İzmirdə “Star Rafineri”n açılışı mühüm hadisəsidir. Unutmayaq ki, bu Azərbaycanın xaricdə olan ən böyük sərmayələrindən biridir. Böyük bir kompleks inşa edilib və onun açılışı region üçün böyük hadisədir.
Ovqat.com bildirir ki, bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə Türkiyənin İzmir şəhərində açılışı olan “Star Rafiner” neft emalı zavodunun fəaliyyətə başlaması haqqında danışarkən deyib.
Deputatın fikrincə, zavod təkcə Azərbaycan və Türkiyə üçün yox, ümumilikdə bölgə üçün zəruri olan məhsullar emal edəcək:
“Bunu Azərbaycanın böyük uğuru kimi qiymətləndirmək lazımdır. Əslində Azərbaycan bir neçə istiqamətlərdə özünün enerji potensialını düzgün yönəldərək artıq bölgədə nüfuzlu rol oynayır. Həmçinin bu zavod iki qardaş dövlətin ortaq maraqlarına xidmət edir və bizim əməkdaşlığımız gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə səbəb olacaq”.
Asim Mollazadə xatırladıb ki, Azərbaycanın bir neçə meqalayihəsi Türkiyə üzərindən reallaşdırılıb:
“Bu layihələrin hər biri uğurlu olub. Sözsüz ki, buna səbəb Azərbaycan və Türkiyənin ortaq dəyərləri bölüşməsidir. Əlbəttə, bizim ölkələrimizin birliyi, xalqlarımızın “Bir millət, iki dövlət” düsturu ilə bu münasibətləri inkişaf etdirməsinin əsas səbəbi təkcə bizim eyni etnik və dini birliyimiz deyil, həm də ortaq dəyərlərimizdir.
Bu dəyərlər bizi sıx şəkildə birləşdirir. Azərbaycan və Türkiyə bir neçə istiqamətdə birgə hərəkət edərək dünya üçün mühüm olan strategiyanı həyata keçirir”.
Paylaş: