir.
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi qəzetinin baş redaktoru
Paylaş: